Məhkəmə qərarları › İş №2-1(114)-505/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-505/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-505/2020 18.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X6, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinə qarşı şəhidlik statusunun bərpa olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək mərhum qardaşı X3 şəhidlik statusu 2007-ci ildən qeyriqanuni olaraq dayandırıldığından həmin vaxtdan şəhidlik statusunun bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum qardaşı X5 xx.xx.1993-cü il tarixdə Ağdərə bölgəsində yerləşən Sərsəng su anbarının qorunması üçün xidməti vəzifəsini yerinə yetirərəkən erməni qəsbkarlarına qarşı döyüşdə qəhrəmancasına şəhid olmuşdur. xx.xx.1994-cü ildən ona şəhidlik statusu verilmiş, şəhid ailəsi üçün verilən Prezident təqaüdünü 2007-ci ilədək almışlar. Sonradan Qazax rayonunda yerləşən Hərbi komissarlıq tərəfindən Qazax rayonu Əlibayramlı kənd icra nümayəndəsinin ilkin olaraq guya mərhum qardaşı Bakı-Qazax yolunda öz işinin arxasınca gedərkən həlak olması kimi qeyd etdiyindən şəhidlik statusu dayandırılmışdır. Lakin ona məxsus ölüm haqqında şəhadətnamədə ölümün səbəbi kimi Ağdərə bölgəsində gedən döyüşlərdə həlak olması göstərilmişdir. Qazax rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş 291 nömrəli arayışdan da görünür ki, mərhum X5 xx.xx.1993-cü il tarixdə N nömrəli hərbi hissənin nəzdində öz vəzifə borcunu yerinə yetirərkən həlak olmuşdur. Sözügedən arayışın verilməsinə əsas N nömrəli hərbi hissənin xx.xx.1993-cü il tarixli arayışı götürülmüşdür. Lakin Qazax rayon Hərbi Komissarlığı 4/127 saylı xx.xx.2007-ci il tarixli məktubla şəhidlik statusunu dayandıran zaman özlərinin xx.xx.2002-ci il tarixdə verilmiş 291 nömrəli arayışlarına nəzər yetirməmişlər. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qeyri-qanuni olaraq mərhum qardaşının şəhidlik statusu ləğv edilmişdir. İddiaçı və vəkili (nümayəndəsi) X8 məhkəmə iclasında iddianı müdafiə etdilər. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin nümayəndəsi X9 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən təqaüdlərin ancaq qanuni əsaslarla verilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli 4168 saylı göstərişinə əsasən mərhum baş leytenant X1 ziddiyət təşkil etdiyi üçün şəhid statusu ləğv edilmiş, keçmiş Qazax rayon Hərbi Komissarlığı tərəfindən 4/127 saylı xx.xx.2007-ci il tarixli məktubla mərhumun ailəsinə ödənilən təqaüdün dayandırılmasına dair Qazax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 1041 nömrəli məktubunun məzmununda görünür ki, X10 N saylı hərbi hissədə xidmət edərkən xx.xx.1993-cü il tarixdə Bakı-Qazax yolunda avtomobil qəzasında beyin əzilməsi, kəllə qapalı sümüklərin sınması nəticəsində həlak olmuş və onun sənədləri ziddiyət təşkil etdiyi üçün onun şəhid statusu ləğv edilmişdir. -Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 05/69-975- 4 nömrəli arayışdan görünür ki, xx.xx.1993-cü il tarixdə ölmüş X3 ölüm səbəbi kimi Ağdərə bölgəsində gedən döyüşlərdə həlak olması qeyd olunmuşdur (əsas xx.xx.1993-cü ildə Qazax rayon Aslanbəyli kənd icra nümayəndəliyində 10 saylı ölüm haqqında akt qeydi). -Qazax rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 05/13-232 nömrəli məktubundan görünür ki, X2 adına Qazax rayon Aslanbəyli kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1993-cü ildə 10 saylı ölüm aktı tərtib edilərkən aktın ilkin yazılışına əsasən o, xx.xx.1993-cü il tarixdə Bakı-Qazax yolunda iş başında avtomobil qəzası nəticəsində vəfat etmiş, sonradan onun adına tərtib olunmuş ölüm aktında Qazax RİH-nin xx.xx.1994-cü il tarixli sərəncamına əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydi”ndə aparılan dəyişikliklə ölümün səbəbi “Ağdərə bölgəsində gedən döyüşlərdə həlak olması” qeyd edilmiş və AZ-İ 690654 saylı xx.xx.2014-cü il tarixli ölüm haqqında təkrar şəhadətnamə verilmişdir. -Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 536 nömrəli arxiv arayışından görünür ki, 1992-ci ildə müvəqqəti dislokasiya yeri Ağdərə şəhəri-döyüş bölgəsi olmuş N () saylı hərbi hissənin 1992-ci ili əhatə edən sənədləri 1993-cü ildə baş vermiş “Gəncə hadisələri” zamanı məhv edildiyindən X3 həmin ilə aid xidməti barədə məlumatın verilməsinin mümkün olmadığı bildirilmişdir. -Qazax rayon Dövlət arxivinin xx.xx.2019-cu il tarixli 223 nömrəli məktubundan görünür ki, Qazax RİHB-nin xx.xx.1994-cü il tarixli 145 saylı sərəncamı ilə xx.xx.1993-cü il tarixdə öz vəzifə borcunu yerinə yetirərkən həlak olmuş X3 ailəsinə yerli büdcənin azad qalığı hesabına 10000 (on min) rubl mələğində birdəfəlik yardım verilmişdir. -Qazax rayon Hərbi Komissarlığının xx.xx.2002-ci il tarixli 291 nömrəli arayışından görünür ki, mərhum X5 xx.xx.1993-cü il tarixdə N nömrəli hərbi hissənin nəzdində öz vəzifə borcunu yerinə yetirərkən həlak olmuş, sözügedən arayışın verilməsinə əsas N nömrəli hərbi hissənin xx.xx.1993-cü il tarixli arayışı götürülmüşdür. -xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, X3 vərəsəsi qardaşı İddiaçıdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, mərhum X4 şəhidlik statusu xx.xx.1994-cü il tarixdə verilmiş, deməli ona şəhidlik statusu verilərkən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” xx.xx.1993cü il tarixli, 697 nömrəli Qanuna istinad olunmuşdur. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalar” və həmin qaydalara edilmiş dəyişikliklər hazırki mübahisəyə tətbiq edilə bilməz. Başqa sözlə X3 şəhid olduğu zaman qüvvədə olmuş və ona şəhidlik statusunun verilməsinə əsas olmuş qanunvericilik normalarına sonradan dəyişiklik edilməsi və yaxud həmin normaların ləğv edilməsi müvafiq subyektin vəziyyətini ağırlaşdırdığı halda tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan əlavə, cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda qeyd etmişdir ki, “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (keçmiş AR Hərbi Komissarlığının) xx.xx.2007-ci il tarixli 4168 saylı göstərişinə əsasən AR. Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” xx.xx.2006-cı il tarixli Fərmanına əsasən təqaüdlərin ancaq qanuni əsaslarla verilməsinə əsas verən sənədlərin araşdırılması tapşırılmışdır.” “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında xx.xx.2006-cı il tarixli Fərmanına əsasən Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan minlərlə soydaşımız mərdlik göstərərək canlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmışdır. Həmin şəxslərin xatirəsi xalqımız və dövlətimiz tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilir. Şəhidlərin əziz xatirəsinin, əbədiləşdirilməsi və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarının ödənilinəsi üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir. Yuxarıda qeyd edilən Fərmanın və Qaydaların müddəalarında cavabdehin qeyd etdiyi kimi təqaüdlərin ancaq qanuni əsaslarla verilməsinə əsas verən sənədlərin araşdırılmasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (keçmiş AR Hərbi Komissarlığına) tapşırılmasına dair hər hansı göstəriş verilməmiş, əksinə həmin hüquqi akt şəhid ailələrinə Prezident təqaüdünün təsis edilməsi məsələlərini tənzimləmişdir. Bundan əlavə, “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini (keçmiş AR Hərbi Komissarlığının) xx.xx.2007-ci il tarixli 4168 saylı göstərişi iş materiallarına əlavə edilməmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1991ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin 30.12.08 tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyrimüəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Yuxarıda qeyd edilən maddi normalara əsasən məhkəmə hesab edir ki, X2 şəhidlik statusu bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1 maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibatin aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2 “şəhid” statusunun bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar