Məhkəmə qərarları › İş №2-1(114)-505/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-505/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-505/2022 09.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə nümayəndəsi X9 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********541200 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 21 aprel 20220-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 mart 2020-ci il tarixdə o, evində ailəsinin ehtiyatı olan 36.939 manatı bankda valyuta mübadiləsi aparmaqla 21,700 ABŞ dollarına çevirmişdir. Bundan xəbər tutan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi gəlir vergisi üzrə onun üzərinə 5591,5 manat borc qoymuşdur. O, mübadilə yolu ilə ABŞ dolları əldə etməyə görə vergi nəzərdə tutulmasını güman edib, qanunları bilməməyi üzündən həmin məbləğin azaldılmasını xahiş etmişdir. X24 Xidmətinin inzibati şikayətlərə baxılması baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarənin rəis müavini, vergi xidməti müşaviri Elçin Namazlı inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020-ci il tarixli, **********541200 nömrəli qərar qəbul edib, xahişini təmin etməmişdir. Halbuki o, vergi orqanına mübadilə apardığı pulun mənşəyinə dair 2 ədəd alqı-satqı müqaviləsi təqdim etmişdir. Valyuta mübadiləsi aparmaq onun və hər bir kəsin hüququdur, bu hüququ heç kəs əlindən ala bilməz. Pulunun mənbəyinə gəlincə, buna sübutları var. Belə ki, bir neçə il bundan əvvəl mərhum olmuş atası Mübariz xx.xx.2013-cü il tarixdə evlərinin birini - Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 34 №-li evdə yerləşən 47 №-li mənzilini 27.000 manata satmışdır. 22.000 manat pulu isə onlar ana tərəfdən mərhum nənələrinin 3 otaqlı mənzilinin satışından əldə etmişdir. Alqı-satqı xx.xx.2012-ci ildə bağlanmışdır. Mənzilin vərəsələri anası və xalası Ruqiyyə Haqverdiyeva olmuşdur. Beləliklə, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi mübadilə etdiyi pulun əsasının olmaması barədə ehtimalı yanlış, Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarənin rəis müavini, vergi xidməti müşaviri Elçin Namazlının inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı isə aşkar qanunsuzdur. İddiaçı qeyd edilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində mübadilə yolu ilə ABŞ dolları əldə etdiyinə görə vergi tutulmasını güman edib qanunları bilməməyi üzündən həmin məbləğin azaldılmasını xahiş etdiyini, X24 Xidmətinin inzibati şikayətlərə baxılması baş idarəsinin xx.xx.2020-ci il tarixli, **********541200 nömrəli qərar qəbul edib xahişini təmin etmədiyini, halbuki onun vergi orqanına mübadilə apardığı pulun mənşəyinə dair 2 ədəd alqı-satqı müqaviləsi təqdim etdiyini, xx.xx.2013-cü il, xx.xx.2012-ci il tarixlərdə satılmış mənzillərin həmin mübadilə edilmiş vəsaitin mənbəyi olduğunu qeyd etmişdir. İddia ərizəsində qeyd olunanları aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edirlər. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə “Kapital Bank”dan, xx.xx.2020-ci il tarixdə isə “Bank Respublika”dan ümumilikdə 36.939,25 manat pul vəsaiti 21.700,0 ABŞ dollarına mübadilə edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli, **********067200 nömrəli məktubla qeyd olunan vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti və s.) borc, kredit və s.)) ilə bağlı ətraflı izahatın verilməsi üçün Baş İdarənin inzibati binasına dəvət olunmuşdur. Lakin İddiaçı tərəfindən yuxarıda qeyd olunan məktuba cavab verilməmiş, onun tərəfindən əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim olunmamışdır. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir 14 faiz dərəcə ilə vergiyə cəlb edilir. **********490700 saylı, xx.xx.2020-ci il tarixli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəlarına əsasən vergi orqanı vergi ödəyicisinin vergi öhdəliklərini Baş İdarənin **********541200 saylı, xx.xx.2020-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə yenidən hesablamışdır. İddiaçının xx.xx.2013-cü il, xx.xx.2012-ci il tarixlərində satılmış mənzillərin həmin mübadilə edilmiş vəsaitin mənbəyi olması barədə dəlili haqqında qeyd olunur ki, X10 məxsus ünvan 1 ünvanda yerləşən mənzilin 17 sentyabr 2013-cü il tarixdə AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 10 000,00 manata, X4 məxsus ünvan 2 ünvanda yerləşən mənzilin 8 avqust 2012-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X13 20 000,00 manata satılmışdır. Göründüyü kimi həmin vəsait 2012 və 2013-cü illərdə əldə edilmiş, həmin əmlakı satan şəxslərlə İddiaçı arasında hər hansı bir razılaşma və ya iltizam mövcud olmamışdır. Digər tərəfdən həmin vəsaitin 7- 8 ildən sonra ABŞ dollarına konvertasiya edilməsinin iddia edilməsi də reallığı əks etdirmir. Həmçinin iddiaçı X5 məxsus daşınmaz əmlakın satışından əldə olunan gəlirin yarısına iddia etdiyini nəzərə alsaq, həmin vəsaitin konvertasiya olunmuş vəsaitlə uyğunluq təşkil etmədiyini müəyyən etmək olar. İddiaçıya **********757100 nömrəli, xx.xx.2021-ci il tarixli məktub göndərilərək yenidən təsdiqedici sənədlərin göndərilməsi ona təklif olunmuş, lakin hər hansı təsdiqləyici sənəd vergi orqanına təqdim olunmamışdır. İddiaçı həmçinin ərizəsində son illərdə manatın alıcı qüvvəsinin azaldığını, bir neçə il bundan əvvəl iki dəfə ABŞ dollarına nisbətdə kursunun dəyişdiyini, alıcılıq qüvvəsini 2,2 dəfə itirdiyini, bu səbəbdən də pulunu universal valyuta olan ABŞ dollarına dəyişdirdiyini qeyd etmişdir. Lakin mübadiləsi həyata keçirilmiş vəsaitin mənbəyinin 2012-2013-cü illərdə satılmış daşınmaz əmlak olduğunu iddia edən iddiaçı nəzərə almır ki, manatın dollar qarşısındakı devalvasiya prosesi 2015-ci ildə olmuşdur. Göründüyü kimi daşınmaz əmlakın satışı ilə bağlı olan müvafiq sənədlərin tarixinin (2012-ci il) mübadilənin aparıldığı (2020-ci il) tarixdən 8 il əvvəl olması, təqdim edilmiş alqı-satqı müqaviləsinin birinin X4 məxsus olması, habelə bundan əvvəl də milli valyutaya münasibətdə ABŞ dollarının kursunun bir neçə dəfə artması və sonuncu mübadilənin də məhz bu artımdan yaranacaq olan maliyyə itkisindən qorunmaq məqsədlə aparılması iddiası iddiaçının dəlilləri arasında hər hansı məntiqi əlaqənin olmaması qənaətinə gəlməyə əsas verir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 08 avqust 2012-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı - X2 şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi, bina 36 ünvanında yerləşən 18 nömrəli mənzili satıcı - X3. - 17 sentyabr 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı - X7 şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi, bina 34 ünvanında yerləşən 47 nömrəli mənzili alıcı - X1. - 02 aprel 2020-ci il tarixli, **********067200 nömrəli vergi orqanına dəvət məktubunun təsdiqlənmiş surətindən görünür ki, araşdırmada şəxsən və ya nümayəndəsi vasitəsilə iştirak edə biləcəyi İddiaçı bildirilmişdir. - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 08 iyun 2020-ci il tarixli, **********490700 nömrəli məktubun təsdiqlənmiş surətindən görünür ki, bəyannamənin təqdim olunması və kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etmək tələb olunmuş, əks təqdirdə vergi orqanının İddiaçı vergi öhdəliklərini yenidən hesablamaq hüququnun olduğu bildirilmişdir. - Sənədlərin təqdim edilməsi barədə 26 aprel 2021-ci il tarixli, **********757100 nömrəli məktubun təsdiqlənmiş surətindən görünür ki, yaranmış zərurətlə əlaqədar olaraq şikayətlərinin təmin edilməsinə əsas verən (olduğu halda) digər faktiki və hüquqi hallar barədə təsdiqedici sənədləri araşdırılması məqsədilə xx.xx.2021-ci il tarixədək 12 saylı Ərazi Vergilər BA İdarəsinə təqdim etməsi İddiaçı bildirilmişdir. - “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıqdan görünür ki, vergi borclarının dövlət büdcəsinə ödənilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən ölkədən getmə hüququnun məhdudlaşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. - Gəncə Kommersiya Məhkəməsinin 31 may 2021-ci il tarixli, e-2-2(115)-555/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, 7425,52 (yeddi min dörd yüz iyirmi beş manat, əlli iki qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün maraqlı şəxs İddiaçı (doğulduğu tarix - xx xxxx 1992-ci il, doğulduğu yer - Gəncə şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. - Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 18 iyun 2021-ci il tarixli, **********100000 nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********541200 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 36.939.25 manat məbləğində valyuta mübadiləsi əməliyyatı aparılmış, tərəfindən konvertasiya olunmuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16 və 33-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmaqla 5591,50 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********541200 nömrəli qərar əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 66-cı maddəsinə əsasən qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergiödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4-cü maddəsinə vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 99.1-ci maddəsinə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; 99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir. 99.3-cü maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: 99.3.1. faiz gəliri; 99.3.2. dividend; 99.3.3. əmlakın icarəyə verilməsindən gəlir; 99.3.4. royalti; 99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4 -cü maddəsində göstərilənlər istisna olmaqla; 99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; 99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2ci maddəsində göstərilənlər istisna olmaqla; 99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir təqdirdə) - əmək haqqından başqa; 99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; 99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; 99.3.11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; 99.3.12. idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 36.939,25 manat məbləğində valyuta mübadiləsi əməliyyatı nəticəsində 21.700,00 ABŞ dolları məbləğində xarici valyutanın əldə edilməsi müəyyən olunmuşdur. Bununla bağlı cavabdehin kameral qaydada Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına istinad edərək xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıya 14 faiz dərəcə ilə 5591,50 manat gəlir vergisi hesablanmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı gəlirin əldə edilməsi mənbələri barədə təsdiqedici sənədlər təqdim etməmiş, bu səbəbdən Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçı 36.939,25 manat olan valyuta mübadiləsi əməliyyatı aparmış, banka milli valyuta təqdim edərək ABŞ dolları almışdır. Cavabdeh konvertasiya olunmuş vəsaitin vergiyə cəlb edilməli olduğunu bildirib iddiaçının belə gəlirini onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16 və 33-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmaqla 5591,50 manat məbləğində vergi məsuliyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicilərinin vəzifələrindən, 33-cü maddəsində isə vergi ödəyicilərinin uçotundan bəhs olunur. Məhkəmə qeyd edir ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparan vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Qanunvericiliyin tələbinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. İddiaçı valyuta mübadiləsi əməliyyatı aparması zaman vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Digər tərəfdən, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. İddiaçının gəlir götürməsi hər hansı sübutla təsdiq olunmur. Məhkəmə hesab edir ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparmaqla qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 97.3-cü maddəsinə əsasən fiziki şəxsin gəlirlərinə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 99.3-cü maddəsində hər hansı norma mövcud deyil. Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmədiyi kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da hər hansı gəlir əldə etmir. Həmçinin daşınar və danışmaz əmlak əldə etdikdə fiziki şəxsin vergi orqanlarında uçota durmaq (VÖEN almaq) və ya vergi bəyannaməsi vermək öhdəliyi olmadığı kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da vergi orqanlarında uçota durmaq (VÖEN almaq), vergi bəyannaməsi vermək və digər bu kimi hərəkətlərin edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Cavabdeh qərarında Vergi Məcəlləsinin 66 və 67-ci maddələrinə istinad edərək iddiaçının gəlirinin vergiyə cəlb edilməli olduğunu və əlaqəli məlumatlardan istifadə edilməklə ödənilməli olan verginin məbləğini hesabladığını bildirmişdir. Məhkəmə bu məqamla razılaşmayaraq qeyd edir ki, Vergi Məcəlləsinin 66-cı maddəsi qeyri-qanuni gəlirin vergiyə cəlb edilmə qaydasını tənzimləyir. Vergi Məcəlləsinin 66-cı maddəsinə görə qeyri-qanuni əldə edilən gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Eyni zamanda, valyuta mübadiləsi əməliyyatı habelə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət “Valyuta tənzimi haqqında” Qanunla tənzimlənir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 4-cü bəndində “Valyuta sərvətləri” anlayışı verilmişdir ki, xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar valyuta sərvətləri hesab olunur. Həmin qanunun 4-cü maddəsinə əsasən valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər və valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur. İşdə olan sənədlərlə iddiaçının valyuta mübadiləsi əməliyyatı aparan zaman qeyriqanuni gəlir əldə etməsi sübuta yetməmişdir. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edərək iddiaçıya hesabladığı verginin məbləği ilə bağlı əlaqəli məlumatlardan istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq edə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 12.1. maddəsinin tələblərinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. maddəsinin tələblərinə əsasən isə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********541200 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68-70, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» xx.xx.2020-ci il tarixli, **********541200 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar apelyasiya şikayəti verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar