Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5056/2025 11.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı, onun nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı qeydiyyat nişanının təhkim edilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, iddiaçının arzu etdiyi dövlət qeydiyyat nişanları hazırda sərfiyyatda olmadığından iddiaçının xahişinin istəyinə uyğun həlli mümükün olmamışdır. İddiaçı cavabdeh Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus avtomobilə dövlət rüsumu ödənilməsi nəzərə alınmaqla AZ-**-OO-*** dövlət qeydiyyat nişanının təhkim edilməsi vəzifəsinin cavabdeh Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X2 veteranıdır. 11 iyul 2023-cü il tarixdə, 18 avqust 2023-cü iltarixdə və 17 oktyabr 2023-cü il tarixdə cavabdehə müraciət edərərk, “Yol hərərkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin tələbinə müvafiq olaraq ona məxsus avtomobilə AZ-**-OO-*** dövlət nömrə nişanı verilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 18.65.6-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğini ödəməyə hazırdır. Onun ərizələrinə cavab olaraq bildirilmişdir ki, arzu etdiyi dövlət qeydiyyat nişanı hazırda sərfiyyatda olmadığından xahişinin istəyinə uyğun həll edilməsi miimkün deyildir. Sonuncu 17 oktyabr 2023-cü il tarixli ərizəsinə cavab olaraq 21 noyabr 2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, əvvəlki eyni məzmunlu müraciətə baxılmış, xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla cavab verilmişdir. Göstərilən səbəbdən məhkəməyə müraciət edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1492/2024 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1492/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-609/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1492/2024 saylı qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4691/2024 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi, əsl cavabdeh Tovuz rayonunda 10 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsi ilə əvəz edilmiş və iddia tələbi “ona məxsus avtomobilə dövlət rüsumu ödənilməsi nəzərə alınmaqla AZ-**-OO-*** dövlət qeydiyyat nişanının təhkim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1941/2025 saylı qərardadı ilə (hakim L.Əliyeva) İddiaçı cavabdeh Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı ona məxsus avtomobilə dövlət rüsumunun ödənilməsi nəzərə alınmaqla AZ-**-OO-*** dövlət qeydiyyat nişanının təhkim edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1941/2025 saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)- 224/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1941/2025 saylı qərardadı ləğv edilmişdir. İddiaçı, onun nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, AZ **-OO-*** qeydiyyat nişanının ona təhkim edilməsi vəzifəsinin cavabdeh Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin bilavasitə tabeliyində olan Cavabdehnə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə cavabdehin əvəz olunmasını cavabdeh orqanın nümayəndəsi ilə müzakirə etmiş, cavabdehin nümayəndəsi isə etirazının olmadığını bildirərək, qurumun adının dəyişdirilib, Cavabdeh olduğunu qeyd etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında cavabdeh orqan iddiaçının arzu etdiyi dövlət qeydiyyat nişanının hazırda sərfiyyatda olmadığını, yəni şöbədə qeydiyyat nömrə nişanları üzrə hərflərin ardıcıllığı başa çatmadığından “21-OO” seriyalı qeydiyyat nömrə nişanlarının dövriyyəyə buraxılmadığını əsas gətirərək müraciətinin həllinin mümkün olmadığını bildirmişdir. Bunun əksinə, iş materiallarında olan Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-9491/2025 nömrəli məktubunda isə qeyd edilmişdir ki, “BMW X5M” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdən müvafiq şəxsin adına qeydiyyatda da olduğu bildirilmişdir. Göründüyü kimi Baş X7 İdarəsinin istinad olunan xx.xx.2025-ci il tarixli məktubu cavabdeh orqanın “21-OO” seriyalı qeydiyyat nömrə nişanlarının dövriyəyə buraxılmaması barədə imtinasının dəlilinin əsassız olduğunu göstərir. Eyni zamanda təqdim edilən iş materiallarına əlavə edilmiş müvafiq fotoşəkillərlə müəyyən olunur ki, **- TT-***, **-TT-***, **-TT-***, və 21- ZZ-021 qeydiyyat nömrə nişanları dövriyyədədir. Bu hal isə şöbədə qeydiyyat nömrə nişanları üzrə hərflərin ardıcıllığı başa çatmadığından “21- OO” seriyalı qeydiyyat nömrə nişanlarının dövriyyəyə buraxılmaması ilə bağlı gətirdiyi əsası inkar edir. Belə ki, dövlət qeydiyyat nişanlarının ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunduğu və latın qrafikalı əlifbada “T” və “Z” hərflərinin “O” hərfindən sonrakı sıralarda olması nəzərə alındıqda cavabdehin imtinasının əsaslılığı şübhə altında qalır. İş materiallarında olan Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, ***-**** nömrəli məktubu ilə “X1” sisteminə əsasən **-OO-*** qeydiyyat nişanı heç bir nəqliyyat vasitəsinə verilmədiyi, həmçinin müvafiq ödəniş qəbzi ilə iddiaçı tərəfindən dövlət qeydiyyat nişanlarının verilməsinə görə tələb olunan dövlət rüsumunun ödənildiyi müəyyən olunduğunu bildirərək, iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qeyd olunan seriyanın onların şöbəsinə sərfiyyata verilmədiyini, iddiaçının istinad etdiyi seriya nömrələrin onların şöbəsi tərəfindən verilmədiyini bildirərək, iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir . Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Belə ki, iddiaçının hazırki tələbi AZ **-OO-*** qeydiyyat nişanının ona təhkim edilməsindən ibarətdir ki, cavabdeh orqan qeydiyyat nişanlarının hazırda sərfiyyatda olmadığından iddiaçının xahişinin istəyinə uyğun həllinin mümkün olmadığını bildirərək imtina cavabı vermişdir. Məhkəmə cavabdeh orqanın imtinası ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı İ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. İİ-İ. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası»nın 1.2-ci bəndinə görə avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. Qaydanın 1.3-cü bəndinə görə dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq «Dövlət rüsumu haqqında» AR Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. Qaydanın 2.1-ci bəndinə görə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar və elektron müraciətlərin qəbulu üçün xidmətlər AR DİN Baş X6 İdarəsinin internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. Qaydanın 2.2-ci bəndinə görə dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: (2.2.1) dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi, (2.2.2) dövlət qeydiyyat nişanının verilməsi işinin electron idarəetmə sistemi əsasında, növbələrin yaranmasını istisna edən şəraitdə, fasiləsiz və “bir pəncərə” prinsipi ilə təşkili, (2.2.3) dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı dövlət rüsumunun, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimələrin yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilməsi, bunun üçün texniki imkanların yaradılması, o cümlədən qeydiyyat-imtahan məntəqələrində ödənişləri qəbul edən xüsusi terminalların quraşdırılması, (2.2.3-1) AR İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması, (2.2.4) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, (2.2.5) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyalarını xüsusi elektron terminallar, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək imkanı. Qaydanın 3.1-ci bəndnə görə avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyat-imtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. Qaydanın 3.2-ci bəndinə görə şəxs avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün internet vasitəsilə müraciət etdikdə, müraciət səhifəsində dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin səhifədə ödəyir. Dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının seçilməsi, onun üçün müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi avtomatik qeydiyyata alınır və bu barədə şəxsin elektron poçt ünvanına məlumat göndərilməklə, əməliyyatın qeydiyyat nömrəsi internet səhifəsində əks olunur. Şəxs çap etdiyi həmin məlumatı nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. Məhkəmə araşdırması zamanı, həmçinin cavabdeh orqanın nümayəndəsinin izahatındanda müəyyən olunduğu kimi, iddiaçının iddia etdiyi **-OO-*** dövlət qeydiyyat nişanı hazırda sərfiyyatda olmadığından iddiaçının tələbi təmin oluna bilməz. Odur ki, məhkəmə hesab edir ki cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-5056/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5056/2025
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver