Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-506/2020 10.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı İsrafil oğlunun iştirakı ilə, İddiaçı İsrafil oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2nə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İsrafil oğlu (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1976-cı il tarixdən xx.xx.1995-ci il tarixədək “X2” ASC-də sürücü və xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Daşkəsən Dövlət Arıyetişdirmə Damazlıq” müəssisəsində arıçı köməkçisi vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin Cavabdeh2 (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi illər əmək kitabçasında qeyd edilmiş, işlədiyi təşkilatların möhürləri ilə təsdiq edilmişdir. Hazırda əmək pensiyasına çıxmaq istəyir. Bu barədə cavabdehə müraciət etmiş, lakin iş stajının yoxlanmasının mümkün olmamasından pensiya təyin olunmasının mümkün olmaması barədə imtina məktubuverilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, vətəndaşın işlədiyi yerlər üzrə müvafiq sorğular göndərilmiş, sorğulara cavab olaraq DSMF Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən tərtib edilmiş aktda 1976-1995-ci illərə dair dövrün müəssisə sənədlərinin dövlət arxivinə təqdim edilmədiyi, müəssisənin özündə də tapılmadığı göstərilmiş, DSMF Daşkəsən rayon şöbəsi də akt tərtib edərək Daşkəsən rayon Dövlət Arxivində saxlanılan əmr kitablarında xx.xx.1995-ci il tarixdə 23 nömrəli əmrlə iddiaçının işə qəbul olunması barədə məlumatın aşkar edilməməsi və müəssisənin 2000-ci illərə aid əmr kitablarının isə arxivdə saxlanılmaması barədə məlumat vermişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********3 nömrəli nömrəli məktubu, DSMF Gəncə şəhər Kəpəz rayon şöbəsinin əməkdaşları tərəfindən tərtib eidlmiş xx.xx.2019-cu il tarixli akt, Dövlət Arxivinin Gəncə filialının xx.xx.2019-cu il tarixli 322/3 nömrəli məktubu, DSMF Daşkəsən rayon şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akt, DSMF Gəncə şəhər Kəpəz rayon şöbəsinin məhkəməyə ünvanladığı **********7 nömrəli xx.xx.2020-ci il tarixli məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra mətndə Qaydalar) 2.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir (Qaydaların 3.1.1-ci bəndi). 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir (Qaydaların 3.2-ci bəndi). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Lakin, Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş məlumata əsasən Kirovabad “Kəndnəqliyyat” İdarəsinin sənədləri arxivə təhvil verilməmiş, həmçinin, DSMF Gəncə şəhər Kəpəz rayon şöbəsinin əməkdaşları tərəfindən həmin idarənin xx.xx.1976-cı ildən xx.xx.1995-ci ilədək olan dövrü əhatə edən sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi, müəssisənin özündə tapılmadığı müəyyən edilmişdir. Digər tərəfdən xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci ilədək “Daşkəsən Dövlət Arıyetişdirmə Damazlıq” müəssisəsində işləməsi ilə bağlı DSMF Daşkəsən rayon şöbəsinin əməkdaşları və Arxiv İdarəsinin müdirinin iştirakı ilə tərtib edilmiş aktda iddiaçının xx.xx.1995-ci ildə işə qəbul edilməsi barədə 23 nömrəli əmrin Daşkəsən Dövlət Arxivində saxlanılan əmr kitablarında qeyd edilmədiyi, müəssisənin 2000-ci illərə aid olan əmr kitablarının arxivdə saxlanılmadığı qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1995-ci il tarixədək “X2” ASC-də sürücü və xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Daşkəsən Dövlət Arıyetişdirmə Damazlıq” müəssisəsində arıçı köməkçisi işləməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə qeyd edir ki, əmək kitabçası sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd hesab olunsa da, hazırkı mübahisə üzrə yuxarıda qeyd olunan aktlar əmək kitabçasının mötəbərliyini şübhə altına qoyduğundan iddiaçıya pensiya təyin edilməsi zamanı mötəbər sənəd hesab edilə bilməz. Beləliklə, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1995-ci il tarixədək “X2” ASC-də və xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Daşkəsən Dövlət Arıyetişdirmə Damazlıq” müəssisəsində işləməsi öz təsdiqini tapmadığından qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən, cavabdeh tərəfindən iş stajının ona əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı İsrafil oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh2nə qarşı xx.xx.1976-cı il tarixdən xx.xx.1995-ci il tarixədək “X2” ASC-də sürücü və xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Daşkəsən Dövlət Arıyetişdirmə Damazlıq” müəssisəsində arıçı köməkçisi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-506/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-506/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver