Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-508/2020 27.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xocalı rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Xocalı rayon şöbəsi) qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Xocalı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək almadığı əvvəlki illər üçün aylıq sosial müavinətin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1997-ci ildən 2019-cu ilin yanvar ayının 24-dək Oğuz rayon Polis şöbəsində polis serjantı kimi işləmiş və həmin tarixdən təqaüdə çıxmışdır. 2008-ci ildə polis orqanında işləyən vaxt vəsiqə ondan alınmış, 4 ildən sonra yeni vəsiqə verilmişdir, həmin dövrdə 3 il ərzində ona müavinət ödənilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xocalı rayon şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı DSMF-nin Xocalı rayon şöbəsindən heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 083141 nömrəli xx.xx.2011-ci il tarixli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən müharibə veteranı statusu verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmçinin iddiaçı öhdəliyin icrası haqqında iddialar üzrə nəzərdə tutulmuş mümkünlük şərtlərinin tələblərinə riayət etmədən, yəni cavabdeh orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etmiş, buna baxmayaraq cavabdeh orqan iddiaya münasibətdə öz etirazını bildirərək tələbi qəbul etmədiklərini bildirmiş, bu səbəbdən də məhkəmə iddianın mümkünlük şərti ilə bağlı çatışmazlığın aradan qalxdığını əsas götürərək işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı iş üzrə təqdim olunmuş sənədlərlə, eləcə də iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçı 2008-2011-ci illərdə daxili işlər orqanlarında işləmişdir. İddiaçı 2008-ci ildə ona məxsus veteran vəsiqəsinin ondan alındığını bildirərək xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ona ödənilmədiyini və bu əsasla hazırda cavabdeh orqan tərəfindən həmin müavinətin ona ödənilməli olduğunu iddia edir. Göstərilənlərlə bağlı qeyd olunur ki, sözügedən müddət ərzində iddiaçıya sosial müavinətin verilməməsinin səbəbi vəsiqənin ondan alınması olmuşdur ki, bu halın cavabdeh orqanın hərəkət və hərəkətsizliyi ilə səbəbli əlaqəsi yoxdur. Başqa sözlə həmin dövrdə iddiaçıya müavinətin ödənilməməsi əməkdaşı olduğu qurum tərəfindən ödənilməli olduğundan hazırki cavabdeh orqanın məsuliyyəti istisna olunur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1 maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -9.1.5 maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2 maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xocalı rayon şöbəsinə qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-508/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-508/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver