Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-509/2024 08.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5 və X4) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 1993-cü il tarixli 154 saylı Sərəncamı ilə “Çernobıl” əlili kimi ona ayrılmış, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən və hazırda istifadə və sahibliyində olan 0.04 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Çernobıl iştirakçısıdır və İİ qrup Çernobıl əlilidir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 1993-cü il tarixli, 154 saylı sərəncamı ilə “Çernobıl” ittifaqının 16 aprel 1993-cü il tarixli, 210 saylı məktubu ilə göndərilmiş siyahıda adları olan şəxslərə Gəncə şəhəri ərazisində yerləşən “Quşçuluq Fabriki” ərazisində 7.5 ha torpaq sahəsi bağ yeri üçün ayrılmışdır. Həmin sərəncam əsasında ona da 0,04 ha torpaq sahəsi ayrılmış, yerində ölçmə işləri aparılaraq ona təhvil verilmişdir. Torpaq sahəsi onun tərəfindən hasarlanmışdır. Maddi imkanı olmadığı üçün bir müddət bağ sahəsi kimi istifadə etmiş, lakin ağaclar quruduğundan hazırda torpaq sahəsinə çıxarış almaqla ev inşa etdirmək istəyir. Bu məqsədlə cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək ona ayrılmış torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması və çıxarışın verilməsini xahiş etsə də, cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla ərizənin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Bağçılıq-Yoldaşlıq tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Ləğv olunan bağ təsərrüfatı idarələrinin ləğv edilməsindən sonra arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. O, imtina məktubunda qeyd edilən aidiyyəti qurumların öz vəzifələrini vicdanla, ləyaqətlə yerinə yetiriməmələri səbəbindən illərələ öz hüquqlarına sahib ola bilmir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-509/2024 nömrəli qərardadı ilə X5 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişlər. İş üzrə şifahi məhkəmə baxışı iclası 08 avqust 2024-cü il tarixı təyin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, torpaq sahəsinin yerləşməsini və koordinatlarını təsdiq edən sənədlər mövcud deyil. Torpaq sahəsinin üzərində hər hansı tikili onun tərəfindən inşa etdirilməmişdir. Üçüncü şəxs X4 məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, bildirmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin çox hissəsi onun mülkiyyətindədir və buna dair onun çıxarışı var. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 8232/2023 nömrəli etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi, həmçinin, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi" barədə sərəncamına əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, reyimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Qeyd olunan normanın tələbi baxımından torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Gəncə şəhərində yerləşən istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı tərəfindən təqdim etdiyi torpaq sahəsinin sərhədlərini və coğrafi mövqeyini müəyyən edə bilmək üçün zəruri sənədlər (torpaq sahəsinin cizgisi, təhvil-təslim aktı və s.) olmadığından iddiaçıya ayrılmış torpaq sahəsinin müəyyən etmək mümkün deyildir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Göründüyü kimi torpaq sahəsinin plan və ölçüsü sənədi olmadan torpaq sahəsinin üzərində mülkiyyət hüququ da qeydə alına bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri bublik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsi və digər üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-7370/2023 nömrəli məktubdan görünür ki, aparılan araşdırma zamanı bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi, həmçinin faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildiyindən iddiaçının cavabdeh orqana müraciətinə müsbət cavab verilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 1993-cü il tarixli 154 saylı Sərəncamından görünür ki, həmin Sərəncam ilə Çernobıl İttifaqının 16 fevral 1993-cü il tarixli 210 №-li məktubu nəzərə alınaraq Çernobıl hadisələri iştirakçılarına və İcra Hakimiyyəti tərəfindən göndərilmiş siyahı əsasında vətəndaşlara Quşçuluq fabriki ərazisindən vətəndaşlara 7.5 ha torpaq sahəsi bağ yeri üçün ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3- 33/2-3741/2024 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən naturada təqdim olunun sahə, elektron baza materiallarında mövcud olan Gəncə şəhəri Kəpəz bələdiyyəsinin ərazi xəritəsinə və X2 Uçotu İnformasiya sistemində (TEKUİS) xüsusi mülkiyyətdə olan torpaq sahəsi olaraq göstərilmişdir. Lakin elektron kadastr bazası sistemində, həmin torpaq sahəsinin xüsusi, bələdiyyə və yaxud dövlət mülkiyyətinə aid olduğunu təsdiq edən hüuqmüəyyənedici (Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Çıxarış) sənəd aşkarlanmamışdır. Həmin torpaq sahəsi elektron baza materiallarında mövcud olan Gəncə şəhəri Kəpəz bələdiyyəsinin ərazi xəritəsinə və X2 Uçotu İnformasiya Sisteminə (TEKUİS) istinadən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı sahədir. Naturada təqdim olunun 431.0 kv.m (0.0431 ha) torpaq sahəsinin 394.0 (üç yüz doxsan dörd) kv.m hissəsi X1 adına tərtib olunmuş **********552 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə, 2.0 (iki) kv.m hissəsi isə X3 adına tərtib olunmuş **********0397 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahə ilə üst-üstə düşür. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 456 nömrə ilə uçota alınmış, A 026800 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin sənəd Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən 400 kv.m torpaq sahəsi Gəncə şəhər İHB-nin xx.xx.1992-ci il tarixli 3859 saylı sərəncamına və “İnşaatçı” BYB-nin xx.xx.1993-cü il tarixli 02 saylı protokoluna əsasən bağ evi tikmək üçün Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan X1 adına torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi və üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq istədiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənədlər mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Həmçinin iddiaçının özünə də məhkəmə araşdırması nəticəsində sadalanan sənədlərin mövcudluğu barədə və onların məhkəməyə təqdim edilməsi təklif olunsa da iddiaçı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yalnız torpaq sahəsinin ayrılması və uzun müddət istifadə etdiyi kimi arqumentləri məhkəməyə bildirmişdir. Həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd). İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5 və X4) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-509/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-509/2024
08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver