Məhkəmə qərarları › İş №2-1(114)-51/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-51/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-51/2023 28.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, almış olduğu xəsarətin nəticəsində əlilliyin Azərbaycan Respublikası müdafiəsi zamanı hərbi travma olması barədə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5881/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda İ Qarabağ Müharibəsində ayağının topuq nahiyəsindən odlu silah nəticəsində almış olduğu xəsarətlərdən ömürlük əlil olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 203 saylı qərarı ilə almış olduğu xəsarətlər “hərbi travma və Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı” xəsarətlər olması təsdiq edilmişdir. O, İ Qarabağ əlili olması ilə əlaqədar 300 manat Prezident təqaüdü almış və Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlili kimi avtomobil istifadəsinə verilmişdir. Sonuncu dəfə həkim müayinəsindən keçərək əlilliyi təsdiq edilmişdir. Buna baxmayaraq, ona qarşı qanunsuzluq edilmiş, guya almış olduğu xəsarət ümumi əlil xəsarətidir, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlər olmamışdır. Ayağında odlu silahın nəticəsində yaratdığı xəsarətlərdir ki ayağı bərpa olunan deyil. Ömürlük sol ayağı iflic vəziyyətindədir ki, sərbəst addımlarla yürüş edə bilmir. Ömürlük çəlik və köməkçi vasitələrdən istifadə edir. Cavabdehə dəfələrlə yazılı şəkildə müraciət etsə də, bu günə kimi müraciətinə cavab verilməmişdir. İşin şifahi məhkəmə baxışı iclası 28 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79-Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S74 - Sinirlərin budçanaq oynağı və bud səvi...; Diaqnozun mətni: Sol ayağın aşiq - daban oynağindan sonraki deformasiya kəskin kontrakturası hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Solaşaği ətraf funksiyasinin; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sol ayağin aşiq –daban oynağindan sonraki deformasiya kəskin kontrakturasi hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Solaşaği ətraf funksiyasinin” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S74 - Sinirlərin bud-çanaq oynağı və bud səvi...; Diaqnozun mətni: Sol ayağin aşiq -daban oynağindan sonraki deformasiya kəskin kontrakturasi hərəkət məhdudluğu diz oynağinda hərəkət məhdudluğu Solaşaği ətraf funksiyasinin; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.3. Bazu və ya dirsək oynağının laxlaması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Sol ayağin aşiq-daban oynağindan sonraki deformasiya kəskin kontrakturası hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Solaşaği ətraf funksiyasının; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sol ayağin aşiq -daban oynağından sonraki deformasiya kəskin kontrakturasi hərəkət məhdudluğu diz oynağinda hərəkət məhdudluğu Solaşaği ətraf funksiyasinin” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar =>Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Sol ayağın aşiq – daban oynağından sonraki deformasiya kəskin kontrakturasi hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Solaşaği ətraf funksiyasinin; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sol ayağin aşiq -daban oynağindan sonraki deformasiya kəskin kontrakturasi hərəkət məhdudluğu diz oynağında hərəkət məhdudluğu Solaşaği ətraf funksiyasının” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0217003AAJ56 saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => A15-A19 - Vərəm => A15 -Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi => A15.0 - Ağ ciyər vərəmi, bakterioskopik təsdiq ed...; Diaqnozun mətni: Ağciyərlərin ikitərəfli fibroz- kavernoz vərəmi, infiltrasiya əlamətləri ilə, tez-tez residiv verən gedişlə, VMB (+). Xroniki tənəffüs çatışmazlığı İİ dərəcə; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15- A16.9,J96-J96.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.1-ci bəndinə görə əlillik müəyyən edildikdən sonra sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Nəzərinizə çatdırmaq istəyirik ki, iddiaçının vəziyyəti ilə əlaqədar 22 oktyabr 2021-ci ildə keçirilmiş iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Ağciyərlərin ikitərəfli fibroz-kavernoz vərəmi, infiltrasiya əlamətləri ilə, tez-tez residiv verən gedişlə, VMB (+). Xroniki tənəffüs çatışmazlığı İl dərəcə” Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq əlillik təyinatına əsas verdiyindən həmin Əsasnamənin 2.2.9-cu bəndinə əsasən ümumi səbəblərdən müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, iddiaçının əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik hərbi xidmətlə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. Bundan sonra İddiaçı ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1315 nömrəli arayışından görünür ki, İddiaçı 1992-ci ildən xx.xx.1994-cü ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 203 nömrəli qərarının surətindən görünür ki, İddiaçı aldığı travma “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. - işə əlavə edilmiş TSEK müayinələrinin xx.xx.2010-cu il tarixli qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçıya bir il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. - işə əlavə edilmiş TSEK müayinələrinin xx.xx.2014-cü il tarixli qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçıya bir il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. - işə əlavə edilmiş TSEK müayinələrinin xx.xx.2015-ci il tarixli qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçıya bir il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. - işə əlavə edilmiş TSEK müayinələrinin xx.xx.2016-cı il tarixli qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçıya beş il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. - işə əlavə edilmiş TSEK müayinələrinin xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçıya müddətsiz “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - işə əlavə edilmiş etirazda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlərə əsasən əlillik təyinatına əsas verən onkoloji xəstəlik Hərbi xidmət dövründə qazanılmış xəstəliklə əlaqələndirilmiş, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə müvafiq olaraq ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyinatı barədə qərar qəbul edilmişdir. - xx.xx.2021-ci il tarixli, ********* nömrəli məxaric qəbzindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə rəsmi müraciət edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.3-cü bəndində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi inzibati orqan kimi müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin Məcəllənin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 203 nömrəli qərarına əsasən İddiaçı aldığı travma “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuş, və ona xx.xx.2010-cu il tarixdən bir il müddətinə, xx.xx.2014-cü il tarixdən bir il müddətinə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə, xx.xx.2016-cı il tarixdən isə beş il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı əlilliyin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik”yə dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətini cavabsız qoymuşdur. Hazırki iş üzrə mübahisənin predmetini iddiaçıya cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilməsi təşkil edir. İddiaçının əlilliyini səbəbi isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 203 nömrəli qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilsə də, əlilliyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. 2019-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin: 4.2. bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. - 7.2-ci bəndinin c) yarmbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarı çıxarır. «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə göndərişlər “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik müəyyən edilir. İddiaçının əlilliyi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır. Bu Təlimatın 2.2-ci və 2.4-cü bəndlərində göstərilmiş əlillik səbəbləri xəsarətin, xəstəliyin səbəb əlaqəsi Hərbi-Həkim Komissiyasının (bundan sonra –HHK) qərarında müvafiq olaraq "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır", "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" rəylərindən biri şəklində verildikdə müəyyən edilir. İş materiallarından da göründüyü kimi ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 203 nömrəli qərarına əsasən iddiaçının yaralanmasının nəticəsi - “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyə əsasən müəyyən edilir. Həmin qaydaların 3.1.1-ci bəndinə müvafiq olaraq əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya təyin edilmiş əlillik qrupunun səbəbinin “ümumi xəstəliklə əlaqədar” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” ifadəsi ilə əvəz olunması və xx.xx.2021-ci il tarixdən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən təyin edilmiş əlilliyin səbəbinin “ümumi xəstəlik” ifadəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” ifadəsi ilə əvəz olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar