Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-510/2022 11.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərova Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X14, cavabdehin nümayəndəsi X11 və üçüncü şəxsin nümayəndəsi (vəkili) X18 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X19) qarşı dövlət reyestrində X8 adına ********** nömrəsi ilə aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu, Paşabəyli kəndi ərazisində 0,20 ha torpaq sahəsinə yerləşən 134,4 kv.m. fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində X8 adına ********** nömrəsi ilə aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26.01.2022-ci il tarixli qərardadı ilə X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayonu, Paşabəyli kəndi ərazisində yerləşən iki həyətyanı torpaq sahəsi bir-biri ilə qonşu olmaqla biri mərhum atası X15, digəri isə mərhumə nənəsi X3 qanuni istifadəsinə ayrılmışdır. X15 istifadəsinə ayrılmış torpaq sahəsi 0,30 ha, X4 qanuni istifdəsinə ayrılmış torpaq sahəsi 0,20 ha təşkil edir. Bunu təsdiq edən hüquq müəyyənedici sənədlər - təsərrüfatbaşına uçot kitabından Çıxarışlar vardır. Həyət sənədlə iki qonşu torpaq sahələri olsa da, faktiki olaraq mərhum atası və mərhum nənəsi tərəfindən bir təsərrüfat kimi idarə olunmuş və həyətdə bir fərdi yaşayış evi yerləşmişdir ki, həmin ev də nənəsinin istifadəsində olan sahədə tikilmişdir. Ağdam rayonunda aparılmış aqrar islahat zamanı qanuni istifadədə olan torpaq sahələri həmin şəxslərin mülkiyyətində saxlanılmışdır. 2018-ci ildə atası X27 faciəli şəkildə avtomobil qəzasında həlak olmuşdur. Mərhumun matəm mərasimində həmin vaxtadək münasibət saxlamadığı yaxın qohumu X19 həyətin nənəsinə məxsus hissəsinin, o cümlədən həyətdə yerləşən yaşadığı evin ona məxsus olduğu və bu səbəbdən, evi boşaltmalı olduğunu ona bildirmişdir. Buna etiraz edərək bildirmişdir ki, həyətin nənəsinə məxsus olması hamıya məlumdur və buna dair sənədlər də mövcuddur. Zeynalova (Quliyeva) Könül Fazil qızı 1993-cü ildə ailə quraraq Sabirabad rayonuna köçmüş və o zamandan fasiləsiz olaraq orada yaşayır. Bu səbəbdən dediklərinə xüsusi əhəmiyyət verməmişdir. Bundan təxminən 1 ildən artıq keçdikdən sonra X19 evin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək dövlət reyestrindən Çıxarışa əsasən, mübahisəli evin onun mülkiyyətində olduğunu bildirmiş, Məhkəmə həmin əsasla iddia tələbini təmin etmişdir. Yuxarı instansiya məhkəmələrinə etdiyi şikayətlərə baxılsa da, şikayəti K.Zeynalovanın qeydiyyatdan keçmiş mülkiyyət hüququ əsas götürülərək təmin olunmamışdır. Əldə etdiyi sənədlərə əsasən, 775 nömrəli sahə olaraq qeyd edilmiş mübahisəli həyət 0.20 ha hissədən ibarət olmaqla mərhum nənəsi X3 adına Təsərrüfatbaşına uçot kitabında qeydiyyatda olmuş, nənəsinin vəfatından sonra təsərrüfat mərhum atasının adına keçirilmişdir. K.Zeynalovanın hüquqlarının qeydiyyata alınmasına əsas olaraq isə, Ağdam Rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1999-ci il tarixli Qərarına istinad edilmişdir. Həmin Qərar ümumilikdə Paşabəyli və Xındırıstan kəndlərini əhatə etmişdir. Qərarda 101 saylı sahənin X12 adına ayrıldığı bildirilməklə, 0,20 ha torpaq sahəsi onun adına sənədləşdirilmişdir. Lakin, adıçəkilən Qərarın həmin hissəsindən Çıxarışı uzun müddət heç bir təşkilatdan əldə edə bilməmiş, Daşınmaz Əmlakın Kadatrı və Ünvan Reyestri Xidmətinə növbəti müraciətinin cavab olaraq 21 oktyabr 2021-ci il tarixli məktuba “Ağdam rayonu Paşabəyli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəl” əlavə edilmişdir. Həmin Cədvəldə 1 saylı sahənin X6 və X1 0,20 ha olmaqla ayrıldığı məlum olur. Cədvəlin tərtib edilmə tarixi dəqiq göstərilməmişdir. Cədvəl blankı 1999-cu il tarixlidir. Məntiqlə cədvəl 1999-cu ilə aid olmalıdır. Ən azı 1999-cu ildə verimiş Qərar əsasında tərtib edilməli olan Cədvəl həmin Qərarda göstərilənləri əks etdirməlidir. Lakin cədvəldə nənəsi X3 öldüyü qeyd edilmişdir. Hansı ki, nənəsi 2001-ci ildə vəfat etmişdir. Həyətyanı torpaq sahəsinə dair Aqrar İslahat Komissiyasının Qərarı 12 dekabr 1999-cu il tarixlidirsə, həmin tarixdə nənəsi sağ olmuşdur. Bu düzəlişin edilməsi isə, Cədvəl tərtib edən şəxslərin səlahiyyətində olmayan məsələdir. Bu əsaslarla, cavabdeh orqana ərizə ilə müraciət edərək, mübahisəli daşınmaz əmlak obyekti ilə bağlı X8 adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmiş, cavab olaraq cavabdeh tərəfindən 06.12.2021-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh orqan K.Zeynalovanın ərizəsi əsasında qeydiyyatın aparılması zamanı, ərizənin icrasını dayandıraraq aidiyyatı təşkilatlara sorğu ilə müraciət etmək səlahiyyətinə malik omuşdur. Lakin bu edilməmiş, mərhumə Mənzər Quliyevaya məxsus hüquqlar pozulmuşdur. Mübahisəli torpaq sahəsinə dair hüquqların mərhum X6 məxsus olmasına dair kifayət qədər sənədlər mövcuddur. Aqrar islahat komissiyasının ayırmasından da əvvəl mübahisəli torpaq sahəsi Təsərrüfatbaşı uçot kitabında olan qeydlərə əsasən torpaq mərhumun qanuni istifadəsində olmuşdur. Odur ki, Ağdam rayonu, Paşabəyli kəndində yerləşən, hal-hazırda saxta əsaslarla X8 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlakın qeydiyyatı ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahatlar verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehin **********46 nömrəli, 06.12.2021-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, X13 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv olunması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən məhkəmə qaydasında həll edilir. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X23 iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini cavabdehin **********46 nömrəli, 06.12.2021-ci il tarixli imtina və 4901 nömrəli, 17.08.2021-ci il tarixli məktubları, X28 filialının 298, 67 və 69 nömrəli, 11.12.2018, 30.06.2021 və 05.07.2021-ci il tarixli arayışları, JN-101A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, Təsərrüfatbaşına kitabın 775 nömrəli şəxsi hesabından çıxarış, Vətəndaşın xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid Cədvəl, daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarış təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş X28 Filialının 298 nömrəli, 11.12.2018-ci il tarixli arayışından görünür ki, Arxivdə saxlanılan Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin 2001-2005-ci illərə dair 12 nömrəli Təsərrüfatbaşına uçot kitabının 776-cı hesab nömrəsinə əsasən X15 adına olan həyətyanı sahə və evin 775-ci şəxsi hesab nömrəsində olduğu göstərilmişdir. 775-ci şəxsi hesab nöməsində X9 qeydə alınmış və adına 0.30 sot həyətyanı torpaq sahəsi və 127 kv.m sahəsi olan ev qeyd olunmuşdur. 22.12.2001-ci ildə vəfat etdiyi üçün təsərrüfatı bağlanmışdır. X5 və X17 ailə tərkibi X20 və X7 ibarətdir. İş materiallarına əlavə edilmiş X38 Filialının 67 nömrəli, 30.06.2021-ci il tarixli arayışında Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin 1983-1985-ci illərə dair 08 nömrəli Təsərrüfatbaşına uçot kitabının 424-cü hesab nömrəsinə əsasən X5 adına 1950-ci ildə çiy kərpicdən tikilmiş, sahəsi 36 kv.m olan ev və 30 sot həyətyanı torpaq sahəsi qeyd olunduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş X28 Filialının 69 nömrəli, 05.07.2021-ci il tarixli arayışından görünür ki, Ağdam rayon Xındırıstan kənd ərazi nümayəndəliyinin 1996-2005-ci illərə dair 10 və 12 nömrəli Təsərrüfatbaşına uçot kitabının 682-ci və 775-ci hesab nömrəsinə əsasən X5 adına və 30 sot həyətyanı topraq sahəsi və sahəsi 127 kv.m olan ev qeyd olunmuşdur. 2001-2005-ci ilin 12 nömrəli təsərrüfatbaşına uçot kitabının 775 şəxsi hesab nömrəsinə əsasən X10 22.12.2001-ci ildə vəfat etmişdir. Vəfat etdiyi zaman təsərrüfatda tək olmuşdur. 1996-2005-ci illərdə 682 və 775 nömrəli şəxsi təsərrüfatın X21 məxsus olduğu göstərilmişdir. Ağdam Rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən təsdiq edilən Ağdam rayonunun Paşabəyli kənd üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X3 qanuni istifadəsində olan həyətyanı sahənin 0.20 ha olduğu və X3 öldüyü, ailə üzvləri qrafasında özündən əlavə Quliyeva Könül Fazil qızı da qeyd olunmuşdur. 2001-2005-ci illər üzrə Təsərrüfatbaşına kitabın 775 nömrəli şəxsi hesabından çıxarışda təsərrüfat üzvləri siyahısında X10 ailə başçısı kimi qeyd olunmuş, təsərrüfatında ondan başqa heç kim qeydiyyatda olmamışdır. İş materiallarında olan, cavabdehin 4901 nömrəli, 17.08.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Quliyeva (Zeynalova) Könül Fazil qızının adına Ağdam rayon AİK-in 18.12.1999-cu il tarixl, 23 saylı qərarı ilə 0.20 ha həyətyanı torpaq sahəsinə verilmiş, JN-101 (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 7 saylı Bərdə Ərazi İdarəsinə təhvil verilmiş Ağdam rayon, Paşabəyli kəndi üzrə toprağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabında X12 imzası aşkar edilməmişdir. Həmin dövrdə toprağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin vətəndaşlara verilməsi DT və XK Ağdam Şöbəsi tərəfindən həyata keçirildiyindən sözügedən şəhadətnamənin əslinin imza olmadan X16 verilməsi onlara məlum deyil. Ağdam rayonu Paşabəyli kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması X22 tərəfindən ərizəyə əlavə olunmuş JN-101A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadənamə əsasında aparılmışdır. Tətbiq olunmuş maddi hüquq normaları: «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamə: Bənd 1. vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (Mülki Məcəllənin 1243.1-ci maddəsi). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər (Mülki Məcəllənin 1321.1-ci maddəsi). Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. (Mülki Məcəllənin 1321.3-cü maddəsi). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir (Mülki Məcəllənin 1322-ci maddəsi). Sözügedən normaların təhlilinə görə 2001-ci il tarixdə vəfat etmiş və həmin vaxt təsərrüfat başçısı olmuş X2 qalmış miras əmlak başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməli və bunun əsasında verilmiş miras əmlaka hüquqları şəhadətnamə ilə rəsmiləşdirilməli olduğu halda cavabdeh qanunsuz olaraq sözügedən əmlaklara qanunvericiliyin tələblərini pozaraq Ağdam Rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1999-ci il tarixli Qərarına əsaslanaraq mübahisələndirilən daşınmaz əmlak üzərində dövlət reyestrində əsassız qeydiyyat aparmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mübahisələndirilən miras əmlak Ağdam rayonu, Paşabəyli kəndi ərazisində 0,20 ha torpaq sahəsinə yerləşən 134,4 kv.m. fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində X8 adına ********** nömrəsi ilə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbə malikdir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Ağdam rayonu, Paşabəyli kəndi ərazisində 0,20 ha torpaq sahəsinə yerləşən 134,4 kv.m. fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində X8 adına ********** nömrəsi ilə aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-510/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-510/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver