Məhkəmə qərarları › İş №2-1(114)-5100/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5100/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5100/2025 22.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “əmrin ləğv edilməsi, vəzifəyə bərpa və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, Cavabdeh Azərbayca Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “əmrin ləğv edilməsi, vəzifəyə bərpa və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, Quru Qoşunları komandanının xx.xx.2024-cü il tarixli, 019 gm nömrəli əmrinin ləğv edilməsi, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının komandiri vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir.

1. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1853/2025 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir

2. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə münasibətdə bildirmişdir ki, iddianın mümkünlük məsələləsinə baxan zaman iddianın mümkün olmaması məsələsi ortaya çıxır. Çünki iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh də düzgün qeyd edilməmişdir.

3. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək və cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

4. Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

6. Həmin qərarın həmçinin qeyd edilir ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (qərarın 16.1, 16.2, 16.3, 16.4, 16.5 və 16.6-cı bəndləri).

7. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericiliklə nəzərdə tutulmuş formal tələblərə cavab verməsindən ibarətdir.

8. İddiaçı ərizəsinin “xahiş edirəm”, yəni tələb hissəsində Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, Quru Qoşunları komandanının xx.xx.2024-cü il tarixli, 019 gm nömrəli əmrinin ləğv edilməsi, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının komandiri vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir.

9. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli sərəncamda İPMin 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək, iddia ərizəsində tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqan (hazırkı iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 201 saylı Hərbi hissə) cavabdeh qismində göstərilməsi qeyd edilmişdir. 10.Həmçinin, iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli digər sərəncamda İPM-in 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək, iddia ərizəsində tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqan (hazırkı iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 201 saylı Hərbi hissə) cavabdeh qismində göstərilməsi, iddia tələbinin “201 saylı Hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 125 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi” tələbi kimi təqdim olunmalı olması bildirilmişdir.

11. Həmin sərəncamlar məhkəmə tərəfindən müvafiq ardıcıllıqla xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə İddiaçı iddia ərizəsində qeyd edilən ünvana göndərilmiş, hər iki məktub zərfin üzərində “bu ünvanda yaşamır” səbəbi ilə geri qayıtmışdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

13. Yuxarıda göstərilən sərəncamlardan sonra iddiaçı tərəfindən yaşayış yeri və ya olduğu yer haqqında məhkəməyə məlumat verilməmiş, habelə sərəncamlarda qeyd edilən formal xətaların aradan qaldırılması ilə bağlı ərizə məhkəməyə daxil olmamışdır.

14. Həmçinin, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən, iddiaçıya iddianın qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli sərəncamlar göndərilərək iddia ərizəsində olan formal xətaların aradan qaldırılması, cavabdeh qismində əsl cavabdehin iddia ərizəsində qeyd edilməsi və dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün müvafiq ardıcıllıqla xx.xx.2025-ci il və xx.xx.2026-cı tarixə qədər vaxt verilməsi, eləcə də müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

15. Buna baxmayaraq iddiaçı sərəncamda qeyd edilən formal xətaları aradan qaldırmamışdır.

16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən,iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

18. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmkə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “əmrin ləğv edilməsi, vəzifəyə bərpa və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar