Məhkəmə qərarları › İş №2-1(114)-5104/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5104/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5104/2025 16.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X4 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «ünvanlı dövlət sosial yardımın təyin tarixinin dəyişdirilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «ünvanlı dövlət sosial yardımın təyin tarixinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək aztəminatlı ailə başçısı kimi ona təyin olunmuş ünvanlı dövlət sosial yardımın 2025-ci ilin aprel ayından təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aztəminatlı ailə başçısı kimi xx.xx.2025-ci ildə ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin qanunla müəyyən edilmiş müddət ərzində yoxlama aparılmamışdır. Bu səbəbdən DSMF-nin 142 Çağrı Mərkəzinə müraciət etmiş və ona cavab olaraq bildirilmişdir ki, Respublika üzrə gecikmələr var. Sonunda onun yaşadığı evdə xx.xx.2025-ci ildə maddi-məişət yoxlaması aparılmış və xx.xx.2025-ci ildə 379,62 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»nın 3.1-ci bəndinə görə müraciətlər 15 gün müddətində araşdırılmalı, 3.5-ci bəndinə əsasən isə müraciət edilən ayın 1-dən etibarən 01 il müddətinə təyin olunur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan verdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımın verilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2025ci il tarixli **********9086-1 nömrəli müraciətinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq maddi-məişət şəraiti yoxlanılmış və “Ərizəbəyannamə”"də qeyd olunmuş məlumatlara görə uyğunsuzluq aşkarlanmadığı üçün, VEMTAS tərəfindən ailəyə xx.xx.2025-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq 379,62 manat məbləğində sosial yardım təyin olunmuşdur. Müraciətin nəticəsi barədə VEMTAS tərəfindən təmsilçinin “Ərizə bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumatın göndərilməsi təmin olunmuşdur. İddiaçı iddia ərizəsində ona 2025-ci ilin aprel ayından ünvanlı dövlət sosial yardımı təyin edilməsini qeyd etmişdir. Qeyd olunur ki, iddiaçıya xx.xx.2025-ci il tarixdən ÜDSY təyin edilmiş və hazırda ödənişi davam etdirilir. İddiaçının hüquqi marağı isə 2025-ci ilin aprel ayından ÜDSY təyin olunmasıdır. Bildirilir ki, iddiaçının iddia tələbi təmin ediləcəyi halda ona 2025-ci ilin aprel və may ayları üçün də ödəniş edilmiş olacaqdır. Belə olduğu halda iddiaçıya 1 (bir) il 2 (iki) ay müddətinə ünvanlı sosial yardımın ödənilməsini cavabdehin üzərinə qoyulmuş olacaqdır. Bununla əlaqədar olaraq qeyd edir ki, iddiaçının ünvanlı sosial yardımın 14 (on dörd) ay ərzində ona ödənilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur, belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır. Belə ki, Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Hazırda isə iddiaçı təyinatdan əvvəlki iki ay üzrə ödənilməni xahiş edir. Bu isə qanunamüvafiq deyil. Odur ki, iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 verdikləri etiraz ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, kassasiya instansiyası məhkəməsinin hazırki tələb üzrə iddianın mümkün sayılmaması barədə qərarı da mövcuddur. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1 və 4.1-ci bəndləri). İş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2025-ci il tarixli **********9086-1 nömrəli müraciətinə əsasən cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq maddi-məişət şəraiti yoxlanılmış və ərizəbəyannamədə qeyd olunmuş məlumatlara görə uyğunsuzluq aşkarlanmadığı üçün, VEMTAS tərəfindən ailəyə xx.xx.2025-ci ildən xx.xx.2026-cı ilədək aylıq 379,62 manat məbləğində sosial yardım təyin olunmuşdur. Hazırda isə iddiaçı ünvanlı dövlət sosial yardımın təyinat tarixinin xx.xx.2025-ci ildən hesablanmasına nail olmağa çalışır. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»: Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ yoxdur. Çünki, Qanunvericiliyin tələbinə görə sosial yardım müraciət edilən ayın 1-dən bir il müddətinə təyin edilir. Doğrudur ki, iddiaçı müraciət etdiyi tarixdən təyin olunmanı istəyir. Lakin nəzərə almaq lazımdır ki, belə olacağı təqdirdə iddiaçıya sosial yardım 14 ay ödənilmiş olacaqdır ki, bu da qanunun tələblərinə ziddir. Belə ki, subyektiv hüquq qanunla 12 ayla məhdudlaşdırılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «ünvanlı dövlət sosial yardımın təyin tarixinin dəyişdirilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252)apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar