Məhkəmə qərarları › İş №2-1(114)-511/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-511/2022

16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-511/2022 16.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında,şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə 20.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 1992-ci, 1994-cü, 1995-ci və 1997-ci illərin hər ayının əmək fəaliyyətinin sosial sığorta stajına hesablanması və pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu isə bildirmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sığorta stajı və ya 28800 manat sığorta kapitalı tələb olunur. Lakin iddiaçının təqdim etdiyi sənələrə əsasən onun 24 il 3 ay sığorta stajın olması müəyyən olunmuşdur. Belə ki, arxiv arayışında 1992-ci il üzrə 1 ay, 1994-cü il üzrə 9 ay, 1995-ci il üzrə 1 ay, 1997-ci il üzrə 1 ay əmək haqqı hesablanmadığı üçün iddiaçının işlədiyi həmin dövrün 1 ili sığorta stajı kimi nəzərə alınmır və bu səbəbdən də ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək bildirir ki, o işlədiyi müddətdə ona hər ay əmək haqqı hesablanıb və hər ay vaxtlıvaxtında əmək haqqı almışdır. Hesab edir ki, arxiv məlumatlarında onun əmək haqqı alması barədə məlumatın olmaması onun günahı deyil. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi Daşkəsən rayon Dövlət Arxivinin 25.10.2021-ci il tarixli 102 nömrəli arxiv arayışına əsasən 01.01.1992-ci ildən 30.04.1997-ci il tarixədək əmək haqqı cədvəllərində qeyd olunan məlumatlara əsasən 1992-ci il üzrə 1 ay, 1994-cü il üzrə 9 ay, 1995-ci il üzrə 1 ay, 1997-ci il üzrə isə 1 ay əmək haqqı hesablanmadığı üçün onun mübahisələndirilən sığorta stajıdır və 1 il təşkil edir, həmçinin iddiaçının 1992-ci -1997-ci illərdə işlədiyi bütün aylar sosial sığorta stajı kimi qəbul edilsə ümumi stajı 25 il 3 ay təşkil edir. İddiaçının mübahisələndirilən ümumi iş stajı onun sosial sığorta stajına daxil edildiyi təqdirdə onun subyektiv hüquqi marağı yaranır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş İddiaçı məxsus 23.09.1972-ci il tarixli əmək kitabçasından görünür ki, sonuncu 14.03.1983-cü il tarixdən 13.04.1997-ci il tarixədək Daşkəsən avtomobil nəqliyyat müəssisəsində işləmişdir. -Daşkəsən rayon Dövlət Arxivinin 25.10.2021-ci il tarixli, 102 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1992-1997-ci illərdə Daşkəsən rayon Avtonəqliyyat Müəssisəsində işləmiş, həmçinin arayışda 1992-ci il üzrə 1 ay, 1994-cü il üzrə 9 ay, 1995ci il üzrə 1 ay, 1997-ci il üzrə 1 ay, ümumilikdə 12 ay əmək haqqı almamışdır, həmçinin 1994-cü ilin yanvar-sentyabr aylarının əmək haqqı kitabı arxivə təhvil verilmədiyinə görə həmin ayların əmək haqqı barədə məlumat vermək mümkün olmamışdır. -AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının “Pensiyanın təyin olunmasından imtina edilməsi haqqında” məktubundan görünür ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun 24 il 3 ay sığorta stajı müəyyən edildiyinə və ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində 28800 manat sığorta kapitalı tələb olunduğuna görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən cavabdeh tərəfindən onun 24 il 3 ay sığorta stajı müəyyən edildiyindən və ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində 28800 manat sığorta kapitalı tələb olunduğuna görə cavabdeh orqan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Qeyd edilməlidir ki, iddiaçının iş stajını təsdiq edən sənədlərə əsasən onun 24 il 3 ay ümumi iş stajı cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı kimi nəzərə alınmışdır. Lakin Daşkəsən rayon Dövlət Arxivinin 25.10.2021-ci il tarixli, 102 nömrəli arxiv arayışına əsasən iddiaçının 1992-1997-ci illərdə Daşkəsən rayon Avtonəqliyyat Müəssisəsində işlədiyi illərdə 1992-ci il üzrə 1 ay, 1994-cü il üzrə 9 ay, 1995-ci il üzrə 1 ay, 1997-ci il üzrə 1 ay, ümumilikdə 12 ay əmək haqqı almaması bildirilərək həmin aylar sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, 14.03.1983-cü il tarixdən 13.04.1997-ci il tarixədək Daşkəsən avtomobil nəqliyyat müəssisəsində işləmişdir. Bu səbəbdən də 1992-1997-ci illərdə müəyyən aylar üzrə əmək haqqı alması barədə arxivdə məlumatın olmaması iddiaçının əmək haqqı almamasını deməyə əsas vermir, eyni zamanda bu hal ona məxsus əmək kitabçasının doğruluğunu şübhə altına almağa əsas vermir. Başqa sözlə, arxiv məlumatlarının olmaması, yəni müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh olunmamalıdır, çünki iddiaçının qeyd olunan müddətdə işləməsi barədə qeydlər əmək kitabçasında mövcuddur və bu qeydlər hər hansı şübhə doğurmur. “İnziabti icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə müəyyən olunur ki, cavabdeh tərəfindən mübahisələndirilməyən 24 il 3 ay sığorta stajı və 1992-1997-ci illər üzrə nəzərə alınmayan 12 ay sığorta stajı ilə birlikdə ümumilkdə 25 il 3 ay sığorta stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 29.09.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının 29.09.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Tələb olunan müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) münasibətdə isə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması müəyyən edilmişdir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixdən etibarən fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı olmasa da, 25 ildən çox (25 il 3 ay) sığorta stajının olması iş materialları ilə öz təsdiqini tapır. Deməli iddiaçı pensiya yaşında olmaqla həm də tələb olunan sığorta stajına (ümumilikdə 25 il 3 ay) malikdir. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının 1992-1997-ci illər üzrə nəzərə alınmayan 12 ay sığorta stajının onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Daşkəsən rayon Avtonəqliyyat Müəssisəsində işlədiyi 1992-1997-ci illər üzrə nəzərə alınmayan 12 ay sığorta stajının onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar