Məhkəmə qərarları › İş №2-1(114)-512/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-512/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-512/2020 25.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinə qarşı adın birdəfəlik maddi yardım alacaq şəhidlərin siyahısına salınması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonu Yellicə yaylağında şəhid olmuş əri X1 adının 11.000 (on bir min) manat birdəfəlik maddi yardım alacaq şəhidlərin siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X3 xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonu Yellicə yaylağında mal-qaranı sərhəddən apararkən erməni faşistlərinin atdığı güllədən həlak olmuş və Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının müvafiq qərarı əsasında ona “mülki şəhid” statusu verilmişdir. Həmin tarixdən etibarən şəhidin ailəsinə müvafiq müavinət verilməkdədir. İddiaçı mərhum ərinin adının 11.000 (on bir min) manat birdəfəlik maddi yardım alacaq şəhidlərin siyahısına salınması ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı və vəkili Vəkil məhkəmə hazırlıq icraatı iclasında iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, mülki şəhidlərin qeydiyyatı və digər sənədlərin işlənməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin səlahiyyətlərinə aid olmadığı üçün mərhumX1 qeydiyyatı bölmədə aparılmır və onun adının birdəfəlik yardım alacaq şəhidlərin siyahısına salınması bölmənin səlahiyyətlərində deyil . Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mərhum əri X3erməni hərbiçilərinin atdığı güllədən həlak olmuş və Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının müvafiq qərarı əsasında ona “mülki şəhid” statusu verilmişdir. Həmin tarixdən etibarən şəhidin ailəsinə müvafiq müavinət verilməkdədir. Hazırda iddiaçıAzərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanı ilə qeyd olunan şəxslərin vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı mərhum ərinin adının həmin ödəməni alacaq subyektlərin siyahısına salınmasını tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın:- 1.1-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. xx xxxxxx 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Göründüyü kimi qanunvericilik şəhid hesab edilən şəxslərin ayrı-ayrı kateqoriyasını müəyyən etmişdir. Həmin Qaydaların 4.1-ci bəndinin 2-ci hissəsinə görə şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Qeyd olunan normanın məzmunundan bəlli olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yalnız hərbi qulluqçulara münasibətdə müvafiq səlahiyyətləri yerinə yetirir. Hazırki işdə iddiaçının mərhum əri X1 isə belə bir statusu olmamış və o, mülki vətəndaş olaraq şəhid olmuşdur. Beləliklə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi hazırki iddiaya cavab verməli orqan deyil. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə hüquqi niyyətini Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən şəhid ailələri üçün nəzərdə tutulmuş 11.000 (on bir min) manat birdəfəlik maddi yardımın alınması təşkil edir və iddiaçı tərəfindən istinad olunan Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanı ilə məhz 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan da qeyd etmək lazımdir ki, iddiaçının mərhum əri mülki vətəndaş olaraq şəhid olduğuna görə onun ailə üzvləri sözügedən Fərmanın təsir dairəsinə düşmür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, eləcə də cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması həmin şərtlərə daxildir. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinə qarşı adın birdəfəlik maddi yardım alacaq şəhidlərin siyahısına salınması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar