Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-513/2020 25.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdam rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinə qarşı onun 1983-1999-cu illərdə Ağdam rayonu “Üçoğlan” kolxozunda kolxoçu kimi işləməsinə dair iş illərinin əmək stajına daxil edilməsi və həmin illərin “adam günü” normativinin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Ağdam rayon İstismar Sahəsində fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək həmin İstismar sahəsində 2-ci dərəcəli texniki xidmətçi, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək həmin istismar sahəsində 1-ci dərəcəli elektromontyor, xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilədək Ağdam rayonu “Üçoğlan” kolxozunda sıravi kolxozçu işləmişdir. Hazırda yaşa görə əmək pensiyasına çıxmağı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinə müraciət edərkən sosial sığorta stajının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir İddiaçı xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdam rayon filialının etibarnamə üzrə nümayəndəsi X1 xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarına əsasən 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990, 1991, 1992, 1993, 1994, 1995, 1996, 1997, 1998, 1999-cu illərdə T.İsmayılov adına kolxozda və 1971-ci ilin yanvar ayından 1974-cü ilin noyabr ayınadək Xocavənd rayonunun Kurapatkino qəsəbəsində şərab zavodunda işləməyinə dair əmək kitabçası olmadığına görə iddiaçıya məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş üzrə tərəflərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edir. İş materiallarında olan; - Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, **********3 nömrəli məktubundan məlum olur ki, İddiaçı kolxozda və şərab zavodunda işlədiyinə dair əmək kitabçası olmadığı üçün sığorta stajına daxil edilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Ağdam filialının xx.xx.2018-ci il tarixli, 212 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1985, 1986, 1988 və 1989-cu illərdə Ağdam rayonu Üçoğlan koxlozunda işləmişdir. Həmçinin arxiv arayışında minimum adam günü norması və iddiaçının işlədiyi faktiki adam günləri qeyd olunmuşdur. Adam günü normaları üzrə araşdırma aparılanda müəyyən olunur ki, kolxozda 1984-1999-cu illər üzrə minimum əmək günü norması 220 gün olmuşdur. İddiaçı 1988-ci ildə minimum əmək günü normasından artıq işləmiş, 1985, 1986 və 1989-cu illərdə (3 ildə) isə cəmi 313 əmək günü işləmişdir. - Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(013)-50/2020 nömrəli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, ərizə təmin olunmuş, İddiaçı 1971-ci ilin yanvar ayından 1974-cü ilin noyabr ayınadək Xocavənd rayonunun Kurapatkino qəsəbəsində yerləşən Şərab zavodunda fəhlə işləməsi faktının müəyyən olunması qət edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(104)-1792/2020 nömrəli qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(013)-50/2020 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, ərizə təmin olunmamış, qətnamə qanuni qüvvəsini almışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; 2.1. maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. 3.1. maddəsinə əsasən sğortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. İddiaçı iddia ərizəsində 1983-1999-cu illərdə Ağdam rayonu Üçoğlan kolxozunda işlədiyini qeyd etmişdir. Lakin, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Ağdam filialının xx.xx.2018-ci il tarixli, 212 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1985, 1986, 1988 və 1989-cu illərdə Ağdam rayonu Üçoğlan koxlozunda işləmişdir. Həmçinin arxiv arayışında minimum adam günü norması və iddiaçının işlədiyi faktiki adam günləri qeyd olunmuşdur. Adam günü normaları üzrə araşdırma aparılanda müəyyən olunur ki, kolxozda 1984-1999-cu illər üzrə minimum əmək günü norması 220 gün olmuşdur. İddiaçı 1988-ci ildə minimum əmək günü normasından artıq işləmiş, 1985, 1986 və 1989-cu illərdə (3 ildə) isə cəmi 313 əmək günü işləmişdir. Həmçinin, Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(013)-50/2020 nömrəli qətnaməsi ilə İddiaçı 1971-ci ilin yanvar ayından 1974-cü ilin noyabr ayınadək Xocavənd rayonunun Kurapatkino qəsəbəsində yerləşən Şərab zavodunda fəhlə işləməsi faktı müəyyən olunsa da, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(104)-1792/2020 nömrəli qətnaməsi ilə qeyd olunan qətnamə ləğv edilmiş və ərizə təmin edilməmişdir. Məhkəmənin qənaətinə görə, pensiya təyin olunması barədə mübahisələrə baxılarkən məhkəmə araşdırması təkcə inzibati orqanın etiraz dəlilləri ilə kifayətlənməməli, İPM-nin 12-ci maddəsindən irəli gələn vəzifələrə uyğun olaraq, pensiya təyin olunması barədə qərar qəbul edilməsinə təsir edən digər hüquqi məsələlər də (iddiaçının pensiya yaşına çatması, sığorta stajı, şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği və s.) araşdırılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hisssəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur və 64 il 6 aylıq yaş həddinə xx.xx.2019-cu il tarixdə çatmışdır. Pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcud olmuş, ikinci şərt, yəni 25 il sığorta stajına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının tələb olunan 25 il sığorta stajı olmadığına görə, onun pensiya almaq hüququ yaranmır. Nəzərə almaq lazımdır ki, iddiaçının pensiya almaq hüququ yoxdursa, müvafiq dövrün onun sosial sığorta stajına daxil edilməsindən imtina həmin şəxsin hər hansı hüququnun pozulması ilə nəticələnmir və bu halda iddianın mümkün sayılması üçün Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mümkünlük şərtləri də olmayacaqdır. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin olunmasından imtina etməsi əsassız deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdam rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsing şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-513/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-513/2020
25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver