Məhkəmə qərarları › İş №2-1(114)-5131/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5131/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5131/2025 07.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Quliyev Zəfər Arif oğlu, İddiaçı cavabdeh Tovuz rayonu Bayramlı bələdiyyəsinə qarşı “bələdiyyənin mülkiyyətində olan, hərrac vasitəsilə ona satılan torpaq sahəsinə dair onunla cavabdeh arasında notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələb üzrə işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdim: İddiaçı cavabdeh Tovuz rayonu Bayramlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “bələdiyyənin mülkiyyətində olan, hərrac vasitəsilə ona satılan torpaq sahəsinə dair onunla cavabdeh arasında notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. İddia ərizəsinin məzmunundan da aydın olur ki, tərəflər arasında yaranmış mübahisə hərracın nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı olmuşdur. Qeyd olunmalıdır ki, dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülkihüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülkihüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.3-cü bəndində təsbit olunmuş mövqeyə əsasən: Əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, hazırkı iddiaya Ali Məhkəmənin yuxarıda istinad edilmiş qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsində baxılmalıdır. Belə yanaşma həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Hərracın təşkili və keçirilmə qaydası” tənzimləyən 415-ci maddəsində əks olunmuşdur. Həmin normaya uyğun olaraq tərəflərdən biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Tovuz rayonu Bayramlı bələdiyyəsinə qarşı “bələdiyyənin mülkiyyətində olan, hərrac vasitəsilə ona satılan torpaq sahəsinə dair onunla cavabdeh arasında notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar