Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-514/2020 16.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı dövlət qulluqçusu ixtisas dərəcəsinin, mükafat və məzuniyyət zamanı işçiyə ödənilən yardımın məbləğləri nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq 3 illik qalıq hissəsinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair məcburetmə haqqında inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gədəbəy rayon şöbəsinə qarşı xx.xx.2019cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, dövlət qulluqçusu ixtisas dərəcəsinin, mükafat və məzuniyyət zamanı işçiyə ödənilən yardımın məbləğləri nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq 3 illik qalıq hissəsinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-903/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sözügedən qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(104)-720/2019 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2-1(83)-903/2019 nömrəli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-514/2020 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gədəbəy rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X5 İdarəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci ildən 5 il 10 ay 15 gün iş stajı ilə dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdiri-baş memar vəzifəsində işləyən zaman dövlət qulluqçusunun ixtisas dərəcəsi olmamışdır. Buna görə də, pensiyaya çıxan zaman dövlət qulluqçusunun ixtisas dərəcəsinə görə ona pensiya hesablanmamışdır. Eləcə də pensiyaya çıxan zaman işçiyə ödənilən mükafat və məzuniyyətə buraxılma zamanı ödənilən yardımın faizləri də hesablanmamışdır. 2019-cu ilin aprel ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gədəbəy rayon şöbəsinə müraciət edərək pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmiş, lakin inzibati orqan pensiya məbləğinin yenidən hesablanmasından imtina etmişdir. Hesab edir ki, pensiya məbləğinə dövlət qulluqçusu ixtisas dərəcəsinə görə faizlər, eləcə də mükafat və məzuniyyətə buraxılma zamanı ödənilən yardımın faizləri hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək dövlət qulluqçusu ixtisas dərəcəsinin, mükafat və məzuniyyət zamanı işçiyə ödənilən yardımın məbləğləri nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq 3 illik qalıq hissəsinin ödənilməsi vəzifəsinin cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X5 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X5 İdarəsinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X5 İdarəsi məhkəməyə xx.xx.2020-ci il tarixli iddiaya qarşı etiraz ünvanlayaraq iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı təfərindən məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: - İddiaçıya məxsus Aze seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavininin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, Ə-7-107 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gədəbəy rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********3 nömrəli məktubu; - İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, mahiyyəti baxımından qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X3 Məcəllənin 33.1 və 33.2ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Çünki cavabdeh iddiaçının pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə İddiaçı Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdiri-baş memar vəzifəsində işləmiş, xx.xx.2015-ci ildən 5 il 10 ay 15 gün iş stajı ilə dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. Bu barədə əmək kitabçasında qanunvericiliyə müvafiq olaraq rəsmi qeydlər aparılmışdır. O, dövlət qulluqçusu ixtisas dərəcəsinin, mükafat və məzuniyyət zamanı işçiyə ödənilən yardımın məbləğləri nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq 3 illik qalıq hissəsinin ödənilməsi ilə bağlı rəsmi qaydda ərizə ilə cavabdehə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mükafat və məzuniyyət zamanı işçiyə ödənilən yardımın məbləğləri nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasından imtinası ilə bağlı hərəkətlərini iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Beləliklə, qanunvericiliyə görə fəaliyyətdə olan dövlət qulluqçusunun məvacibinin tərkibinə vəzifə maaşından başqa, həm də dövlət qulluqçularına verilən mükafatlar, ixtisas dərəcəsinə görə əlavə haqq, məzuniyyətə çıxarkən verilən müavinət və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq da daxildir. Hazırkı iş üzrə mübahisə isə ondan ibarətdir ki, pensiyaya çıxanadək dövlət məvacibinin tərkibində həmin əlavələri almamış dövlət qulluqçusu sonradan dövlət qulluqçularına verilməyə başlanılmış həmin əlavələri nəzərə almaqla özünün pensiyasının yenidən hesablanmasının tələb etmək hüququna malikdirmi. Bununla bağlı məhkəmənin mövqeyi aşağıdakılardan ibarətdir. “Dövlət qulluğu haqqında” Qanunun 23.1, 23.2 və 23.4-cü maddələrində təsbit edilmişdir ki, dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır. Beləliklə, qanunvericilik təsbit edir ki, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan əlavələri nəzərə almaqla özünün pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki qanun əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Buna görə də, məhkəmə cavabdehin həmin əlavələr iddiaçı tərəfindən dövlət qulluqçusunun məvacibinin tərkibinə daxil olmaqla onun tərəfindən alınmadığı və bu barədə müvafiq arayışlar təqdim edilmədiyi üçün iddiaçının pensiyasının qeyd olunan əlavələr nəzərə alınmaqla yenidən hesablanmasının mümkün olmadığına dair dəlillərini əsassız hesab edir. Əksinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.4-cü maddəsinin təyinatı məhz ona yönəlmişdir ki, dövlət qulluqçusu özünün işlədiyi vaxt almadığı əlavələri sonradan həmin əlavələr dövlət məvacibinin tərkibinə daxil edildiyi üçün onları nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilsin. Bu mənada, iddiaçıdan sözügedən əlavələri aldığını təsdiq edən arayışları tələb etmək də yersiz görünür, onsuz da belə sənədlərin təqdim edilməsi mümkün deyildir. Çünki iddiaçı özünün işləyərkən almadığı, lakin sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan əlavələri nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, onun qənaətinə görə, dövlət qulluqçusu özünün pensiyasının yenidən hesablanmasını tələb edərkən sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan bütün əlavələrin istisnasız nəzərə alınmasını tələb etməkdə haqlı deyildir. Belə ki, qanunvericiliyin təhlilindən müəyyən olunur ki, müəyyən qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olaraq verildiyi halda, bir qrup əlavələr isə dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənilir. Ona görə də, dövlət qulluqçusunun elə əlavələri nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ vardır ki, onlar dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanundan birbaşa irəli gəlməklə imperativ qaydada dövlət məvacibinin tərkibinə daxil edilməklə verilməlidirlər. Dövlət orqanının mülahizəsindən asılı olaraq alınan əlavələrə münasibətdə isə nəzərə alınmalıdır ki, dövlət qulluqçusunun həmin əlavələrə layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanının diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Başqa sözlə, dövlət qulluqçusunun əgər işləsəydi həmin əlavələri alacağını qəti şəkildə söyləmək mümkün deyildir. «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı»nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanına görə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilir. Məhkəmə həmçinin hesab edir ki, müəyyən vəzifələri tutan dövlət qulluqçularına hakimiyyət səlahiyətlərinin icrasına görə əlavə haqq «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı»nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008ci il tarixli Fərmanı qüvvəyə mindikdən sonra verildiyi üçün iddiaçının həmin haqq nəzərə alınmaqla pensiyanın hesablanmasını tələb etməkdə hüququ da sözügedən Fərmanın qüvvəyə mindiyi tarixdən sonra yaranır. Yuxarıda sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluqçusu kimi mükafat və məzuniyyət zamanı işçiyə ödənilən yardımın məbləğləri nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İxtisas dərəcəsinə görə əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanmalı olduğuna dair tələblər isə məhkəmənin qənaətinə görə aşağıdakılara əsasən təmin edilə bilməz. «Dövlət qulluğu haqqında» Qanunun 16.1-ci maddəsinə görə dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinə görə isə ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin Qanunun 17.5 və 17.6-cı maddələrinə görə dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd apanlır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalan»nın 12-ci bəndində isə təsbit olunmuşdur ki, ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay ixtisas dərəcəsinə görə əlavə ödənilir. Həmin Qaydaların 15-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ixtisas dərəcəsindən məhrum edilməsi qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi dövlət qulluqçusuna hansı ixtisas dərəcəsinin verilməsi müvafiq dövlət orqanının rəhbəri tərəfindən onun mülahizəsinə əsasən həll edilir. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ya onun ixtisas dərəcəsindən məhrum edilməsi də mümkündür. Digər tərəfdən isə ixtisas dərəcəsinə görə əlavələr yalnız ixtisas dərəcəsinin verildiyi gündən başlayaraq ödənilə bilər. İşin hallarından isə görünür ki, iddiaçıya ümumiyyətlə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında şöbə müdiribaş memar vəzifəsində işləyən zaman ixtisas dərəcəsi verilməmişdir. Bu hissədə iddianın təmin ediləcəyi halda, ona hansı ixtisas dərəcəsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması da qeyri-müəyyən qalır. Ona görə də, həmin hissədə məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia qismən tələbi təmin olunmalı, İddiaçı dövlət qulluqçusu kimi mükafat və məzuniyyət zamanı işçiyə ödənilən yardımın məbləğləri nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq 3 illik qalıq hissəsinin ödənilməsi vəzifəsiAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X5 İdarəsinin üzərinə qoyulmalı, iddia tələbi ixtisas dərəcəsinin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsində təmin edilməməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı dövlət qulluqçusu kimi mükafat və məzuniyyət zamanı işçiyə ödənilən yardımın məbləğləri nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq 3 illik qalıq hissəsinin ödənilməsi vəzifəsiAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X5 İdarəsinin üzərinə qoyulsun. İddia tələbi ixtisas dərəcəsinin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-514/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-514/2020
16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver