Məhkəmə qərarları › İş №2-1(114)-514/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-514/2021

01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-514/2021 01.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinə qarşı qərarın ləğvi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 428-9 nömrəli qərarından görünür ki, borclu – Gəncə şəhəri, Totanlı küçəsi, 3-cü döngə, ev 21-də qeydiyyatda olan xx.xx.1964-cü ildə Gəncə şəhərində doğulmuş İddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospektindən Gəc zavoduna gedən yolda İstehsal və ticarət obyektini, Gəncə şəhəri, Gil torpaq kombinatına gedən yolun sol tərəfində yerləşən Daş sexinin, Gəncə şəhəri, N.Nərimanov küçəsi, 3-döngə, bina 3, mənzil 3/50-də yerləşən “Gəncə Bank”ın əmlak və torpaq sahəsinə görə ödənilməmiş 6854 manat 99 qəpik vergi borcu tutularaq kreditor – Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsinin büdcəsinə ödənilməsi üçün müraciət olunması, qərarın nüsxəsinin borclu İddiaçı rəsmi qaydada çatdırılması, borclu İddiaçı bu xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində vergi borcu ödənilmədiyi halda “İnzibati icra haqqında” Azərbaycan Respublikası Qanununun 83.2-ci maddəsinə uyğun olaraq ona qarşı olan pul tələbinin məcburi icraya yönəldilməsi, qərarın icrasına nəzarətin Kəpəz bələdiyyəsi sədrinin müavini E.T.Məmmədova həvalə edilməsi qərara alınmışdır. Qeyd edilən qərarla razılaşmayan İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 428-9 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz rayon Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, 428-9 nömrəli qərarı ilə ondan əmlak və torpaq sahəsinə görə ödənilməmiş 6854,99 manat vergi borcunun bələdiyyə büdcəsinə tutulması, bələdiyyənin büdcəsinə ödənilməsi üçün müraciət edilməsi qərara alınmşdır. Göründüyü kimi, həmin qərar bir qədər mücərrəddir. Əgər bu qərar onun haqqındadırsa və ondan 6854,99 manat məcburi qaydada tutulmalıdırsa, deməli həmin pulun bələdiyyənin büdcəsinə ödənilməsi barədə müraciət yalnız icra məmuruna yönələ bilər. Yəqin ki, Kəpəz Bələdiyyəsi “müraciət edilsin” dedikdə, Gəncə şəhər İcra idarəsini nəzərdə tutmuşdur. Onu maraqlandıran ondan tutulmalı olan 6854,99 manat olduğundan bildirmək istərdi ki, onun yerli büdcəyə borcu yoxdur. Ona görə də yuxarıda göstərilən məbləğin ondan inzibati qaydada tutulması haqqında qərar qanunsuz və əsassızdır. Qərarda Gəc zavoduna və Gil-torpaq kombinatına aparan yolların üstündə, N.Nərimanov prospektində və başqa yerlərdə onun torpağı və əmlakı olması, onlara görə vergi ödəməli olmağı barədə Kəpəz Bələdiyyəsi tərəfindən ona xx.xx.2020-ci il tarixdə tədiyyə bildirişi, xx.xx.2020-ci il tarixdə isə xəbərdarlıq göndərilməsi barədə sözlər yalandır. Kəpəz Bələdiyyəsindən ona hər hansı miqdarda borcu olmasına dair nə tədiyyə bildirişi, nə də könüllü ödənilməsinə görə xəbərdarlıq almamışdır. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, hər bir fiziki şəxs əmlak vergisi ödəməlidir. İddiaçının bir qeyri-yaşayış sahəsi, iki torpaq sahəsi olmaqla 3 obyekti mövcuddur. Onlardan qeyriyaşayış sahəsi olan tikilini uzun müddət “Gəncəbank”a icarəyə vermişdir. Torpaq sahələrindən birində isə daş sexi fəaliyyət göstərmişdir. İddiaçı bələdiyyə büdcəsinə vergi ödəməkdən yayınmış, bu səbəbdən onun barəsində qərar qəbul edilmişdir. Qərar bələdiyyənin üzvlərinin iştirakı ilə və “Bələdiyyələrin statusu haqqında” Qanuna uyğun qəbul edilmişdir. Bundan başqa iddiaçıya 2013-cü ildən 2020-ci ilədək olan dövr üçün vergi hesablanmış, tərəflərindən qərar qəbul edilən zaman iddiaçıya məlumat verilsə də, həmin məlumatın verilməsinə dair sənəd saxlanılmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın- qərarın ləğv edilməsini xahiş etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia ərizəsi üzrə ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddia düzgün cavabdehə qarşı İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsində nəzərdə tutulan iddia müddətinə riayət edilməklə verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan qəbul etdiyi inzibati aktdan şikayət vermə müddətini müəyyən etsə də, həmin qərarın rəsmi şəkildə iddiaçıya təqdim edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, iddiaçı da öz növbəsində bələdiyyə qərarının mövcudluğu barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin “tələbin könüllü icrası haqqında” bildirişi aldığı vaxt xəbərdar olduğunu bildirmiş və buna dair rəsmi sənəd təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il tarixli 7403/2021-3-00 nömrəli “tələbin könüllü icrası haqqında” bildirişindən və iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 428-9 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuş, İddiaçı həmin bildirişi xx.xx.2021-ci il tarixdə imza edərək qəbul etmiş və qərarın ləğv edilməsi barədə iddia ərizəsini xx.xx.2021-ci il tarixdə məhkəməyə ünvanlamışdır. İddia ərizəsi ilə yanaşı iddiaçı məhkəməyə ərizə təqdim edərək yuxarıda göstərilən xüsusatlar nəzərə alınmaqla iddia tələbinə məhkəmədə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və işin hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 428-9 nömrəli qərarının təsdiqlənmiş surətindən görünür ki, borclu İddiaçı 6854 manat 99 qəpik vergi borcunun tutularaq bələdiyyənin hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə baxılan zaman ilkin olaraq iddiaçının mübahisələndirdiyi qərarın cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunu ilə müəyyən edilmiş əsaslarına, prinsiplərinə və prosedur qaydalarına riayət edib-edilməməsi mütləq şəkildə nəzərə alınıb araşdırılmalıdır. Belə ki, xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “İnzibati icraat haqqında” Qanunun preambulasında deyilir ki, “Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir”. Həmin Qanunun 1.1-ci maddəsinə müvafiq olaraq bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsasları, prinsipləri və prosedur qaydaları “İnzibati icraat haqqında” Qanunla müəyyən edilir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə adıçəkilən qanunun tələbləri çərçivəsində hərəkət etməlidirlər. Lakin iddiaçının mübahisələndirdiyi inzibati akt-qərar cavabdeh tərəfindən qəbul edilməsi zaman “İnzibati icraat haqqında” Qanun ilə müəyyən edilmiş əsaslara, prinsiplərə və prosedur qaydalara riayət olunmamış, bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan və əsassız inzibati akt qəbul edilmişdir. İlkin olaraq qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Göründüyü kimi «İnzibati icraat haqqında» Qanunda icraatın aparılması, icraat barədə rəsmi məlumatın verilməsi imperativ qaydada nəzərdə tutulmuş, lakin hazırkı icraat zamanı iddiaçıya məlumat verilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmiş, inzibati orqanın nümayəndəsi də izahatında belə bir sübutun saxlanılmadığını, iddiaçıya şifahi formada məlumat verildiyini bildirmişdir. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən inzibati aktdan şikayət verilmə müddəti 10 gün deyil, 30 gün müəyyən edilmiş, lakin bələdiyyə tərəfindən qərar tərtib edilərkən “İnzibati icraat haqqında” qanunun tələbləri pozulmuşdur. Belə ki, mübahisləndirilən qərarın “nəticə” hissəsinin 3-cü bəndində göstərilmişdir ki, borclu qərarı aldıqdan 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı, qərar vermiş Gəncə şəhəri Kəpəz rayonu Kəpəz bələdiyyəsinə yazılı xəbərdarlıq etməklə məhkəməyə şikayət verə bilər. Məhkəmə həmçinin cavabdeh inzibati orqan tərəfindən qərar qəbul edilərkən vergi borcunun hesablanması zamanı maddi hüquq normalarının müddəalarının düzgün tətbiq edilməməsi qənaətinə gəlmişdir. Belə ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. - 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. - 3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. - 3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. - 13.1-ci maddəsinə əsasən yerli vergi və ödənişlərin ödəyiciləri, vergi agentləri, habelə bələdiyyələrin vergi xidməti orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: - 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. - 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 11-ci maddəsinə əsasən vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Sadalanan normalardan göründüyü kimi yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir və həmin vergilər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bələdiyyələrə ödənilir. Belə olan halda həmin vergilərin ümumi əsasları, ödənilməsi, yığılması qaydaları və müddətləri də Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: - 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 85.1-ci maddəsinə əsasən hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. - 85.2-ci maddəsinə əsasən vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. - 85.3-cü maddəsinə əsasən vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. - 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli qərarında qeyd olunur ki, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon bələdiyyəsinin **********12 yerli vergi ödəyicisinin kodu olan yerli vergi ödəyicisinin xx.xx.2020-ci il tarixə illər üzrə borcunun yaranmasına dair arayışdan məlum olur ki, vegitutma obyekti – Gil torpaq kombinatına gedən yolun sol tərəfi Daş sexi üzrə 2013-2020-ci illər üzrə 924,00 manat, vegitutma obyekti – N.Nərimanov 3.dön. bina 3 mənzil 3/50qeyri-yaşayış sahəsi «Gəncə bank» üzrə 2015-2020-ci illər üzrə 91 manat, vegitutma obyekti – Xətai Gəc zavoduna gedən yolda İstehsal və ticarət obyekti üzrə 2016-2020-ci illər üzrə 4000 manat olmaqla ümumilikdə 1839,94 manat faiz, 5015,05 manat əsas borc olmaqla cəmi 6854,99 manat vergi borcu hesablanmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 85.4-cü maddəsinə əsasən bələdiyyə vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq, hesablanmış məbləği yenidən hesablamaq və hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malik olduğu halda hazırki qərar ilə 2013-2020-ci illər üzrə vergilərin ödənilməsini tələb etmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Gəncə şəhər Kəpəz rayon bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 428-9 nömrəli qərar qəbul edilən zaman yuxarıda sadalanan normaların tələblərinə əməl edilməmiş, iddiaçının və ya onun nümayəndəsinin inzibati icraatda iştirakı təmin olunmamış, onların mülahizələri dinlənilməmiş, qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərilməmiş, sadəcə “Gəncə şəhər Kəpəz rayon bələdiyyəsi üzrə vergi ödəyicisinin və təsərrüfat subyektinin (obyektinin) uçota alınması, vergilərin hesablanması və ödənilməsi haqqında” 2412 nömrəli şəxsi hesabdan çıxarış əsasında 6854 manat 99 qəpik vergi borcunun alınıb ödənilməsi barədə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Gəncə şəhəri Kəpəz rayonu Kəpəz bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, 428-9 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar