Məhkəmə qərarları › İş №2-1(114)-514/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-514/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-514/2024 01.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X2) kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X2) iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehdən onun əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməklə, onun tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq hissəsində yerləşən torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun müdafiəsinin təmin edilməklə həmin torpaqda inşa etdiyi hasarın dağılması nəticəsində cavabdeh tərəfindən ona vurulmuş 3000 manat dəymiş maddi zərərin həm cavabdehdən, həm də 3-cü şəxsdən ona dəymiş 50000 manat mənəvi zərərin onlardan tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq hissəsində ona X3 500.0 kv.m torpaq sahəsi alaraq özünün mənzil təminatını təmin etmək üçün həmin torpaqda fərdi yaşayış evi inşa etdirərək hasara alınmışdır. Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsinin rəisi X4 və həmin idarənin hüquqşünası Çingiz müəllimin qanunsuz hərəkətləri nəticəsində onun tərəfindən inşa edilmiş evin hasarı heç bir məhkəmə qərarı olmadan özbaşınalıq nəticəsində sökülmüşdür. Həmin hasarın torpaq sahəsinin yerini müəyyən etməklə heç bir şəxslərə aidiyyatı olmamışdır. İş üzrə 3-cü şəxs X2 da həmin küçədə yaşamaqla iddiaçının inşa etdiyi hasarın ona heç bir aidiyyatı olmadığı təqdirdə qanunsuz olaraq Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinə müraciət etmiş və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin İcra başçısı Eldəniz Xudiyev tərəfindən onun torpaq sahəsinə və inşa etdiyi hasara baxış keçirilərək həmin hasarın heç kimin hüquqularını pozmadığı sərhəd daxilində inşa edildiyini müəyyən edərək 3-cü şəxsə məlumat versə də, sonradan yenə də 3-cü şəxsin iştirakı ilə cavabdehlər tərəfindən onların birgə hərəkəti nəticəsində iddiaçının inşa etdiyi hasarın uçurdularaq ona əhəmiyyətli dərəcədə maddi zərər dəymişdir. İddiaçı nəzərə çatdırır ki, o, özü məcburi köçkün olaraq pulunu yığaraq bu evi və hasarı inşa etdirmişdir, mənzil şəraitini bir təhər təmin etmiş, həmçinin özü isə xəstə ahıl olmaqla xəstə qadındır.

3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-688/2021 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin hərəkətləri nəticəsində dəymiş 3000 (üç min) manat maddi zərərin iddiaçıya ödənilməsi barədə” tələbinə dəyişdirilmişdir.

4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-688/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, 3000 (üç min) manat maddi zərərin İddiaçı ödənilməsi vəzifəsi Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

5. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(104)-66/2022 nömrəli qərarı ilə cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmişs apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-688/2021 nömrəli qərarı dəyişdirilmiş, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən vurulmuş zərərə görə 2984 (iki min doqquz yüz səksən dörd) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2193/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(104)-66/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-282/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-688/2021 nömrəli qərarı ləğv edilmiş və iş materiallarının yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. II. Prosessual məsələlər

8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı, üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

9. Məhkəmə hazırlıq iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

10. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

11. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.

12. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

13. İddia tələbində İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon şimal-şərq hissəsində X3 500 kv.metr torpaq sahəsi alaraq fərdi yaşayış evinin tikintisinə başladığını, bundan sonra çəkilmiş hasarın cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətlərindən irəli gələrək söküldüyünü iddia etmiş, 3000 manat maddi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir.

14. İş materiallarına əlavə edilən Gəncə şəhər Kəpəz rayonu İcra hakimiyyəti başçısının 30 dekabr 2014-cü il tarixli, 2283 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayon şimal-şərq hissəsində 500 kv metr torpaq sahəsində X5 fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

15. Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin rəisi tərəfindən xx.xx.2017-ci il tarixli razılaşdırılmış lahiyyə sənədinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq hissəsi lahiyələndirilmişdir.

16. Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AR-İ№6665 nömrəli etibarnamənin surətindən məlum olur ki, X9 (səlahiyyəti ötürülmüş İddiaçı) Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının verdiyi xx.xx.2014-cü il tarixli, 2283 nömrəli sərəncamına əsasən ona ayrılmış Gəncə şəhəri, Kəpəz rayon, 3-cü mikrorayonun şimal-şərq tərəfində yerləşən 500.0 kv.m torpaq sahəsinə və gələcəkdə həmin torpaq sahəsində inşa ediləcək tikililərə dair etibarnamədə qeyd olunan hüquqları və tapşırıqların yerinə yetirlməsi ilə əlaqədər hərəkət etmək səlahiyyəti X1 etibar edilir. Etibarnamə 17 il 10 ay 24 gün müddətinə verilib və xx.xx.2037-ci il tarixədək qüvvədədir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

18. Hazırkı halda, iddiaçının əmlaka sahibliyinin (iddiaçının hasarın titul sahibi olması) hüquqi əsası müəyyən edilməmişdir.

19. Belə ki, əmlakın yerləşdiyi torpaq sahəsində fərdi yaşayış evinin lahiyyələndirilməsinə icazə Gəncə şəhər Kəpəz rayonu İcra hakimiyyəti başçısının 30 dekabr 2014-cü il tarixli, 2283 nömrəli sərəncama əsasən X6 verilmiş, xx.xx.2019-cu il tarixli etibarnamə əsasında təmsilçilik hüququ H.Qasımovaya etibar edilmişdir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1. maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

21. Həmin Məcəllənin 364.1.maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.

22. Həmin Məcəllənin 364.2. maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.

23. Göründüyü kimi mülki hüquqda nümayəndəlik odur ki, bir şəxs (nümayəndə, təmsilçi) başqa şəxsin (təmsil olunanın) adından və həmin şəxsin mənafeyi üçün ona verilmiş səlahiyyət əsasında hüquqi hərəkətlər yerinə yetirir və bunun nəticəsində təmsil olunan şəxs üçün mülki hüquq və vəzifələr əmələ gəlir, dəyişir və ya xitam olunur.

24. Hazırki iş üzrə torpaq sahəsi üzərində tikilinin lahiyədləndirilməsinə F.Qasımova icazə verilmiş, sonuncu həmin torpaq sahəsi və üzərində inşa ediləcək tikililər üzrə adından və onun mənafeyi üçün müəyyən hərəkətlər etməyi iddiaçı və digər şəxsə etibar etmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinə və ya əmlaka qanuni sahiblik hüququnu təsdiq edən hər hansı sənəd məhkəmə araşdırmasına təqdim olunmamışdır.

25. Ona görə də məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixində hüquqi yardım barədə sərəncam göndərilərək, apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla iş üzrə iddiaçının əsl iddiaçı ilə əvəz olunması ilə bağlı ərizəsinin təqdim edilməsi təklif olunmuş və bu əsasla məhkəmə iclası üç dəfə təxirə salınmasına baxmayaraq, ötən 6 ay müddətində iddiaçının əsl iddiaçı ilə əvəz olunması ilə bağlı ərizə təqdim edilməmişdir.

26. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

27. Hazırkı işdə iddiaçının ilk növbədə mübahisəli tikiliyə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

28. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

29. Lakin yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki, iddiaçının həmin ev və evin hasarı ilə bağlı tələb etmə hüququ mövcud deyildir.

30. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

31. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz

32. Məhkəmə qeyd edir ki, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüquqlarının cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar