Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-515/2020 10.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, cavabdehin xx xxxxxx 2018-ci il tarixli, 551 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 746 saylı, xx xxxxxx 2017-ci il tarixli sərancamı ilə ona fərdi yaşayış evi tikdirilməsi üçün Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində yerləşən 200 kv torpaq sahəsi ayrılmışdır. Həmin sərancamla həmçinin yaşayış evinin lahiyəsinin memarlıq-planlaşdırmasının razılaşdırılması göstrərilmiş və o, tikdirməli olan evin lahiyəsini icra hakimiyəti ilə razılaşdırmışdır. Bundan sonra o, göstərilən layihəyə uyğun olaraq ona ayrılmış torpaq sahəsində ev tikdirmişdir. Evin tikilməsinə o, 80-100 min manata yaxın pul xərcləmişdir. Lakin bundan sonra ona məlum olmuşdur ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Nizami Rayon Məhkəməsində iddia qaldıraraq onun tikdirdiyi evin sökülməsini tələb etmişdir. Həmin işlə tanış olarkən ona məlum olmuşdur ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin digər bir xx xxxxxx 2018-ci il tarixli, 551 saylı sərancamı ilə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 746 saylı, xx xxxxxx 2017-ci il tarixli sərancamı ləğv edilmişdir. Hesab edir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2018-ci il tarixli, 551 saylı sərancamı qanunsuz olduğu üçün ləğv edilməlidir.Belə ki, ona Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 746 saylı, xx xxxxxx 2017- ci il tarixli sərancamı ilə fərdi yaşayış evi tikdirilməsi üçün Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində yerləşən 200 kv.m torpaq sahəsi ayrılarkən sonrakı sərəncamda qoyulan məsələlər aydınlaşdırılmış və o, məhz razılıq alandan sonra orada ev tikdirməyə başlamışdır. Bundan başqa, həmin sərəncam qəbul edilərkən ona heç bir məlumat verilməmiş, ümumiyyətlə icra hakimiyyəti heç bir araşdırma aparmamış və qəbul etdiyi sərəncamı əsaslandırmamışdır. Həmçinin, icra hakimiyyətinin öz sərəncamını ləğv etməsi də qanunsuzdur. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017ci il tarixli, 796 saylı sərəncamı qəbul edilən zaman iş materiallarında müraciət müəllifinin torpaq üzərində mülkiyyət, icarə və istifadə hüquqlarını təsdiq edən sənədlərin olmadığı, eyni zamanda aparılmış icraatın Şəhərsalma və Tikinti Məcəlləsinə, habelə “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun aparılmadığı müəyyən edilmişdir. Ona görə də Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli, 796 saylı sərəncamı ləğv edilmişdir. Həmçinin, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2018-ci il tarixli, 551 nömrəli sərəncamı mövcud deyildir, faktiki olaraq belə bir sərəncam yoxdur. Odur ki, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli, 796 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində yerləşən 200,0 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2018-ci il tarixli, 521 nömrəli sərəncamı ilə xx xxxxxx 2017-ci il tarixli, 796 nömrəli sərəncam ləğv edilmişdir. İddiaçı isə iddia ərizəsində mövcud olmayan sərəncamın, yəni xx xxxxxx 2018-ci il tarixli, 551 saylı sərəncamın ləğv edilməsini xahiş etmişdir. Halbuki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2017-ci il tarixli, 796 nömrəli sərəncamı xx xxxxxx 2018-ci il tarixli, 521 nömrəli sərəncamı ilə ləğv edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 3-cü bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13 və 48-ci maddələrinin tələblərinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması ilə əlaqədar vaxt verilmiş, məhkəmənin sərəncamı poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2020-ci ildə xəbərnaməyə imza etdirilməklə ona çatdırılmışdır. Lakin iddiaçı məhkəmənin sərəncamında qeyd edilən tələblərə riayət etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 8-ci bəndində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-515/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-515/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver