Məhkəmə qərarları › İş №2-1(114)-515/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-515/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-515/2025 07.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********751700 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqi şəxs haqqında məlumata əsasən İddiaçı MMC xx.xx.2014-cü il tarixdə vergi ödəyicisi kimi Gəncə şəhərində uçota alınmışdır.

2. İddiaçı MMC tərəfindən vergi orqanına 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsində təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri 250.450,00 manat göstərilmişdir.

3. İddiaçı MMC tərəfindən vergi orqanına 2020-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə olunan gəlir 150.000,00 manat, ödənilməli mənfəət vergisinin məbləği isə 9.027,72 manat göstərilmişdir.

4. Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş mənfəət vergisinin məbləği 41.284,32 manat olmuşdur.

5. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********632600 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir.

6. Bundan sonra “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********751700 nömrəli qərara əsasən İddiaçı MMC-yə 2020-ci il hesabat dövrü üzrə 32.256,60 manat mənfəət vergisi hesablanmışdır.

7. Məhkəmənin sorğusuna Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli 12-5/2-3425/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)-130/2020 nömrəli qərarı ilə "xxxx" ASC mülfis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-də sözügedən müraciətdə qeyd edilmiş İddiaçı MMC-yə məxsus hər hansı bank hesabı aşkar edilməmişdir. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 19 yanvar 2024-cü il tarixli **********751700 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Vergilər Baş İdarəsi 19 yanvar 2024-cü il tarixli **********551700 saylı qərardan narazıdır. Sözügedən qərarda Vergi orqanı tərəfindən aparılmış kamaral yoxlama nəticəsində müəyyən edilmiş vergi və sığorta haqqı ******* (qırx bir min iki yüz səksən dörd yüz otuz iki) manat və hesablanmış vergi və ya sığorta haqqı məbləği ******* ( otuz iki min iki yüz əlli altı yüz altmış) manatın mənbəyi məlum deyil. Fəza-MMC tikinti işlərinin aparılması üçün İqtisadiyyat Nazirliyinin xüsusi razılığı var. Sadəcə müəssisənin ƏDV-nin depozit hesabına məhdudiyyət qoyulmuşdur. Yəni müəssisəyə sadə dil ilə blok qoyulmuşdur. Yük gətirə billər. Gətirilən yükü də sata bilmirlər. Buna görə də həmin müəssisə iflic olub qalmışdır. Müəssisənin tikintinin tenderində də iştirak etmək məhdudlaşdırılmışdır. Bunlar az imiş 12 saylı Ərazi Baş Vergi İdarəsi 2 dəfə Vergi İstintqına müraciət etmişdir. Göstərilən vergi qərarlarında uzun müddətdir ki, vergi çəkişməsi gedir. Müəssisə tərəfindən verilmiş vergi bəyannaməsini təsdiq etmir. Ona görə də riyazi rəqəmlər ilə pul tələbi ilə bağlı müxtəlif qərarlar qəbul olunmuşdur. 19 yanvar 2024-cü il tarixli **********551700 saylı qərar müəssisənin verdiyi vergi bəyannaməsinə əsaslandırılmamışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

12. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

13. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.

15. Cavabdehin mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hazırki işdə iddia müddətinin ötürülmədiyini hesab edir.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçının nümayəndəsi isə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: -Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. 130.4-cu maddəsinə əsasən (həmin vaxt qüvvədə olan redaksiyasına əsasən) vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara bilər. Mübahisələndirilən qərarla iddiaçı cəmiyyət barəsində 2020-ci il üzrə mənfəət vergisi hesablanmışdır. Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş verginin məbləği 41284.32 manat olmuşdur. Tərəflərindən xx.xx.2023-cü il tarixli **********632600 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub İddiaçı MMC-yə göndərilmişdir. Cəmiyyət tərəfindən qanunla müəyyən edilmiş müddətdə uyğunsuzluq məktundakı göstərilən hallar aradan qaldırılmamışdır. Cavabdeh inzibati orqan olaraq vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddət daxilində, yəni xx.xx.2024-cü il də hazırkı iddianın predmeti olan qərar qəbul olunmuşdur. 2020-ci ilin yanvarı ayı üzrə “X3 Bəyannaməsi”ndən görünür ki, iddiaçı şəxs olan İddiaçı MMC cari bəyannamə təqdim edərək sözügedən dövr ərzində 250450.00 manat məbləğində mal, iş və xidmət təqdim etdiyini göstərmişdir. İstinad etdikləri hallar müvafiq bəyannamənin 301-ci sətrində əks olunmuşdur. Həmçinin qeyd olunur ki, cəmiyyət vergi metodu olaraq hesablama metodu tətbiq edərək fəaliyyət göstərmişdir. Qanunun tələbinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Bu mənada 2020-ci ilin yanvar ayında ƏDV bəyannaməsində iddiaçının özünün göstərdiyi 250450 manat məbləğində dövriyyə məlumatı 2020-ci ilin mənfəət vergisinin hesablanmasına əsas verən vergitutma obyekti kimi çıxış etmişdir. Eləcə də vergi orqanı Vergi Məcəlləsinin 83.2.4-cü maddəsindəki hüquqi nizamasalma vasitəsinə istinad edərək mənbəyi bəlli məlumat əsasında iddiaçı barəsində vergi öhdəliyi müəyyən etmişdir. 2020-ci ilin yanvarı ayı üzrə “X3 Bəyannaməsi”ndə əks olunmuş malın, işin və xidmətin təqdim olunması ilə bağlı 250450 manat məbləğində dövriyyə məlumatı vergi orqanı üçün mənbəyi bəlli məlumat kimi çıxış etmişdir. Beləliklə, işin hallarından görsənir ki, cavabdeh inzibati orqan tam qanuni və əsaslı qərar qəbul etmiş, mənbəyi dəqiq məlumata istinad etmiş və vergi ödəyicisinin hər hansı hüquq və qanunla gözlənilən mənafeyini pozmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, tərəfimizdən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı qanunla müəyyən edilmiş müddətə də əməl edilmişdir. Belə ki, iddiaçı 12 dekabr 2023-cü il tarixdə cavabdeh inzibati orqana 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etmişdir. 15 dekabr 2023-cü il tarixdə isə müvafiq kənarlaşma ilə bağlı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub İddiaçı MMC-yə göndərilmiş və 19 yanvar 2024-cü il tarixdə mübahisələndirilən qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən VM-nin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Qanunun tələbindən göründüyü kimi, kameral vergi yoxlaması üçün nəzərdə tutulan müddətin axımı vergi bəyannaməsi təqdim edildiyi gündən başlayır. Vergi orqanı olaraq 12 saylı ƏVBİ tərəfindən qeyd edilən müddət axımına əmıl edilmiş və 60 iş gününü keçmədən (hətta 30 iş günü də keçmədən) xx.xx.2024-cü ildə **********751700 nömrəli qərar qəbul olunmuşdur. İstinad etdikləri xüsusatlardan görünür ki, İddiaçı MMC-nin nümayəndəsinin iddia ərizəsində qeyd etdiyi dəlillər tamamilə əsassızdır. xx.xx.2024-cü il tarixli **********551700 qərar elə cəmiyyətin özünün təqdim etdiyi vergi bəyannaməsi (2020-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsi) əsasında qəbul edilmiş, kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi öhdəliyi mənbəyi bəlli məlumatlara əsaslanmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı MMC-nin (VÖEN: **********) 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli **********751700 saylı qərarın ləğvinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

22. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, onun təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. O, iclas zamanı hüquqi şəxs haqqında məlumatı təqdim edərək, bildirmişdir ki, həmin məlumatda iddiaçı müəssisənin "xxxx" ASC-də olan bank hesablarının vəziyyəti “C” kimi qeyd edilmişdir. Həmin “C” qeydi vergi ödəyicisinin müraciəti əsasında bank hesabının ləğv olunduğunu göstərir və müvafiq bankın verdiyi məlumat əsasında məlumat vərəqinə işlənilir. İddiaçı müəssisənin təqdim etdiyi hesabdan çıxarış plastik kart hesabından çıxarış olmaqla, avansın geri qaytarılmasını təsdiq edən sənəd deyildir. Pul vəsaiti bank vasitəsilə köçürmə olduğu halda (avansın geri qaytarılması halında) mütləq köçürmənin təyinatı qeyd edilir. Digər tərəfdən, kameral qaydada mənfəət vergisi iddiaçı müəssisənin ƏDV bəyannaməsi məlumatları əsasında hesablanmışdır. İddiaçı həmin ƏDV məbləğinin hesablanmasına əsas olan məbləğin geri qaytarıldığı halına istinad etsə də, ƏDV bəyannaməsinə bugünədək düzəliş verməmişdir və həmin bəyannamə qüvvədədir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqi şəxs haqqında məlumat; - 2020-ci ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi; - 2020-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi; - "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********632600 nömrəli məktub; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********751700 nömrəli qərar; - Məhkəmənin sorğusuna Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli 12-5/2-3425/2025 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

26. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş verginin məbləği 41284,32 manat olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********632600 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Cəmiyyət tərəfindən qanunla müəyyən edilmiş müddətdə uyğunsuzluq məktubundakı göstərilən hallar aradan qaldırılmamışdır. Bundan sonra “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********751700 nömrəli qərara əsasən İddiaçı MMC-yə 2020-ci il hesabat dövrü üzrə 32.256,60 manat mənfəət vergisi hesablanmışdır.

27. İddiaçı MMC hazırkı iddia tələbində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləğinin mənbəyinin məlum olmadığını əsas gətirərək, sözügedən qərarı mübahisələndirmişdir.

28. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: -Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. 130.4-cu maddəsinə əsasən (həmin vaxt qüvvədə olan redaksiyasına əsasən) vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara bilər.

29. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən əvvəlki il üzrə təqdim olunmuş "Mənfəət vergisinin bəyannaməsi nin və ya təqdim olunmuş sonuncu "Sadələşdirilmiş verginin bəyannaməsi"nin 1 №-li Əlavəsinin (Hüquqi şəxslər üçün) 1-ci (Cəmi aktivlər) sətrinin "Hesabat dövrü sonuna" sütununda əks etdirilmiş 788115.66 manat məbləğ + cari il üzrə təqdim etdiyi bəyannamənin 1 N-li Əlavəsinin eyni sətrinin "Dövr ərzində daxil olmuşdur" sütununda əks etdirilmiş 579746.33 manat məbləğ - "Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir" sütununda əks etdirilmiş 364708.27 manat məbləğlərin fərqi ilə "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş 668359.02 manat məbləğ arasında 334794.70 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma aşkar edilmişdir.

30. Cəmiyyət tərəfindən hesablama metodu üzrə təqdim edilmiş mənfəət vergi bəyannaməsinin 200-cü ( Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 150000.00 manat + 201-ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 202-ci (Amortizasya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) sətrində 0.00 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 0.00 manat + 206-cı (Əvəzsiz əsasla təqdim edilmiş aktivlərin dəyəri) 0.00 manat + 217-ci (digər gəlirlər - o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində 0.00 manat, cəmi 150000.00 manat məbləğ, təqvim ili üzrə təqdim edilən ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarındakı (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 250450.00 manat - həmin bəyannamələrin 3 əlavələrinin 301.1.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətrində 0.00 manat - təqvim ili üzrə təqdim edilən Aksiz bəyannamələrinin 406-cı sətrində (Cəmi hesablanmış aksiz) 0.00 manat məbləğin fərqindən kiçik olduğuna görə uyğunsuzluq yaranmışdır.

31. Cəmiyyət tərəfindən hesablama metodu ilə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi"nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir), 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir), 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) və 203-cü (Əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 150000.00 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən ( 0.00 manat), tərəfindən ixrac edilmiş ( 0.00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (250450.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 250450.00 manat məbləğdən 100450.00 manat az əks etdirilmişdir.

32. Cəmiyyətin hesablama metodu ilə təqdim etdiyi bəyannamənin "Xammal və materiallar" (221.3-cü), "Malın dəyəri" (221.4-cü), "Enerji xərcləri" (221.7-ci), "Qaz xərcləri" (221.8-ci), "Yanacaq xərcləri" (221.9-cu), "Su və kanalizasiya xərcləri" (221.10-cu), "Rabitə xərcləri" (221.11-ci), "Mühafizə xərcləri" (221.12-ci), "Reklam xərcləri" (221.14-cü), "Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), "Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər" (226-ci) , "Nəqliyyat xərcləri" (229-cu) və "Digər xərclər" (232ci) sətirlərində güstərilmiş xərclərin cəmi məbləği ilə ( 60833.00 manat), tərəfinizdən əvvəlkil üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi"nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin") 1 N-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 155819.82 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (60833.00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 54848.52 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri"nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən (322723.02 manat) bəyannamənin 1 N-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (261996.15 manat) çıxılması nəticəsində yaranan (60726.87 manat) məbləğin müqayisəsi nəticəsində 106.13 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.

33. Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin "Dövr ərzində daxil olmuşdur" sütunundakı göstəricilərin cəmi (166426.33 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfindən idxal edilmiş, elektron-qaimə fakturalar və alış aktları əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan (166320.20 manat) məbləğdən -106.13 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır.

34. Cəmiyyətin "Mənfəət vergisinin bəyannaməsi"nin 1 N-li Əlavəsinin 1-ci Cəmi aktivlər sətrindəki "Hesabat dövrünün əvvəlinə olan 453320.96 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2019-Mənfəət vergisi bəyannaməsi) Əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 788115.66 manat məbləğ arasında 334794.70 manat məbləğində fərq müəyyən edilmişdir.

35. Eyni zamanda, "Mənfəət vergisinin bəyannaməsi"nin 1 N-li Əlavəsinin 1.10 Digər aktivlər sətrindəki "Hesabat dövrünün əvvəlinə olan 0.00 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2019-Mənfəət vergisi bəyannaməsi ) Əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 334794.70 manat məbləğ arasında 334794.70 manat məbləğində fərq müəyyən edilmişdir.

36. "Mənfəət vergisinin bəyannaməsi"nin İ N-li Əlavəsinin 2-ci Cəmi kapital və öhdəlilər sətrindəki "Hesabat dövrünün əvvəlinə olan 453320.96 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2019-Mənfəət vergisi bəyannaməsi) Əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 788115.66 manat məbləğ arasında 334794.70 manat məbləğində fərq müəyyən edilmişdir.

37. "Mənfəət vergisinin bəyannaməsi"nin 1 N-li Əlavəsinin 2.1 Cəmi kapital sətrindəki "Hesabat dövrünün əvvəlinə olan 54744.78 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2019-Mənfəət vergisi bəyannaməsi) Əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna" olan 389539.48 manat məbləğ arasında 334794.70 manat məbləğində fərq müəyyən edilmişdir.

38. "Mənfəət vergisinin bəyannaməsi"nin N-li Əlavəsinin 2.1.2 Hesabat dövrünün xalis mənfəəti sətrindəki "Hesabat dövrünün əvvəlinə olan 54734.78 manat məbləğ, əvvəlki müvafiq dövr üzrə təqdim olunmuş (2019-Mənfəət vergisi bəyannaməsi) Əlavənin eyni sətrinin "Hesabat dövrünün sonuna&quot: olan 389529.48 manat məbləğ arasında 334794.70 manat məbləğində fərq müəyyən edilmişdir.

39. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********632600 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilsə də, cəmiyyət tərəfindən qanunla müəyyən edilmiş müddətdə uyğunsuzluq məktubundakı göstərilən hallar aradan qaldırılmamışdır.

40. Göründüyü kimi, mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********551700 qərar İddiaçı MMC-nin özünün vergi orqanına təqdim etdiyi vergi bəyannaməsi əsasında qəbul edilmiş, kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi öhdəliyinin mənbəyi bəlli məlumatlara əsaslanmışdır.

41. Məhkəmə icraatının gedişində iddiaçı sözügedən 41284,32 manat məbləğin “MAQA” LTD şirkəti tərəfindən verilmiş avans olduğunu və onun "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən geri qaytarıldığını iddia etsə də, məhkəmə araşdırması ilə həmin halın mövcudluğu öz təsdiqini tapmamışdır.

42. Digər tərəfdən, vergi orqanı sözügedən qərarla mənfəət vergisini iddiaçı müəssisənin ƏDV bəyannaməsində bəyan etdiyi məlumatlara əsasən hesablamışdır.

43. İddiaçı müəssisə 41284,32 manat məbləği “MAQA” LTD şirkəti tərəfindən avans olaraq aldığını və onun "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən geri qaytarıldığını iddia etdiyi halda, bu barədə ƏDV bəyannaməsinə hər hansı düzəliş (dəqiqləşmə) verməmişdir.

44. Beləliklə məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əməl edilməklə hərəkətləri qanuni və əsaslı olmuşdur. Bu zaman cavabdeh inzibati orqan hər hansı qanun pozuntusuna yol verməmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir.

45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər.

46. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********751700 nömrəli qərar qəbul edilərkən yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əməl edildiyindən, İddiaçı MMC-nin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

47. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar