Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5150/2025 06.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Zaur qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı yüksəkliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmaqla ona ödənilməsi iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1999-cu ilin avqust ayından etibarən xx.xx.2007-ci il tarixədək olan dövrlər üzrə yüksəkliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmaqla ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın iddiaçının müraciətinə cavab məktubunda da qeyd etmişdir ki, 1 oktyabr 1999-cu il tarixindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Göründüyü kimi hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə əmək pensiyasının cavabdeh orqan tərərfindən 1 yanvar 2007-ci il tarixindən həyata keçirildiyindən əmək pensiyasının həmin tarixdən əvvəlki müddət üçün yenidən hesablanması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərərfindən mümkün deyil. Cavabdeh orqanın xx.xx.2020-ci il tarixli məktubundada qeyd edilmişdir ki, 1 oktyabr 1999-cu il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını 1 yanvar 2007-ci il tarixindən etibarən həyata keçirməsini nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji hallarla bağlı qərarlarında əmək pensiyasının 1 yanvar 2007-ci il tarixindən hesablanmalı olduğu təsbit edilmişdir. Müdafiə Nazirliyi tərəfindən İdarəyə daxil olmuş 1 sentyabr 2014-cü il tarixli 51337 nömrəli yeni məlumat vərəqəsinə əsasən yüksəkliyə görə 30 faiz həcmində əlavə nəzərə alınmaqla əmək pensiyası xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üçün yenidən hesablanmaqla 2735,50 manat fərq məbləği xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla iddiiaçınnı müvafiq kart hesabına köçürülmüşdür. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçiririddiaçıya əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə əmək pensiyasının cavabdeh orqan tərərfindən 1 yanvar 2007-ci il tarixindən həyata keçirildiyindən əmək pensiyasının həmin tarixdən əvvəlki müddət üçün yenidən hesablanması cavabdeh orqanın səlahiyyətinə aid deyildir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamlıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tələbində cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd etməklə yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1999-cu ilin avqust ayından etibarən xx.xx.2007-ci il tarixədək olan dövrlər üzrə yüksəkliyə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmaqla ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-5150/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5150/2025
06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver