Məhkəmə qərarları › İş №2-1(114)-5155/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5155/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5155/2024 19.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “mülkiyyətində olan dövlət özəlləşdirmə paylarının hər birinə düşən əmlakın naturada müəyyən edilərək faktiki mülkiyyətinə verilməsi, bu mümkün olmadığı təqdirdə həmin dövlət özəlləşdirmə paylarının hər biri üçün onun qanunla infilyasiyadan qorunan dəyəri olan 40000 manat pulun ona ödənilməsi öhdəliyinin cavabdeh orqana həvalə edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİM : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, mülkiyyətində olan dövlət özəlləşdirmə paylarının hər birinə düşən əmlakın naturada müəyyən edilərək faktiki mülkiyyətinə verilməsi, bu mümkün olmadığı təqdirdə həmin dövlət özəlləşdirmə paylarının hər biri üçün onun qanunla infilyasiyadan qorunan dəyəri olan 40000 manat pulun ona ödənilməsi öhdəliyinin cavabdeh orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, artıq 28 ildir ki, dövlət özəlləşdirmə çekini saxlayır. 1995-ci il tarixdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin 65% -ni Miras əmlak payı olaraq X1 Özəlləşdirmə Çekləri ilə əvəzləndirilməsi qanunla təsdiqlənmişdir. Lakin sonrakı illərdə qanunsuz olaraq bu imkanın qarşısı alınmış, bununla da çek sahiblərinin mülkiyyət hüququ pozulmuşdur. Hazırda özəlləşdirmə çekləri olan vətəndaşlar mülkiyyətində olan dövlət özəlləşdirmə paylarının hər birinə düşən əmlakın naturada müəyyən edilərək faktiki istifadələrinə verilməsini, bu mümkün olmadığı təqdirdə həmin dövlət özəlləşdirmə paylarının hər biri üçün onun qanunla infilyasiyadan qorunan dəyəri olan 40 000 manat pulu almaq iddiası ilə məhkəməyə müraciət etmişlər. O, da bu istəklə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, lakin cavabdeh bütün iddiaçılara imtina etmişdir. Onun müraciəti cavabsız qoymuşdur. Cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, 1990-cı illərdə AR-da sovet dövründən qalan dövlət əmlakının bir hissəsinin “dövlət özəlləşdirmə paylarıkimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alınmışdır. Bunun üçün xx.xx.1993-cü ildətarixli 445 saylı “AR-da dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında”qanun qəbul edilmişdir. Bu qanunla dövlət əmlakının dövlət özəlləçdirmə payları kimi xalqa verilməsi mexanizmi qurulmuşdur. Həmin qanunun 18-ci maddəsinin 1-ci bəndində deyilir ki, “özəlləşdirmə payı AR-nın hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən paydır. Həmin Qanunun 10-cu maddəsinə əsasən özəlləşdirmə payının məbləği verilməsi şərtlərivə ondan istifadə olunması qaydaları qanunla qəbul olunacaq özəlləşdirmə haqqında dövlət proqramı ilə müəyyənləşdirilməlidir. İ Dövlət proqramının “Dövlət özəlləşdirmə payı “adlanan 3-cü bölməsinin 2-ci abzasında göstərilmişdir ki, “Özəlləşdirmə payı AR-nın hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir. Bu ifadə dövlət özəlləşdirmə çeklərinin üzərində də yazılmışdır. Bundan başqa çekin üzərində yazılır ki. “bu özəlləşdirmə çeki AR-nın dövlət mülkiyyəti ilə təmin edilir”. Hazırda dövlət özəlləşdirmə paylarının hər biri üçün onun qanunla infilyasiyadan qorunan dəyəri 40 000 manat hesab edilir. Beləliklə ,cavabdeh orqan ya mənim mülkiyyətimdə olan özəlləşdirmə paylarının hər birinə düşən əmlakı naturada, bu mümkün deyilsə qanunla infilyasiyadan qorunan dəyəri olan 40 000 manat pulu ona ödəməlidir.

II. İddianın növü və mümkünlüyü

3. İddia tələbinin mahiyyəti iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpa edilməsi ilə bağı tədbir görülməməsi ilə bağlıdır.

4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və.s) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

5. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

6. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X2rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

7. Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanına əsasən dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci ilin yanvar ayının 1-də başa çatmışdır.

8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

9. İddia tələbində qeyd edilən məsələ inzibati icraatın predmeti olmadığından həmin məsələ ilə bağlı qaldırılmış iddianın inzibati məhkəmə müdafiəsi hüququ yoxdur.

10. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı qeyd edilən müddətdə həmin çeklərdən qeyd edilən dövrdə tədiyyə vasitəsi kimi istifadə etmə imkanlarının mümkünsüzlüyünü istisna edən halları əsaslandırmamışdır.

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

12. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

14. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilən tələb inzibati icraatın predmeti olmadığından qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil.

15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ M:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “mülkiyyətində olan dövlət özəlləşdirmə paylarının hər birinə düşən əmlakın naturada müəyyən edilərək faktiki mülkiyyətinə verilməsi, bu mümkün olmadığı təqdirdə həmin dövlət özəlləşdirmə paylarının hər biri üçün onun qanunla infilyasiyadan qorunan dəyəri olan 40000 manat pulun ona ödənilməsi öhdəliyinin cavabdeh orqana həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar