Məhkəmə qərarları › İş №2-1(114)-516/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-516/2025

11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-516/2025 11.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxslər Göygöl rayonu Topalhəsənli bələdiyyəsi və X13) qarşı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış **********8 reyestr nömrəli çıxarışla X7 mülkiyyətində olan Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatlarının JN-149A saylı şəhadətnamədə göstərilən və naturadakı real istifadə vəziyyətinə uyğun dəyişdirilməsi, Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı Xanlar (indiki Göygöl) rayonu, Şəhriyar kəndində həyətyanı məqsədilə 0.05 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2002-ci il tarixli JN-281B KOD 50809018 saylı şəhadətnamə tərtib edilmişdir.

2. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 143 nömrəli arxiv arayışına əsasən Göygöl (Xanlar) Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Şəhriyar kəndi üzrə 1991-1995-ci illərə aid 1 nömrəli təsərrüfatbaşına kitabın 7 nömrəli şəxsi hesab vərəqində vətəndaş X3 adına ümumi sahəsi 84,2, yaşayış sahəsi 26,4 kv.m olan ev və 0,15 ha torpaq sahəsi qeydə alınmışdır.

3. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin ona xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 0795/2024 nömrəli imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-281B saylı şəhadətnamə Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir.

4. Məhkəmənin qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) "Torpaq mülkiyyətinin başqasına verilməsi ilə bağlı" JN-281B (kod-********) nömrəli sertifikatda göstərilən 0,05 ha torpaq sahəsi, mülkiyyətçinin ifadəsi əsasən, Xanlar rayonu Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə X3 mülkiyyətinə verilmiş yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsidir. Həmin 0,05 ha torpaq sahəsi, mülkiyyətinə həyətyanı torpaq sahələri verilmiş vətəndaşların elektron adlı siyahısında, 281-ci nömrə ilə İddiaçı adına qeyd olunmuşdur. Həmin 0,05 ha torpaq sahəsi ərazinin kompleks yerquruluşu layihəsi və bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, 405BB nömrəli torpaq sahəsi olaraq göstərilmişdir. Sözügedən 0,05 ha torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi olaraq göstərilmiş, sənəd nömrəsi ilə 27A olaraq qeyd edilmişdir. 2) "Torpağın mülkiyyətə verilməsinə dair" JN-281B (kod-********) nömrəli şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsi naturada ölçülərək sərhədləri və koordinatları tərəflərindən 0.0560 ha olaraq müəyyən olundu. Eyni zamanda naturada təqdim olunan torpaq sahəsi 0.0560 ha təşkil edir. 3) "Torpağın mülkiyyətə verilməsinə dair" JN-281B (kod-********) nömrəli şəhadətnamədə göstərilən 0.05 ha 500.0 kv.m (naturadakı koordinatlarına əsasən 560.0 kv.m) torpaq sahəsi, elektron kadastr məlumat bazasına istinadən "Torpağın mülkiyyətə verilməsinə dair" 149A nömrəli X8 adına verilmiş şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış **********98 reyestr nömrəli çıxarış ilə X7 adına qeydə alınmış sənədə əsasən 400.0 kv.m torpaq sahəsinin 53.5 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. 4) "Torpağın mülkiyyətə verilməsinə dair" JN-281B (kod-********) nömrəli şəhadətnamədə göstərilən 0.05 ha 500.0 kv.m (naturadakı koordinatlarına əsasən 560.0 kv.m) torpaq sahəsinin elektron baza materiallarına istinadən, qaz kəmərinin qorunma zolağına, elektrik xəttinin qorunma zonasına, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə və qorunma zonasına düşmə halı aşkarlanmadı.

5. Məhkəmənin sorğusuna Göygöl Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-47-36/2-136/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 1988-ci ildən hal-hazıra kimi Göygöl rayonunun Şəhriyar kəndində qeydiyyatdadır. Uzun müddətdir Şəhriyar kəndində yaşamır. Əvvəllər Şəhriyar kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2017-ci ildə Şəhriyar kəndində fərdi yaşayış evi tikilmişdir.

6. Məhkəmənin sorğusuna Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-16RA/2-İM-110-8/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1996- 2000-ci illərə aid təsərrüfatbaşına kitablarda X3 adı qeydə alınmamışdır. 1991-1995-ci illərə aid 01 nömrəli təsərrüfatbaşına kitabın 07 nömrəli şəxsi hesab vərəqində İddiaçı təsərrüfat kimi qeydə alınması faktı müəyyən olundu.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 12819/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-27A, KOD 50809018 saylı şəhadətnamə və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-27B, KOD 50809018 saylı şəhadətnamə üzrə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməmişdir.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X7 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. Məhkəmənin qərardadı ilə əldə edilmiş əlavə mütəxəssis rəyində göstərilmişdir ki: 1) Əraziyə baxış keçirilərkən, X7 naturada təqdim etdiyi faktiki istifadəsində olan 458.0 kv.m torpaq sahəsinin ölçüləri, döngə nöqtələri və koordinatları müəyyən edilərək, rəyə əlavə edilən cizgi planında əks olunub (Bax plan 1). 2) X7 naturada təqdim etdiyi faktiki istifadəsində olan 458.0 kv.m torpaq sahəsinin 400.0 kv.m hissəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-149A (kod-********) nömrəli şəhadətnamədə göstərilən 0.04 ha (400.0 kv.m) torpaq sahəsi ilə tam hissədə üst-üstə düşür. X7 naturada təqdim etdiyi faktiki istifadəsində olan 458.0 kv.m torpaq sahəsi, X5 adına tərtib olunmuş xx.xx.2018-ci il tarixli AN-242083 nömrəli plan və ölçü sənədindəki koordinatlara əsasən 0.04 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi aşkarlandı. Əlavə olaraq qeyd edilir ki, X5 adına tərtib olunmuş xx.xx.2018-ci il tarixli AN-242083 nömrəli plan və ölçü sənədinin verilməsinə əsas olan ilkin sənəd, JN-149A (kod-********) nömrəli şəhadətnamə olmuşdur, həmin JN-149A (kod-********) nömrəli şəhadətnamə, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında öz əksini tapmışdır (Bax plan 2). 3) İddiaçı faktiki istifadəsində olan 560.0 kv.m torpaq sahəsinin 53.0 kv.m hissəsi, **********98 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarış ilə X7 adına olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi (Bax plan 3). II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Şəhriyar kəndində yerləşən və JN-281B KOD 50809018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə mənə Göygöl rayon Şəhriyar kəndi ərazisindən 0.05 ha həyətyanı torpaq sahəsi verilib və həmin torpağa aid JN-281B, KOD-50809018 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilib. Qeyd edir ki, torpaq sahəsi 27 ildən artıqdır ki, onun sahibliyində və istifadəsindədir. Hazırda çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etsə də çıxarışın verilməsindən imtina edilir, səbəb kimi isə JN- 281B saylı şəhadətnamənin adlı siyahı məlumatlarında öz əksini tapmadığı, eyni zamanda da torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü göstərilir. Qeyd etdiyi kimi ona torpaq sahəsi qanuni əsaslarla verilib, buna baxmayaraq cavabdeh orqan özü verdiyi hüquqmüəyyənedici sənədi tanımaq istəmir ki, bu da onun mülkiyyət hüququnu pozur.

12. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış **********8 reyestr nömrəli çıxarışla X7 mülkiyyətində olan Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatlarının JN-149A saylı şəhadətnamədə göstərilən və naturadakı real istifadə vəziyyətinə uyğun dəyişdirilməsi, Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

13. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə hazırkı cavabdeh hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

19. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Göygöl rayonu Şəhriyar bələdiyyəsi, X11, X14, X9 və X12 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

20. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadları ilə Göygöl rayonu Şəhriyar bələdiyyəsi, X11, X14, X9 və X6 üçüncü şəxs qismində iştirakına xitam verilmiş, Göygöl rayonu Topalhəsənli bələdiyyəsi və X13 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzbati məhkəmə icraatına cəlb edilmişlər.

21. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X7 iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsi qaydası adidən zəruriyə dəyişdirilmişdir.

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir.

23. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 3-cü bəndi).

25. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.

26. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı Xanlar (indiki Göygöl) rayonu, Şəhriyar kəndində həyətyanı məqsədilə 0.05 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2002-ci il tarixli JN-281B KOD 50809018 saylı şəhadətnamə tərtib edilmişdir.

30. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin ona xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 0795/2024 nömrəli imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-281B saylı şəhadətnamə Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir.

31. Cavabdeh orqanın iddiaya qarşı ilkin dəlili ondan ibarət olmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-281B saylı şəhadətnamə Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir.

32. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

33. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2002-ci il tarixli JN-281B KOD 50809018 saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına aid məsələ deyil. Sözügedən şəhadətnamə həmin dövrdə buna səlahiyyətli olan orqanların vəzifəli şəxsləri tərəfindən imzalanaraq, möhürlənmiş və iddiaçıya təqdim edilmişdir.

34. Belə olan halda həmin şəhadətnamənin Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmaması iddiaçının hüquqlarının qeydiyyatından imtinaya əsas sayıla bilməz.

35. Cavabdeh orqanın digər dəlili faktiki torpaq sahəsinin bir hissəsinin üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlıdır.

36. Bununla bağlı məhkəmə tərəfindən mütəxəssis və əlavə mütəxəssis rəyləri əldə edilərək, müəyyən edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-281B (kod- ********) nömrəli şəhadətnamədə göstərilən 0.05 ha 500.0 kv.m (naturadakı koordinatlarına əsasən 560.0 kv.m) torpaq sahəsi, elektron kadastr məlumat bazasına istinadən Torpağın mülkiyyətə verilməsinə dair 149A nömrəli X8 adına verilmiş şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış **********98 reyestr nömrəli çıxarış ilə X7 adına qeydə alınmış sənədə əsasən 400.0 kv.m torpaq sahəsinin 53.5 kv.m hissəsi ilə üst-üstə düşür. Eyni zamanda o da məlum olmuşdur ki, X7 naturada təqdim etdiyi faktiki istifadəsində olan 458.0 kv.m torpaq sahəsinin 400.0 kv.m hissəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-149A (kod-********) nömrəli şəhadətnamədə göstərilən 0.04 ha (400.0 kv.m) torpaq sahəsi ilə tam hissədə üst-üstə düşür. X2 plan-ölçü sənədi üzrə torpaq sahəsinin koordinatlarla onunla uyğunluq təşkil etmir.

37. Yəni, Torpağın mülkiyyətə verilməsinə dair JN-281B (kod-********) nömrəli şəhadətnamədə göstərilən 0.05 ha 500.0 kv.m (naturadakı koordinatlarına əsasən 560.0 kv.m) torpaq sahəsi X7 mülkiyyətində olan **********98 reyestr nömrəli çıxarışa əsasən 53.5 kv.m hissədə üst-üstə düşsə də, X7 hüququn qeydə alınmasına əsas olan Torpağın mülkiyyətə verilməsinə dair JN-149A nömrəli şəhadətnamə və sonuncunun faktiki istifadə sahəsi ilə üst-üstə düşmür.

38. Bu da o deməkdir ki, X7 Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.04 ha torpaq sahəsi üzərində hüquqları qeydə alınıb ona xx.xx.2024-cü il tarixli **********8 reyestr nömrəli çıxarış verilərkən həmin torpaq sahəsinin koordinatları JN-149A saylı şəhadətnamədə göstərilən və naturadakı real istifadə vəziyyətinə uyğun deyil, səhv işlənilmiş və nəticədə iddiaçının Torpağın mülkiyyətə verilməsinə dair JN-281B (kod- ********) nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşmə halı yaranmışdır.

39. Bu isə cavabdeh orqanın qeydiyyat prosesində inventarlaşdırma və çöl-ölçmə işlərinin düzgün aparmamasından, koordinatların və döngə nöqtələrinin səhvən başqa ərazidə işlənilməsindən irəli gəlmişdir. Ona görə də, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış **********8 reyestr nömrəli çıxarışla X7 mülkiyyətində olan Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatlarının JN-149A saylı şəhadətnamədə göstərilən və naturadakı real istifadə vəziyyətinə uyğun dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

40. Bu zaman iddiaçının ikinci tələbi olan - Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair tələbin təmin edilməsini istisna edən hal da ortadan qalxmış olur. İddiaçının hüquqmüəyyənedici sənədi qüvvədə olduğundan və hüququn qeydiyyatı üçün əsas olduğundan həmin tələb də təmin edilməlidir.

41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 42.

43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış **********8 reyestr nömrəli çıxarışla X7 mülkiyyətində olan Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.04 ha torpaq sahəsinin koordinatlarının JN-149A saylı şəhadətnamədə göstərilən və naturadakı real istifadə vəziyyətinə uyğun dəyişdirilməsi və Göygöl rayonu, Şəhriyar kəndində yerləşən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar