Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-517/2021 29.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Mənzil-Kommunal X1rşı “mənzilin şəxsi hesabının dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ünvanına ərizə ilə müraciət edərək yaşadığı Gəncə şəhəri, Yapışdırıcı Materiallar qəsəbəsi, 1 nömrəli binanın 8-ci mənzilinin şəxsi hesab vərəqəsinin onun adına dəyişdirilməsinə sərəncam verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciətlə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (bundan sonra mətndə cavabdeh) tərəfindən 31.07.2019-cu və 27.10.2020-ci il tarixlərdə 396 və 470 nömrəli məktublarla izah olunmuşdur ki, mənzillərin iddiaçının istifadəsinə verilməsi haqqında heç bir hüquqverici sənəd təqdim edilməməsi səbəbindən köməklik göstərilməsi mümkün olmamışdır. Odur ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı 04.02.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Yapışdırıcı Materiallar qəsəbəsi, 1 nömrəli binanın 8-ci mənzilinin şəxsi hesabdan çıxarışının onun adına, həmin binanın 10 nömrəli mənzilinin isə qızı X4 adına çıxarılması barədə sərəncam verilməsini xahiş etmişdir. X5 Məcəlləsinin (bundan sonra mətndə İPM) 46-cı maddəsinin tələblərinə uyğun olmadığı üçün İPM-nin 13-cü maddəsinə əsasən Məhkəmə tərəfindən iddiaçıya zəruri hüquqi yardım göstərilmişdir. Bundan sonra iddiaçı prosessual qanunvericiliyin tələblərinə uyğun cavabdeh Gəncə şəhər Mənzil-Kommunal X1rşı iddia ərizəsini məhkəməyə təqdim edərək Gəncə şəhəri, Yapışdırıcı Materiallar qəsəbəsi, 1 nömrəli binanın 8-ci mənzilinin şəxsi hesabının onun adına dəyişdirilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Yapışdırıcı Materiallar qəsəbəsi, 1 nömrəli binanın 8-ci mənzilini 1984-cü ildə X3 adlı qadından 2000 manata almış və ora köçmüşdür. İndiyə kimi həmin mənzildə yaşayır və dövlətə kirayə haqqı verir. Arsentyeva Valentina yaşlı qadın idi, o, Qazaxıstana, Manqışlağa köçmüşdü, əlaqələri vardı. Təxminən 30 il bundan qabaq ölmüşdür. 37 il müddətində mənzilin kirayə haqqını iddiaçı ödəmişdir. Hesab edir ki, mənzilin şəxsi hesabı onun adına dəyişdirilməlidir. Lakin cavabdeh mənzilin şəxsi hesabının dəyişdirilməsindən imtina edir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 07.04.2021-ci il tarixli 2-1(114)-517/2021 nömrəli sərəncamı ilə cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə bildirmək tələb olunsa da, cavabdeh iddiaya dair yazılı münasibət bildirməmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçının müraciəti araşdırılan zaman Birliyin nəzdində olan 5 saylı MİS-nin xidmət etdiyi ərazidə yerləşən, Birliyin balansında olan Yapışdırıcı Materiallar qəsəbəsi, 1 nömrəli binanın, yaşayış sahəsi 20,3 kv.m olan bir otaqlı 8 nömrəli mənzilin şəxsi hesab vərəqəsi Bədəlzadə Zibaxanımın, yaşayış sahəsi 20,3 kv.m olan 10 nömrəli mənzilin şəxsi hesab vərəqəsinin isə Arsenteyeva Valentinanın adına olması müəyyən olunmuşdur. Birliyin mühasibatlıq sənədlərində həmin mənzillərin iddiaçı tərəfindən zəbt edildiyi göstərilmişdir. Mənzillərin iddiaçının istifadəsinə verilməsi haqqında heç bir hüquqverici sənəd təqdim edilmədiyindən müraciəti təmin olunmamışdır. Məhkəmə araşdırmasının predmetini cavabdehin imtinası, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08.12.2020-ci il tarixli **********73 nömrəli məktubu, Mənzil-Kommunal xidməti üçün ödəniş qəbzləri, 23.09.2020-ci il tarixli şəxsi hesabdan çıxarışlar, Gəncə şəhər 12 saylı MİS-nin 28.09.2020-ci il tarixli 273 nömrəli arayışı və cavabdehin nümayəndəsi tərəfindən təqdim olunan 16.04.2021-ci il tarixli nömrəsiz məktub-arayış təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı ünvan 3 ünvanda qeydiyyatda olsa da, ailəsi – qızı X6 ilə birlikdə Gəncə şəhəri, Yapışdırıcı Materiallar qəsəbəsi, 1 nömrəli binanın 8- 10-cu mənzillərində yaşayır. Həmin 8 nömrəli mənzilin əsas kirayəşini Bədəlzadə Zibaxanım olmuşdur. Hazırda iddiaçı həmin mübahisəli mənzili 1984-cü ildə satın aldığını və həmin vaxtdan yaşadığını iddia edərək şəxsi hesabının onun adına dəyişdirilməsini xahiş edir. Cavabdeh isə bundan imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin sözügedən mənzilə dair şəxsi hesabının iddiaçının adına dəyişdirilməsindən imtinası qanuna zidd olmamışdır. Belə ki, iddiaçının adına tələb etdiyi mənzilə dair hər hansı hüquq müəyyənedici sənədləri yoxdur. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 44-cü maddəsinə əsasən Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. 48-ci maddəsində qeyd olunur ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 8-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər (8.0.1); mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları (8.0.2.); mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları (8.0.3.); qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük (8.0.4.); mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi (8.0.6.). 9-cu maddəsində qeyd olunur ki, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: mənzil hüququnun tanınması (9.2.1); mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması (9.2.2.); məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların qüvvəsinin tam və qismən dayandırılması (9.2.3.); məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların tətbiq edilməməsi (9.2.4.); mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi (9.2.5.); bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa üsullarla (9.2.6.). Qanunvericiliyin tələblərindən göründüyü kimi, mənzil üzərində hüquqların yaranması əsasları həm əvvəlki, həm də hazırda qüvvədə olan Mənzil Məcəlləsində konkret müəyyən olunmuşdur və hazırkı iş üzrə iddiaçı bu əsaslardan hər hansı birinin mövcud olmasını məhkəmədə sübut edə bilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhər Mənzil-Kommunal X1rşı “Gəncə şəhəri, Yapışdırıcı Materiallar qəsəbəsi, 1 nömrəli binanın 8-ci mənzilinin şəxsi hesabının onun adına dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-517/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-517/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver