Məhkəmə qərarları › İş №2-1(114)-519/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-519/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-519/2022 12.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N1-ci ilin dakabr ayında Daşkəsən rayon Hərbi Komissarlığı tərəfindən ölkənin ərazi bütövlüyünün təmin olunması üçün Qarabağ uğrunda döyüşlərə göndərilərək, N nömrəli hərbi hissənin (Gəncə Ərazi Özünü Müdafiə Batalyonu) tərkibində sıravi əsgər kimi qulluq etmişdir. O Ağdərə rayonunun döyüş əməliyyatları bölgəsində Madagiz, Çaylı, Talış, Marquşavan və Torpaqtəpə uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, döyüşlərə könüllü getmiş, könüllü döyüşənlər Müdafiə Nazirliyi tərəfindən N2-ci ildə tərxis edildiyindən, 31 may N2-ci ildə onun tərkibində olduğu batalyonu da ləğv edib evə buraxmışlar və bu da X1 31 may N2-ci il tarixli 946 nömrəli məlumatı ilə də təsdiq olunur. Həmçinin Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 23.01.2020-ci il tarixli 9/2-916 №-li arxiv arayışı ilə də onun döyüşlərdə iştirakı təsdiq olunur. Həmin Arxiv arayışında göstərilir ki, sıravi İddiaçı N saylı hərbi hissə komandirinin 26.02.N2-ci il tarixli 68 №-li əmrilə (əsas: səh-47,§l, sıra-6) şəxsi heyətin sırasına bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissə komandirinin N mart N2ci il tarixli 105 №-li əmrilə (əsas: səh- 70,§4, sıra-20) könüllülər batalyonunun siyahısında Daşkəsən RHK-dan çağırılmış iddiaçının adı qeyd olunmuşdur. Həmin arayışda N nömrəli hərbi hissə komandirinin iyul N2-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin 22.06.N2-08.07.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının sonrakı xidməti barədə məlumatın aşkar olunmadığı qeyd olunmuşdur. Odur ki, qeyd etdiklərini nəzərə alaraq ona müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə dair yazılı etiraz göndərərək bildirmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 23 yanvar 2020-ci il tarixli 9/2-916 nömrəli arayışında N nömrəli hərbi hissə komandirinin iyul N2-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il və 08 iyul N3-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Bununla da Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 19 noyabr 2021-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini AO ******* nömrəli hərbi bilet, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 23.01.2020-ci il tarixli, 9/2- 916 nömrəli Arxiv Arayışı, Azərbycan Respublikası Müdafiə Nazirliyi İİİ Müdafiə Nazirinin Katibliyinin 23.11.2021-ci il tarixli, 4/3-1532 nömrəli məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16.12.2021-ci il tarixli, 351-7530Z-3221 nömrəli arayışı və cavabdehin 14.01.2022-ci il tarixli 11/151 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olan AO ******* nömrəli hərbi biletin 4-cü səhifəsində onun 04.12.N0-cı il tarixdə h/h N nömrəli hərbi hissəyə daxil olduğu və 31.05.N2-ci il tarixdə hərbi hissənin siyahısından çıxarılması barədə məlumat qeyd olunsa da, həmin qeydlər müvafiq arxiv sənədləri – arxiv arayışı, əmrlər, əmr kitablarından çıxarışlarla və digər sənədlərlə təsdiq edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin 23.11.2021-ci il tarixli, 4/3-1532 nömrəli məktubundan görünür ki, 23 yanvar 2020-ci il tarixli 9/2-916 nömrəli arxiv arayışına əsasən iddiaçının döyüş əməliyyatları aparılan dövrdə N və N nömrəli hərbi hissələrdə 31.03.N2-ci il tarixdən sonrakı dövrdə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivindən verilmiş 23.01.2020-ci il tarixli, 9/2-916 nömrəli Arxiv Arayışından görünür ki, Daşkəsən RHK-dan çağırılmış sıravi iddiaçı N nömrəli hərbi hissə komandirinin 26.02.N2ci il tarixli 68 nömrəli əmrilə şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissə komandirinin 31.03.N2-ci il tarixli 105 nömrəli əmrində könüllülər batalyonunun şəxsi heyətinin siyahısında iddiaçının adı qeyd olunmuşdur.N nömrəli hərbi hissə komandirinin iyul N2-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il və 08 iyul N3-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16.12.2021-ci il tarixli, 351-7530Z- 3221 nömrəli arayışında iddiaçının məhkumluğunun olmadığı qeyd edilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindənçıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N8-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasını təsdiq edən hər hansı sənəd aşkarlanmamışdır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar