Məhkəmə qərarları › İş №2-1(114)-519/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-519/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-519/2023 02.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrin dəyişdirilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmrin dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü ildən xx.xx.2019-cu il tarixədək N saylı hərbi hissədə (MAHHXHQ) hərbi qulluqçu kimi xidmət etmişdir. xx.xx.2019-cu ildən xx.xx.2019-ci il tarixdək N saylı hərbi hissədə xidmət etmiş, xx.xx.2019-cu ildə hərbi hissədən təxris olunmuşdur. Hərbi hissədə hərbçi kimi qulluq etdiyi dövrdə nizam intizama riayyət etmiş, barəsində heç bir tənbeh tədbiri görülməmişdir.Təxris olunduqdan sonra ona məlum olmuşdur ki, o xidmətə uyğunsuzluqla hərbi hissədən təxris olunmuşdur. İddiaçı hesab edir ki, hərbi biletdə təxris olunma səbəbinin "xidməti uyğunsuzluq” qeyd edilməsi gələcək iş fəaliyyətində maneələr yaradacaq. 10 sentyabr 2019-ci il tarixli əmrin dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, o, hərbi biletində olan xidməti uyğunsuzluq maddəsinin olması barədə təxris olduğu müddətdə xəbəri olmamışdır, çünki həmin dövrdə ailə vəziyyəti ilə bağlı (özü və ailə üzvlərinin hamısı Covid-19 virusuna yoluxmuşdur) hərbi biletində olan uyğunsuzluq maddəsinə fikir verməmişdir, təxminən 2022-ci ildə hərbi biletini vərəqləyərkən uyğunsuzluq maddəsinin olduğu bilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus SX ******* nömrəli, 08 iyul 2012ci il tarixli hərbi biletin 23-cü səhifəsində olan qeyddən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Cavabdeh komandirinin xx.xx.2019-cu il tarixli 0108əç nömrəli əmrinə əsasən Ordu sıralarından ehtiyata buraxılmışdır. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini xx.xx.2019-cu il tarixdə bilmiş və məhkəməyə əmrin mübahisələndirilməsi barədə ərizəni müddət ötürülməklə təqdim etmişdir. Həmçinin müddətin ötürülməsinin səbəbini mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Belə ki, iddiaçı özünün və ailə üzvlərinin hamısının Covid-19 virusuna yoluxduğunu bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda hərbi biletində yazılan qeydlərə 2022-ci ildə baxması inandırıcı deyil. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı əmrin dəyişdirilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar