Məhkəmə qərarları › İş №2-1(114)-52/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-52/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-52/2020 31.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə İddiaçı cavabdeh X14 Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X9 və X7) mülkiyyətində olmuş və cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində sökülmüş ünvan 1 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin və iki qarajın sökülməsinin qanunsuz hesab edilməsi, həmin əmlakların əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, X14 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1631 saylı sərəncamlarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh X14 Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X9 və X7) xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək mülkiyyətində olmuş və cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində sökülmüş ünvan 1 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin və iki qarajın sökülməsinin qanunsuz hesab edilməsi, həmin əmlakların əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, X14 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1632 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-1280/2019 nömrəli qərardadı ilə məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 40,3 kv.m qeyri yaşayış sahəsi və sahibliyində iki ədəd sahəsi 18,5 kv.m və 20.3 kv.m olmuş qarajlar olmuşdur. Sahəsi 40.3 kv.m olmuş həmin qeyri yaşayış sahəsi ilkin olaraq dövlət əmlakı kimi alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfındən xx.xx.1999-cu ildə X1 və ona xx.xx.2000-ci il tarixli 000623 saylı Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə verilmişdir. Göstərilən qeyri yaşayış sahəsini F.M.İbrahimovdan xx.xx.2004-cü il tarixli, 217065 nömrəli alqı-satqı müqaviləsi əsasında almış və ona xx.xx.2004-cü il tarixli, 333356 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin X14 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1631 saylı sərəncamları ilə həmin qeyri yaşayış sahələri sökülmüş və onların yerləşdiyi torpaq sahəsi X8 və X4 adına verilmişdir. Həmin sərəncamları qanunsuz hesab edir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ləğv edilməsini xahiş etdiyi sərəncamın “xx.xx.2013-cü il tarixli, 1631 saylı” kimi qeyd edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-52/2020 nömrəli qərardadı ilə iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımı qaydada məlumat verilmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh X14 Rayon İcra Hakimiyyəti nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, üçüncü şəxslər X9 və X7 isə məhkəmə iclasına gəlməmiş və səbəblkəri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 02804582 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindəmn verilmiş xx.xx.2004-cü il tarixli, 003356 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət X2 tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 001996 nömrəli texniki pasportun təsdiq edilmiş surəti; - X16 Hakimiyyəti başçısı Aparatının iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, H- 195-149 nömrəli məktubunun surəti; - X14 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013cü il tarixli, 1631 saylı sərəncamlarının təsdiq edilmiş surətləri; - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12 xx.xx.2019cu il tarixli, **********14 nömrəli cavab məktubu; - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, **********97 nömrəli cavab məktubu; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ, İV hissələri). Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqları və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli Qərarı). Qanunvericiliyin normasından görünür ki, İddiaçı, ona mənsub torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları X14 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1631 saylı sərəncamları ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndi). Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının aktları qanunvericilikdə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin 2-ci bəndinin tələbinə görə sözügedən əsaslar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindəmn verilmiş xx.xx.2004-cü il tarixli, 003356 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 40,3 kv.m qeyri-yaşayış sahəsi (birmərtəbəli tikili) İddiaçı xüsusi mülkiyyəti kimi rəsmiləşdirilmişdir. Həmçinin məhkəməninsorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, **********97 nömrəli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 40.3 kv.m qeyri-yaşayış sahəsi xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X1 və bununla bağlı ona xx.xx.2000-ci il tarixli, 000623 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” verilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi X6 ilə bağlanmış xx.xx.2004-cü il tarixli, 217065 nömrəli müqavilə əsasında İddiaçı tərəfindən satın alınmış və İddiaçı xx.xx.2004-cü il tarixli, 003356 nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə mübahisə predmeti olan sərəncamlar qəbul edilərkən cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əməl olunmaması ilə bağlı inzibati məhkəmə icraatının iştirakçılarının diqqətinə aşağıdakıları çatdırmağı zəruri hesab edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən icraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan öz təşəbbüsü ilə həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. İcraatın sonunda qəbul olunmuş inzibati akt 3-cü şəxslərə münasibətdə də etibarlı olur və sonuncular üçün hüquq və vəzifələr yaradır, bir şərtlə ki, iştirakı məcburi olan üçüncü şəxslər icraata cəlb olunsunlar. Beləliklə də, məhkəmə araşdırmaları zamanı, şifahi məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının tələblərinə əsasən müəyyən olunmuşdur ki, X14 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1631 saylı sərəncamlarının qəbul edilməsi İddiaçı maraqlarına toxunduğundan, həmin sərəncamlar ləğv edilməlidir. Çünki mübahisələndirilən qeyri-yaşayış sahəsi X6 ilə bağlanmış xx.xx.2004-cü il tarixli, 217065 nömrəli müqavilə əsasında İddiaçı tərəfindən satın alınmış, İddiaçı xx.xx.2004-cü il tarixli, 003356 nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” verilmiş və həmin şəhadətnamə qüvvədə olduğu halda iş üzrə cavabdeh inzibati orqan X14 Rayon İcra Hakimiyyəti iddiaçının hüquqlarını pozaraq üçüncü şəxslərin adına mübahisə predmeti olan sərəncamları vermişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinə dair təqdim etdikləri sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin sərəncamların ləğvi hissəsində təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçılar tərəfindən mübahisələndirilən xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1631 saylı sərəncamları qəbul etmiş inzibati orqan X14 Rayon İcra Hakimiyyəti həmin sərəncamların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə iddia tələbinin iddiaçının mülkiyyətində olmuş və cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində sökülmüş ünvan 1 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin və iki qarajın sökülməsinin qanunsuz hesab edilməsi, həmin əmlakların əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Belə ki, İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və iki qarajın iş üzrə cavabdeh inzibati orqan X14 Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi məhkəmə araşdırması zamanı, həmçinin iş materialları ilə öz təsdiqini tapmamış və iddiaçı həmin hissədə iddia tələbinin əsaslığını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X14 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1631 saylı sərəncamları ləğv edilməli, iddia tələbi iddiaçının mülkiyyətində olmuş və cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində sökülmüş ünvan 1 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin və iki qarajın sökülməsinin qanunsuz hesab edilməsi, həmin əmlakların əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. X14 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013cü il tarixli, 1631 saylı sərəncamları ləğv edilsin. İddia tələbi iddiaçının mülkiyyətində olmuş və cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində sökülmüş ünvan 1 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin və iki qarajın sökülməsinin qanunsuz hesab edilməsi, həmin əmlakların əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar