Məhkəmə qərarları › İş №2-1(114)-52/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-52/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-52/2021 04.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Tərtər Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.6 kv.m olan fərdi yaşayış evi və 0.06 ha torpaq xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 16.09.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı Tərtər Rayon İcra Hakimiyyətinə və Tərtər Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasına müraciət edərək özünə məxsus olmuş ünvan 1 ünvanında yerləşmiş fərdi yaşayış evinin sökülməsi və həmin ərazidə olan 0,06 ha torpaq sahəsinin əlindən alınması ilə müvafiq tədbirlər görülməsini xahiş etmiş, ərizəsində yaşayış evinin təmirinə, həyətinin abadlaşdırılmasına 60.000 manat xərcinin çıxdığını göstərmişdir. Tərtər Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının 23.09.2019-cu il tarixli 1339 nömrəli məktubunda qeyd edilmişdir ki, “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 1.9.1-ci yarımbəndinə əsasən şikayət bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı üçün müraciətinə Apellyasiya Şurasında baxıla bilməz. Tərtər Rayon İcra Hakimiyyətinin 12.11.2019-cu il tarixli 1564 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus olan tikilinin yerləşdiyi 0,06 ha torpaq sahəsi və ona bitişik ərazi rayon İcra hakimiyyətinin yeni inzibati binasının tikintisi məqsədilə plana düşmüşdür. Aparılan tikinti İddiaçı məxsus torpaq sahəsində deyil, ona bitişik dövlət mülkiyyətində olan torpaq sahəsində aparılır. İddiaçı məxsus torpaq sahəsi rayon İcra hakimiyyətinin yeni inzibati binasının həyəti kimi plana düşdüyü üçün həyat yoldaşı X2 bir neçə dəfə rayon İcra hakimiyyətinə dəvət olunmuş, ona şəhərin başqa küçələrində 2 yerdən həyətyanı torpaq sahəsi və ya rayonun magistral yollarından birinin knarından sahibkarlıq məqsədi ilə torpaq sahəsinin verilməsi təklif olunmuşdur. E.Rəfiyev bu təklifə etiraz etməmiş, fikirləşib bir qərara gələciyini bildirmişdir. Lakin bugünə qədər o, bu məsələyə münasibət bildirməmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Tərtər Rayon İcra Hakimiyyətindən onun xeyrinə 60.000 (altmış min) manat maddi ziyana və 30.000 (otuz min) manat mənəvi zərərə görə kompensasiyanın ödənilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdeh Tərtər Rayon İcra Hakimiyyətindən iddiaçıya vurulmuş 60.000 (altmış min) manat maddi ziyanın ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbi ilə Tərtər Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 06 noyabr 2019-cu il tarixli, 2(061)- 1610/2019 saylı qərardadı ilə onun cavabdeh Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia tələbi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq məcburiyyətində qalmışdır. 09 sentyabr 2016-cı il tarxində Tərtər Rayon Dövlət Notariat Kontorunun dövlət notariusunda həyat yoldaşı X2 öz mülkiyyətində olan ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahə 65.6 kv.m fərdi yaşayış evini Tərtər rayon Dövlət Notariusunda 4Ə-139 nömrə ilə qeydə alınmış “Daşınmaz əmlakın bağışlanması müqaviləs” ilə ona bağışlamışdır. Bundan sonra, 16 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarış almaqla mülkiyyət hüquqlarını rəsmi qeydə aldırmışdır. Sözügedən ev Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasının arxasında yerləşirdi. Həmin evin təmirinə və İcra Hakiiyyətinin göstərişindən sonra 30 metr uzunluğunda və 3 metr hündürlüyündə hasarının bayır hissəsinin ağlayla bəzədilməsinə, həyətində müxtəlif abadlıq işlərinin aparılmasına 60.000 manat xərci çıxmışdır. Bir neçə ildir xəstə olduğundan tez-tez Bakı şəhərinə gedib orada müalicə və müayinə olunur. Ailə üzvləri ilə Bakı şəhərində olduğu zaman Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Cavabdeh ona məxsus sözügedən evi, torpağı, bağı, tikililəri uçuraraq şumlatdırmış və oranı düzəngaha çevirərək mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Qanunsuz hərəkətlərin kim tərəfindən edilməsini öyrəndikdə, məlum olmuşdur ki, evin sökülməsi və mülkiyyət hüquqlarının pozulması göstərişini Tərtər Rayon İcra Hakimiyyəti başçısı Cavabdeh vermişdir. Bundan sonra, Tərtər rayon İcra Hakimiyyəti başçısının hərəkətlərinin qanunsuz sayılmasına və pozulmuş hüquqlarının bərpasına, ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin bərpa edilərək ona qaytarılmasına və ya əmlakının real bazar dəyərinin ödənilməsinə dair qərar qəbul edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurasına 18 sentyabr 2019-cu il tarixdə müraciət etsə də, sözügedən qurumdan 23 sentyabr 2019-cu il tarixli, 1339 saylı arayışla ona cavab verilmişdir ki, müraciətinə Apellyasiya Şurasında baxıla bilməz. Məhkəmənin 30.06.2021-ci il tarixli 2-1(114)-52/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh Tərtər Rayon İcra Hakimiyyəti məhkəməyə yazılı etiraz təqdim edərək etirazında göstərmişdir ki, ünvan 4 ünvanında İddiaçı məxsus olan 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 65,6 kv.m yaşayış evi ərizəçinin qayınatası X4 tərəfindən 1980-ci illərdə rayonda rəhbər vəzifədə işləyərkən yanacaq doldurma məntəqəsinin tikilməsi məqsədi ilə əldə edilmiş, 2016-cı ildə isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına sənədləşdirilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsi şəhərin mərkəzində yerləşdiyindən və rayon İcra hakimiyyətinin həyətinə bitişik olduğundan orada yanacaq doldurma məntəqəsinin tikilməsi məqsədə uyğun bilinməmişdir. Həmin vaxtdan hal-hazıra kimi ev qəzalı olduğu üçün orada heç kəs yaşamamışdır. Uzun illər evdən və həyətyanı torpaq sahəsindən heç kim istifadə etmədiyindən həyəti və evi qamış, böyürtkən kolu və digər yabanı bitkilər əhatə etmişdir. 2016-cı ildə Tərtər şəhəri, H.Əliyev prospektində Tarix-diyarşünaslıq muzeyi tikilib istifadəyə verilən zaman yaxınlıqda yerləşən, uzun illər heç bir yaşayış olmayan, uçub dağılmış, yararsız, antisanitariya vəziyyətinə düşmüş, yerləşdiyi ərazinin memarlıq görünüşünə xələl gətirən tikilinin sökülərək ərazinin abadlaşdırılması zərurəti yaranmışdır. Həmin vaxt tikilinin sahibi İddiaçı həyat yoldaşı X2 ilə söhbət aparılmış, yuxarıda qeyd olunanlar ona izah edilmiş, o, tikilinin sökülməsinə etiraz etməmişdir. Tikili söküldükdən sonra söküntü materiallarının aparılması ona təklif olunsa da, o, materialların yararsız olduğunu bildirərək aparmamışdır. Hazırda həmin tikilinin yerləşdiyi 0,06 hektar torpaq sahəsi və ona bitişik ərazi rayon İcra hakimiyyətinin yeni inzibati binasının tikintisi məqsədilə plana düşmüşdür. Aparılan tikinti vətəndaşa məxsus 0,06 hektar torpaq sahəsində deyil, ona bitişik dövlət mülkiyyətində olan torpaq sahəsində aparılır. İddiaçı məxsus 0,06 hektar torpaq sahəsi rayon İcra hakimiyyətinin yeni inzibati binasının həyəti kimi plana düşdüyü üçün ərizəçi İddiaçı rayon İcra hakimiyyətinə dəvət olunmuş, lakin o xəstə olduğu üçün həyat yoldaşı X2 bir neçə dəfə rayon İcra hakimiyyətinin başçısı tərəfindən qəbul olunmuş, ona şəhərin başqa ərazisindən 0,12 hektar həyətyanı torpaq sahəsi və ya rayonun magistral yollarının birinin kənarından sahibkarlıq məqsədi ilə torpaq sahəsi verilməsi təklif olunmuşdur. E.Rəfiyev bu təklifə razılığını bildirmişdir. Lakin sənədləşmə işlərinə başlanarkən İddiaçı yenidən rəhbər orqanlara təkrar müraciətlər etmişdir. Müraciətlə əlaqədar E.Rəfiyev bir daha rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş və ona edilən təkliflər barədə razılığa gəlmələri tövsiyə olunmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, onlara məxsus torpaq sahəsi şəhərin mərkəzində yerləşsə də, cavabdeh orqan şəhərin kənarından torpaq sahəsi təklif etmiş və təklif olunan torpaq sahəsinin dəyəri iddiaçıya məxsus əmlakın dəyərindən dəfələrlə az olmuşdur. Həmçinin etiraz qeydlərində və məhkəmə iclasında iddiaçıya müəyyən təkliflərin olduğu qeyd olunsa da bu həqiqət deyildir və cavabdeh orqan tərəfindən hazırki tarixədək heç bir real hərəkət edilməmişdir. Cavabdeh Tərtər Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən etiraza uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddiaçının qeyd etdiyi məbləğ şişirdilmiş məbləğdir, sökülən ev yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. Cavabdeh Tərtər Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında digər nümayəndə X5 ilə eyni məzmunda izahat vermiş və əlavə olaraq göstərmişdir ki, həmin ərazidə yarımtikili, yəni iddiaçıya məxsus ev olsa da, tam təmirsiz olmuşdur. Tərtər rayon İcra Hakimiyyətinin inzibati binası həmin torpaq sahəsində yerləşmir, sadəcə inzibati binanın həyəti orada yerləşir. Söküntü işləri 2016-cı ildə olmuş və həmin ev tamamilə yararsız olduğundan icra hakimiyyəti tərəfindən sökülmüşdür. Telefon vasitəsilə söküntü barədə iddiaçıya məlumat verilmiş, o isə öz növbəsində, ona məxsus tikilinin əvəzi ödənilmədən sökülməsinə razılıq vermişdir. Söküntü işlərinin aparılmasına dair Tərtər rayon İcra Hakimiyyəti tərəfindən heç bir sərəncam qəbul edilməmiş, təkliflə bağlı akt tərtib olunmamışdır. Həmin torpaq sahəsi halhazırda Tərtər rayon İcra Hakimiyyətinin istifadəsindədir və iddiaçıya heç bir kompensasiya ödənilməmişdir. Cavabdehə və üçüncü şəxsə hazırkı məhkəmə iclası ilə əlaqədar məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər. İş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.6 kv.m olan fərdi yaşayış evi və 0.06 ha torpaq xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 16.09.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh Tərtər Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı 12.11.2019-cu il tarixli 1564 nömrəli məktubunda, məhkəməyə ünvanlandığı yazılı etirazında, habelə cavabdehin nümayəndələrinin izahatlarında qeyd olunur ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan 65,6 kv.m yaşayış evi yerləşdiyi ərazinin memarlıq görünüşünə xələl gətirdiyindən sökülərək ərazinin abadlaşdırılması zərurəti yaranmış, eyni zamanda, həmin torpaq sahəsi və üzərində yerləşən yaşayış evi Tərtər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının həyəti kimi plana düşdüyü üçün sökülmüşdür. Mübahisələndirilən torpaq sahəsi halhazırda Tərtər Rayon İcra Hakimiyyətinin istifadəsindədir. Bundan başqa, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi, habelə torpaq sahəsinin zəbt edilməsi ilə bağlı heç bir sərəncam qəbul olunmamışdır. Habelə, cavabdeh inzibati orqan dəlillərində iddiaçının həyat yoldaşına şəhərin başqa yerindən 0,12 ha torpaq sahəsi və ya rayonun magistral yollarının birinin kənarında sahibkarlıq məqsədilə torpaq sahəsinin verilməsinin təklif olunmasını bidirsə də, təklif olunan torpaq sahələrinin ölçüsü, yerləşmə yeri və iddiaçının imtinasına dair hər hansı bir sənəd və ya akt məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, torpaq sahəsinin alınmasına dair qanuna müvafiq qaydada qərar qəbul edilmədiyindən iddiaçının mülkiyyətindən məhrum edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdehin sözügedən torpaq sahəsinin Tərtər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının həyəti kimi plana düşməsinə, habelə həmin fərdi yaşayış evinin tam yararsız və antisanitar vəziyyətə olmasına dair göstərdiyi dəlillərin qanunla müəyyən edilmiş əsasları olmamış və qanunda tələb edildiyi kimi Nazirlər Kabineti tərəfindən torpaq sahəsinin və tikilinin alınmasına dair heç bir normativ akt qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini də nəzərdə tutur. Mövcud qanunvericiliyə əsasən şəxsi mülkiyyət dövlət hesabına Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndi tələb etdiyi kimi aşağıdakı yollarla özgəninkiləşdirilə bilər: - Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən mülkiyyət qanuni kompensasiya əvvəlcədən ödənilməsi şərti ilə dövlət ehtiyacları üçün müsadirə yolu ilə; - Mülki Məcəllənin 207 və 203.3.3-cü maddələrinə uyğun olaraq mülkiyyətçinin razılığı ilə dövlət tərəfindən əmlakın alınması yolu ilə; - Mülki Məcəllənin 203.3 maddəsində nəzərdə tutulmuş digər xüsusi hallarda. İşin faktiki hallarından göründüyü kimi yuxarıdakı prosedurların heç birinə riayət edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakının tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyətli obyektləirin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” kimi Nazirlər Kabinetinin təyin edilməsi müəyyən edilmişdir. Həmin Məcəllənin 203.3-ü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa əmlakın mülkiyyətçisindən məcburi alınmasına yol verilmir: - öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi (maddə 203.3.1); - qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.2); - sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.3); - təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması (maddə 203.3.4); - rekvizisiya (maddə 203.3.5); - müsadirə (maddə 203.3.6). Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir (maddə 203.5). Qeyd olunan Məcəllənin 207-ci maddəsinə əsasən torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mulkiyyət hüquna xitam verilməsi həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Sözügüdən 65.6 kv.m olan fərdi yaşayış evinin və həmin ərazidə olan 0.06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olması mübahisələndirilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə müəyyən edir ki, fərdi yaşayış evi və torpaq sahəsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə əsasən iddiaçının mülkiyyəti olmuşdur və iddiaçının mülkiyyətinə müdaxilə mövcuddur. Belə ki, onun mülkiyyəti cavabdeh tərəfindən alınmışdır. Bu müdaxilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolun 1-ci maddəsinin 2-ci cümləsinin məzmunu baxımından mülkiyyətdən məhrum etməyə bərabərdir. Məhkəmə iddiaçının əmlakına müdaxilə zamanı mülkiyyətinin alınması ilə bağlı prosedurun Konstitusiyanın, Mülki Məcəllənin 152.1, 157.4, 157.9, 1097, 1100, 1113 və 1115-ci maddələrinin müddəaları ilə tənzimlənməsinə dair arqumentini nəzərə alır və razılaşır ki, iddiaçının mülkiyyətinin alınması zamanı həmin hüquqi aktlar tətbiq olunmalı idi. Buna baxmayaraq, hazırki işdə ərizəçinin mülkiyyətindən məhrum edilməsi zamanı qanunla nəzərdə tutulmuş şərtlərin heç birinə əməl edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh ərizəçinin şikayətinə baxmayaraq həmin qanunvericilik aktlarının tətbiq olunması məsələsini ümumiyyətlə müzakirə etməmiş, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçıya məxsus əmlakın sökülərək yerində Tərtər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının həyətinin salındığını etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öz mülkiyyətindən cavabdehin hərəkəti nəticəsində qanunsuz olaraq məhrum edilmişdir və o, öz mülkiyyətindən məhrum edildiyinə görə kompensasiya hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə əsasən əgər məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin razılığa gələn yüksək tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməyini təyin edir. İddiaçı maddi zərərə görə 60.000 (altmış min) manat məbləğin kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Hazırki işdə maddi zərərin qiymətləndirilməsi ilə bağlı məhkəmə tərəfindən bir neçə dəfə mütəxəssis rəyinin verilməsi ilə bağlı qərardad qəbul edilmişdir. Belə ki, Gəncə İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2-1(114)-748/2020 nömrəli qərardadı ilə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 65.6 kv.m olan fərdi yaşayış evinin 2016-cı ildə və hazırkı vaxtda real bazar dəyərinin müəyyən edilməsi ilə bağlı rəyin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02.04.2021-ci il tarixli **********05 nömrəli məktubunda qeyd edilmişdir ki, 07.09.2020-ci il tarixli, 2-1(114)-748/2020 nömrəli qərardadda qoyulmuş sualın cavablandırılması Xidmətin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 21.04.2021-ci il tarixli **********50 nömrəli məktubunda fərdi yaşayış evinin sökülməsinə görə mütəxəssis rəyinin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Məhkəmənin 16.04.2021-ci il tarixli 2-1(114)-52/2021 nömrəli qərardadı ilə iş üzrə yenidən mütəxəssis rəyinin verilməsi qərar alınmış və mütəxəssis rəyinin verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.06.2021-ci il tarixli 43 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 65.6 kv.m olan fərdi yaşayış evinin 2016-cı ilə real bazar dəyəri 53000 (əlli üç min) manat, hazırkı vaxta, yəni 31.05.2021-ci il tarixə 65000 (altmış beş min) manat təşkil edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış qiymətləndirmənin nəticəsi ilə razı olmadıqlarını, ona görə də, qiymətləndirmənin dövlət orqanı tərəfindən yenidən aparılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin etibarnamə üzrə nümayəndəsinin ərizəsini nəzərə almaqla mübahisəli məsələnin həlli baxımından yaranmış sualların mütəxəssis tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini və ziddiyyətlərlə bağlı məsələlərin aydınlaşdırılması üçün mütəxəssis rəyinə zərurət yarandığını nəzərə alaraq iş üzrə mütəxəssis rəyinin alınmasını məqsədəmüvafiq hesab etmiş və bu barədə qəbul etdiyi 14.07.2021-ci il tarixli 2-1(114)-52/2021 nömrəli qərardadın icra edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 06.08.2021-ci il tarixli **********88 nömrəli məktubunda fərdi yaşayış evinin sökülməsinə görə mütəxəssis rəyinin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Həmin məktuba cavab olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə 06.09.2021-ci il tarixdə təkrar müraciət edilərək bildirilmişdir ki, hazırkı inzibati iş məhz qeyd edilən əmlakın sökülməsi ilə əlaqədar iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı olduğundan Gəncə İnzibati Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2-1(114)-52/2021 nömrəli qərardadının icrasına zərurət yaranmışdır. Məhkəmənin sözügedən qərarına əsasən araşdırma predmeti iki obyektdən – 1) İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən; 2) həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 65.6 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Ona görə də, mövcud torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən sökülmüş vəziyyət ümumi sahəsi 65.6 kv.m olan fərdi yaşayış evinin texniki pasportdakı göstəricilərinə əsasən 2016-cı ildə və hazırkı vaxtda real bazar dəyərinin müəyyən edilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2-1(114)-52/2021 nömrəli qərardadının icra edilərək mütəxəssis rəyinin məhkəməyə göndərilməsinin təmin edilməsi tələb olunmuşdur. Məhkəmənin təkrar müraciətində göstərilən xüsusatlara baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi 01.10.2021-ci il tarixli **********72 nömrəli məktubunda yenidən fərdi yaşayış evinin sökülməsinə görə mütəxəssis rəyinin verilməsinin mümkün olmadığı qeyd etmiş, torpaq sahəsinə və yaşayış evinin texniki pasportundakı göstəricilərə əsasən qiymətləndirməni həyata keçirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisələndirilən fərdi yaşayış evinin və torpaq sahəsinin qiymətləndirilməsinə dair iş materiallarında sadəcə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.06.2021-ci il tarixli 43 nömrəli rəyi mövcud olduğundan həmin rəyin mötəbərliliyinə qiymət verilməlidir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.06.2021-ci il tarixli 43 nömrəli rəyində ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 65.6 kv.m olan fərdi yaşayış evinin hazırkı vaxta real bazar dəyəri 65000 (altmış beş min) manat təşkil edir. Tərtər rayon xüsusi notariusunun 04.11.2021-ci il tarixli 726 nömrəli məktubundan görünür ki, Tərtər şəhəri, F.Qulami küçəsində və ona yaxın ərazilərdə həyətyanı torpaq sahəsinin bir sotunun satış qiyməti ***-**** manat (hasarlanıb-hasarlanmamasından, çox illik ağac bitkilərinin olub-olmamasından asılı olaraq), fərdi yaşayış evləri isə 15000-25000 manat (təmirli olub-olmamasından asılı olaraq) təşkil edir. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyinə qiymətləndirmə ilə bağlı qeyd aparılaraq göstərilmişdir ki, mübahisələndirilən fərdi yaşayış evi söküldüyündən ərazidə analoji obyektlər üzrə daşınmaz əmlak bazarının monitorinqini aparılmış, ərazi üzrə fəaliyyət göstərən rieltor qurumlarına, internet resurslarına və bu məzmunda nəşr edilən qəzaet, jurnal və s. daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına etibar doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunaraq aparılmış monitorinqin nəticəsi qiymətləndirici tərəfindən təhlil edilmişdir. Lakin mütəxəssis rəyinə mütəxəssisin istinad etdiyi məlumatlara dair hesabatlar əlavə edilməmiş, hər hansı digər etibarlı məlumatlara istinad olunmamışdır. Buna görə də məhkəmə qiymətləndirmə ilə bağlı mövcud bütün sübut və materialları nəzərə alaraq sözügedən torpaq sahəsi və tikilinin bazar dəyərini notarius tərəfindən müəyyən olunmuş ən yüksək qiymətlə dəyərləndirilməsini qanunamüvafiq hesab edir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının 2016-cı ildə mülkiyyətindən məhrum olmasına baxmayaraq, hələ də, kompensasiya ödənişi almadığından iddiaçıya ödəniləcək kompensasiya məbləği qiymətləndirmənin ən son tarixinə, yəni 2021-ci il tarixə olan bazar dəyərinə əsasən hesablanmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilən mülahizələri nəzərə alaraq hesab edir ki, notarius tərəfindən müəyyən olunmuş ən yüksək qiymət nəzərə alınmaqla hazırkı iş üzrə mübahisələndirilən 0,06 ha torpaq sahəsinin 2021-ci il üçün ümumi bazar dəyəri 6000 manat (1 sot və ya 0,01 ha üçün 1000 manat), fərdi yaşayış evinin ümumi bazar dəyəri isə 25000 manat kimi qiymətləndirilməli, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.06.2021-ci il tarixli 43 nömrəli rəyinə əlavə edilmiş 17.06.2021-ci il tarixli 34 nömrəli hesab-fakturadan görünür ki, aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə iddia tələbi qismən təmin edildiyindən aparılmış mütəxəssis tədqiqatının dəyəri kimi 200 (iki yüz) manat iddiaçı və cavabdehdən müştərək qaydada, yəni hər birindən 100 (bir yüz) manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Tərtər rayon İcra Hakimiyyətindən 31000 (otuz bir min) manat məbləğində maddi ziyan dövlət büdcəsi hesabına tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri kimi 200 (iki yüz) manat iddiaçı və cavabdehdən müştərək qaydada, yəni hər birindən 100 (bir yüz) manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, H/h: AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, Kod: 200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X, M/h: AZ37NABZ********************) köçürülsün. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar