Məhkəmə qərarları › İş №2-1(114)-52/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-52/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-52/2023 21.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı vəkili X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Avtomobil X6) maddi zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 20 saylı qərarı və ЈN-0010 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında kommersiya məqsədi ilə şəxsi mülkiyyətinə verilmiş, Gədəbəy-Şəmkir avtomobil yolunun şərq hissəsində yerləşən 0,25 ha torpaq sahəsinin cavabdeh tərəfindən əlindən alınaraq, Cavabdeh abadlıq işləri layihəsinə uyğun, “Gədəbəy şəhəri” sözləri yazılaraq trafaret inşa edilməklə, yaşıllıq salınması nəticəsində ona vurulmuş 100000 (bir yüz min) manat məbləğində maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Gədəbəy Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 20 saylı qərarı ilə JN-0010 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında mülkiyyətinə verilmiş, Gədəbəy- Şəmkir avtomobil yolunun şərq hissəsində yerləşən 0,42 hektar torpaq sahəsi üzərində mülkiyyətçi kimi inşa etdirdiyi tikinti materialları satışı ticarət obyektində ailəsinin maddi təminatını təmin etməyə çalışmışdır. Cavabdeh sabiq rəhbərliyinin şifahi, qeyri-rəsmi göstərişi əsasında dövlət və ictimai ehtiyaclar üçün alınması bəhanəsi ilə həmin torpaq sahəsi və üzərində inşa etdirmiş olduğu tikinti materialları satışı obyekti sökdürülmüş və əlindən faktiki olaraq alınmış, əvəzində ona heç bir kompensasiya ödənilməmişdir. Həmin torpaq sahəsinin bir hissəsində yəni, 0.07 ha hissəsində Gədəbəy-Şəmkir avtomobil yolunun üstündəki köhnə körpünün yanında yeni körpü inşa edilmiş, 0.25 ha hissəsində isə Cavabdeh abadlıq işləri layihəsinə uyğun olaraq “Gədəbəy şəhəri” sözləri yazılmış trafaret inşa edilmiş və yaşıllıq salınmışdır. Qalan 0.10 ha torpaq sahəsi isə faktiki sahibliyindədir. Keçmiş İcra başçısının şifahi göstərişi ilə şəhərin “Mal bazarı” adlanan sahəsindən o və digər sahibkar həmyerlilərinin sahibkarlıq fəaliyyətlərini davam etdirmələri üçün ayrılmış torpaq sahəsində tikinti materialları satışı üçün tikili inşa etdirilmiş və ona da həmin tikilidən bir bölmə verilmişdir, ancaq həmin sahəni hüquqi sənəd əsasında mülkiyyətinə verilməsi barədə vəd verilsə də vədə əməl edilməmişdir. Sabiq başçının vəzifəsindən çıxarılmasından sonra Gədəbəy şəhər Bələdiyyəsinin sədri işləmiş, Zirəddin Səfərov sahibkarlar üçün ayrılaraq ticarət şəbəkəsi inşa edilmiş həmin torpaq sahəsinin özünün mülkiyyətində olmasına görə məhkəmədə onlara qarşı iddia qaldıraraq həmin tikilidən çıxarılmaları barədə məhkəmə qərarı almışdır. Hazırda cavabdeh tərəfindən alınmış 0.25 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşən torpaq sahəsini satın almağı üçün ən azından hər sotun qiyməti 4000 (dörd min) manat pul ödəməlidir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Avtomobil X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili X5 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ərizəsində ona məxsus torpaq sahəsinin dövlət və ictimai ehtiyaclar üçün alınmasını qeyd etsə də, bu fakt sübutlarla əsaslandırılmamışdır. Belə ki, Şəmkir-Gədəbəy avtomobil yolunun 42 km-də olan körpü 2014-cü ildən Nəqliyyat Nazirliyinin sifarişi hesabına yenidən inşa edilmişdir. Hazırda həmin yol və yolun mühafizə zolağı "xxxx" MMC-nin balansındadır. Odur ki, mübahisəli ərazidə aparılmış işlə Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilməmişdir. Üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 115/8-14 nömrəli məktubundan qeyd edilmişdir ki, qeyd edilən torpaq sahəsi və üzərində inşa edilmiş ticarət obyekti Gədəbəy RİH tərəfindən dövlət və ictimai ehtiyaclar üçün alınmamış və bu barədə hər hansı qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Gədəbəy-Şəmkir avtomobil yolunun şərq hissəsində Cavabdeh abadlıq işləri layihəsinə uyğun “Gədəbəy şəhəri“ sözləri yazılaraq inşa edilmiş trafaretin və onun ətrafında aparılmış yaşıllaşdırma sahəsinin və inşa edilmiş yolun koordinatları ilə xx.xx.2005-ci il tarixli, JN-0010 KOD 50501004 nömrəli dövlət aktı əsasında İddiaçı verilmiş 0.42 ha torpaq sahəsinin 0.3042 ha-dək hissəsinin koordinatları üst-üstə düşür. Həmçinin Azərbaycan Avtomobil X6 "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01 nömrəli məktubundan qeyd edilmişdir ki, Şəmkir-Gədəbəy avtomobil yolunun 42 km-də olan körpü 2014-cü ildən Nəqliyyat Nazirliyinin sifarişi hesabına yenidən tikilmişdir. Hazırda "xxxx" MMC-nin balansındadır. Şəmkir-Gədəbəy avtomobil yolu Respublika əhəmiyyətli yol olduğuna görə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin yolun mərkəzi oxundan sağa və ya sola 30 metr olmaqla təhkim zonası sayılır. Həmin sahədə heç bir tikinti quraşdırma işləri aparmaq olmaz. Qeyd olunanlarla əlaqədar məhkəmə aşağıdakı normativ aktları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının təhkim zolağının ölçüləri”nin təsdiq edilməsi haqqında qərarın 1.1-ci bəndinə əsasən avtomobil yollarının təhkim zolağının ölçüləri (bundan sonra - sənəd) “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsinə əsasən müəyyən edilmişdir. Həmin Qərarın 1.2-ci bəndinə əsasən avtomobil yollarının təhkim zolağı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, yol konstruksiyasının özünün tikintisi, istifadəsi, təmiri, saxlanılması, qorunması üçün zəruri olan tikililərin, mühəndisi və texniki qurğuların, habelə müvafiq konstruktiv elementlərin (yolun hərəkət hissəsi, səkiləri, velosiped yolları, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri, taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri, suötürücü və qoruyucu qurğular, küvet və yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi ərazini əhatə edir. Yuxarıda qeyd olunanların sistematik təhlilindən o nəticəyə gəlinir ki, Gədəbəy- Şəmkir avtomobil yolunun şərq hissəsində Cavabdeh abadlıq işləri layihəsinə uyğun “Gədəbəy şəhəri“ sözləri yazılaraq inşa edilmiş trafaretin və onun ətrafında aparılmış yaşıllaşdırma sahəsinin və inşa edilmiş yolun koordinatları ilə xx.xx.2005-ci il tarixli, JN- 0010 KOD 50501004 nömrəli dövlət aktı əsasında İddiaçı verilmiş 0.42 ha torpaq sahəsinin 0.3042 ha-dək hissəsinin koordinatları üst-üstə düşməsinə baxmayaraq, iddiaçının tələbində qeyd olunan torpaq sahəsində aparılmış tikinti işlərini həyata keçirmək Cavabdeh səlahiyyətləri xaricindədir. Bundan əlavə məhkəmə araşdırılması zamanı iddiaçının ərizəsində qeyd etdiyi kimi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması öz təsdiqini tapmamışdır. Belə olan halda isə işə hazırki cavabdehə qarşı baxılması mümkün deyil. Məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdeh Azərbaycan Avtomobil X6 ilə əvəz edilməsinə dair yardım göstərilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi cavabdehin əsl cavabdeh ilə əvəz edilməsindən imtina etmişdir. Odur ki, cavabdeh qurumun üzərinə vurulmuş maddi zərərin ödənilməsi öhdəliyinin qoyulması tələbi mümkünlük şərtlərinə cavab vermir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Avtomobil X6) maddi zərərin ödənilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar