Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-520/2020 02.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) adın vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması və müavinətin hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, dövlət tərəfindən məcburi köçkünlərə verilən imtiyazlardan onun istifadə hüququnun bərpası, 2019-cu ilin yanvar ayından qeyri-qanuni kəsilmiş müavinətin cavabdeh tərəfindən tam ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı məlum hadisələr səbəbindən 1993-cü ilin aprel ayından Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. 1993-cü ilin oktyabr ayında ailə həyatı qurmuş, iki övladı var. 2011-ci ildə isə həyat yoldaşından boşanmışdır. 2019-cu ilin yanvar ayına qədər dövlət tərəfindən məcburi köçkünlərə verilən imtiyazlardan istifadə etmişdir, 2019-cu ilin yanvar ayından isə məcburi köçkün kimi aldığı müavinət kəsilmişdir. İddiaçı dəfələrlə ona ödənilən müavinətin nə üçün kəsildiyini, eləcə də kəsilmiş müavinətin nə üçün bərpa edilmədiyi barədə Cavabdehnə və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə şifahi və yazılı müraciətlər etsə də, müraciətləri cavabsız qalmışdır. İddiaçı hesab edir ki, halhazırda məcburi köçkün statusu ləğv olunmadığı, Kəlbəcər rayonunda qeydiyyatda olduğu və adına hər hansı daşınmaz əmlak olmadığı halda məcburi köçkün kimi aldığı müavinətin kəsilməsi anlaşılan deyil. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4327/2019 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əsl Cavabdehlə əvəz edilmiş, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin məhkəmənin eyni tarixli qərardadı ilə iş baxılması üçün Gəncə İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) adın vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması və müavinətin hesablanaraq ödənilməsi tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 02/308 nömrəli iddia tələbinə etiraz ərizəsi göndərilərək bildirilmişdir ki, Cavabdehtərəfindən təqdim olunan məlumata əsasən iddiaçı Cəmilova X1 rayonu, Aşağı Ayrım kənd sakini olmaqla 1993-cü ilin oktyabr ayında işğaldan sonra məcburi köçkün statusu olmayan şəxslə - X4 ilə nikaha daxil olmuş və AZ-İ 138561 nömrəli 2012-ci il 26 yanvar tarixli Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən nikahı ləğv edilmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.4-cü bəndinin tələbinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət verilmir. Cavabdehtərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq dayandırılması tam qanuna uyğundur. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Cavabdehbaşçısının xx.xx.2012-ci il tarixli, VM-ı/2002 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Kəlbəcər rayonun işğal olunması nəticəsində məcburi köçkün düşmüşdür. -AA 425383 nömrəli vəsiqənin surətindən görünür ki, Cəmilova X1 rayonundan məcburi köçkün düşmüşdür. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-4489/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, X4 ilə İddiaçı arasında xx.xx.1993-cü il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri Xətai rayonu VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1185 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. -AZ-İ 138561 nömrəli xx.xx.2012-ci il tarixli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X2 İddiaçı ilə olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2012-ci ilin 26 yanvar günündə 40 nömrə ilə qeyd edilmişdir. -Cavabdehbaşçısının xx.xx.2019-cu il tarixli, C-11-073 nömrəli məktubundan görünür ki, İddiaçı həyat yoldaşının məcburi köçkün statusu olmadığına görə ona verilən aylıq müavinətin müvafiq təlimata uyğun dayandırıldığı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı həqiqətən məcburi köçkün statusuna malikdir və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti 2019-cu ilədək almışlar. Lakin 2019-cu il tarixdə cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarını əsas gətirərək ona verilən müavinəti dayandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara məcburi köçkün statusu olan şəxslər üçün nəzərdə tutulan aylıq müavinət verilmir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçının X4 ilə rəsmi nikahı xx.xx.1993-cü il tarixdə bağlanmış,xx.xx.2012-ci il tarixdə isə ləğv edilmişdir. Məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara müvafiq müavinətin verilməməsi ilə bağlı göstəriş isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə müəyyən edilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçıya məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət verilən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" qüvvədə olmuşdur. "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 4.1-ci bəndində qeyd olunmuşdur ki, "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə yemək xərci üçün aylıq müavinət verilir. Yuxarıda istinad olunan və həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarından göründüyü kimi məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara yemək xərci üçün aylıq müavinət verilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının yemək xərci üçün aylıq müavinət alan zaman sözügedən Təlimat qüvvədə olduğundan həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Başqa sözlə iddiaçıya həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətin ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qaydanın:- -1.1-ci bəndinə əsasən ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir. -3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinə təqdim edirlər. -3.2-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər. -3.4-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Odur ki, iddiaçının adının vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması və qeyd olunan müavinətin 2019-cu ilin yanvar ayından hesablanaraq ödənilməsi öhdəliyi aidiyyəti hissədə Cavabdeh və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adının vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması və qeyd olunan müavinətin 2019-cu ilin yanvar ayından hesablanaraq ödənilməsi öhdəliyi aidiyyəti hissədə Cavabdeh və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-520/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-520/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver