Məhkəmə qərarları › İş №2-1(114)-520/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-520/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-520/2021 23.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vuqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs X1) qarşı qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə (üçüncü şəxs X1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə üçüncü şəxsin ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər şəhəri, H.Cavid küçəsində yerləşən 6 saylı mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Hazırki iş üzrə cavabdeh Humay Əsədova mərhum həyat yoldaşının dostunun həyat yoldaşıdır. Əvvəllər sözügedən evdə yaşamadığından hazırki mübahisəli evi müvəqqəti yaşamaq üçün 1998-ci ilin aprel ayında Humay Əsədovaya vermişdir. Artıq xeyli müddətdir ki, Humay Əsədova evindən çıxsa da, pasport qeydiyyatında çıxmamışdır. Cavabdehin onun evindən qeydiyyatdan çıxarılması üçün Tərtər rayon Polis Şöbəsinə etdiyi müraciətə xx.xx.2020-ci il tarixli, 184/19138-1220 saylı məktubla cavab verilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması onların səlahiyyətində deyil və məhkəməyə müraciət etməlidirlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş ərizənin forma və məzmununa riayət edilməmiş, ərizədə cavabdeh qismində həmin iddiaya cavab verməli olan Tərtər rayon Polis şöbəsi deyil, Cavabdeh qeyd edilmişdir. Belə ki, mübahisəli mülk Tərtər şəhəri H.Cavid küçəsi, 6 ünvanında yerləşməsinə və iş üzrə imtina məktubunun Tərtər rayon Polis şöbəsi tərəfindən verilməsinə baxmayaraq iddia ərizəsində cavabdeh qismində Cavabdeh qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 46.3-cü maddəsi). İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx.xx.2021-ci il tarixli sərəncam göndərilmiş və tələbin yönəldiyi inzibati orqanın (Tərtər rayon Polis şöbəsi) cavabdeh qismində göstərilməklə yeni iddia ərizəsi tərtib edərək məhkəməyə təqdim etməsi üçün xx xxxxxx 2021-ci il tarixədək vaxt verilmişdir. Məhkəmənin sərəncamı xx.xx.2021-ci il tarixdə iddiçının ünvanı üzrə təqdim olunsa da, tərəfindən məhkəmənin müraciətinə uyğun nöqsanları aradan qaldırmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxs X1) qarşı qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar