Məhkəmə qərarları › İş №2-1(114)-520/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-520/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-520/2025 20.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Cavabdeh 1-ci ordu korpusu komandirinin xx.xx.2017-ci il tarixli 0105əç nömrəli əmrinə əsasən 703-cü motoatıcı briqada (703 nömrəli hərbi hissə) komandirinin sərəncamında olan kiçik çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinə müvafiq olaraq “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixində cavabdehə müraciət edərək hərbi xidmətdən uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsini, ehtiyata buraxılması əsasının dəyişdirilməsini, itirilmiş müddətin staja hesablanmasını və xidmətə qəbul zamanı bağladığı müqavilənin sonuna qədər olan məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsini təmin edilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır, bu səbəbdən bağladığı müqavilənin sonuna qədər olan müddət üçün ona pul təminatının ödənilməsi barədə müraciəti Əsasnamənin tələblərinə zidd olduğu üçün təmin edilməsi mümkün hesab edilmir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun xidməti uyğunsuzluğa görə ehtiyyata buraxılmağı ilə bağlı əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə birgə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağ ilə bağlı əmrin ləğv edilməsini, ehtiyata buraxılmağı əsasının dəyişdirilməsini, itirilmiş müddətin staja hesablanmasını və xidmətə qəbul zamanı bağladığı müqavilənin sonuna qədər olan məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsini təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2015-ci ilin yanvar ayından etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etməyə başlamış, 2017-ci ilin may ayında hazırda şərti olaraq “Tərtər işi" adlandırılan iş çərçivəsində qanunsuz sorğu-suala, dindirməyə və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin nəticəsi olaraq da işgəncə və dindirmənin gedişində xx.xx.2017-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə’*nin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmış, qanunsuz və əsassız dindirməyə, işgəncələrə məruz qalması, bir sözlə ona qarşı cinayət əməllərinin törədilməsi Bakı Hərbi Məhkəməsinin l-l(093)-58/2023 nömrəli iş iizrə xx.xx.2023-cü il tarixli hökmii ilə öz təsdiqini tapmışdır. O, məhkəmədə baxılan müvafiq cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Çıxarılmış hökm təkcə ona qarşı cinayət əməllərinin törədilməsini deyil, eyni zamanda həmin əməllərin nəticəsi olaraq qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağısına da dəlalət edir. O, hazırda səhhətində olan problemlərə və mənəvi-psixoloji durumuna görə hərbi xidmətə bərpa olunmaq istəmir. Lakin onun hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsinin, itirilmiş müddətin staja hesablanmasının və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsinin zəruri olduğunu hesab edir. 2017-ci ildə və ondan sonrakı dövrdə zərərçəkmiş şəxs statusu tanınmadığından müvafiq müraciəti ünvanlaya yaxud hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmişdir. Hazırda isə məhz 2017-ci ilin may-iyun aylarında cinayət əməllərinə məruz qalması Bakı Hərbi Məhkəməsinin hökmü ilə təsdiq olunduğundan ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh N saylı hərbi hissə ilə əvəz edilməsini xahiş etmişdir, ərizə inzibati məhkəmə icraata qəbul olunmuşdur. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh N saylı hərbi hissənin əsl cavabdeh N saylı hərbi hissə ilə əvəz edilməsini xahiş etmişdir, ərizə inzibati məhkəmə icraata qəbul olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, cavabdehin xidməti uyğunsuzluğa görə ehtiyyata buraxılmağı ilə bağlı əmrinin ləğv edilməsi məqsəd güdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır. Hazırkı iş üzrə materiallardan görünür ki, xx.xx.2017-ci il tarixli 0105əç nömrəli əmr iddiaçı tərəfindən yalnız 6 il 1 aydan sonra, yəni 2024-cü ildə mübahisələndirilmiş və bununla da yuxarıda istinad olunmuş normada nəzərdə tutulan 30 günlük müddət ötürülmuşdür. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, qanunsuz və əsassız əmrdən şikayət vermək imkanı qarşısı alınmaz hal nəticəsində yəni “Tərtər işi” adlanan proses baş verdiyindən mümkün olmamışdır. Lakin Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Məhkəmə iclasında iddiaçı həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı “cavabdehin onun xidməti uğunsuzluğa görə ehtiyyata buraxılması ilə bağlı əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar