Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5219/2025 19.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi X2, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında məhkəmə iclasından kənar baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə qarşı «birdəfəlik ödəmə verilməsinə dair müvafiq siyahıya salınma və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X1 adının birdəfəlik ödəmə verilməsinə dair müvafiq siyahıya salınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin üzərinə qoyulması və 11000 manat birdəfəlik kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12923/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, iddia tələbi “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə 11000 manat birdəfəlik kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12923/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12923/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri). İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə qarşı «birdəfəlik ödəmə verilməsinə dair müvafiq siyahıya salınma və kompensasiyanın ödənilməsi» tələblə məhkəməyə müraciət etmiş iş 2- 1(114)-4745/2025 nömrə ilə qediyyata alınmışdır. Göründüyü kimi iddiaçı eyni əsaslarla və eyni iddia tələbi ilə məhkəməyə yenidən müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Məhkəmə qeyd etmək istəyir ki, tərəflər arasında yaranmış inzibati hüquq mübahisələri ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdə, iddiaçının həmin iddiası dərhal icraata götürülür. Lakin nəzərə almaq lazımdır ki, qüvvədə olan qanunvericilik, inzibati hüquq münasibətindən irəli gələn mübahisə nəticəsində verilən iddia məhkəmə icraatında olduğu zaman, iddiaçı həmin tələb ilə bağlı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququna malik deyildir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, eyni tərəflər arasında eyni tələb üzrə mübahisənin mövcudluğu ikinci dəfə iddiaçının eyni tərəfə qarşı eyni tələblə müraciət etməsini istisna edir. Belə olan halda, iddiaçının eyni tələblə yenidən iddia qaldırması anlaşılan və məqsədəmüvafiq deyildir. İddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmənin yardım etmə vəzifəsi ilə bağlı qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 48-ci maddəsi məhkəmə icraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin «məhkəmədə işin hallarının araşdırılması» prinsipinə riayət olunmasını tələb edir. Belə ki, həmin Məcəllənin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Hazırki iddia üzrə iddiaçı eyni əsaslarla və eyni iddia tələbi ilə məhkəməyə yenidən müraciət etdiyi üçün məhkəmə «prosessual qənaət» prinsipinə müvafiq olaraq tərəfləri dinləmədən iddianın mümkünsüz sayılmasını məqsədəuyğun hesab etmişdir. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-5219/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5219/2025
19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver