Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5223/2025 12.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X6 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «bildirişin ləğv edilməsi və borcun silinməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqan tərəfindən hesablanmış 343088,22 manat gömrük borcunun silinməsi və cavabdeh orqanın qanunsuz hərəkətlərinə görə Cəmiyyətə dəymiş maddi ziyana görə 20.000 manat kompensasiyanın cavabdeh orqandan alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəmiyyətə münasibətdə cavabdeh olan inzibati orqan tərəfindən 343.088,22 manat məbləğində gömrük borcu hesablanmış, lakin bu məbləğ hesablanan zaman inzibati icraat proseduru keçirilməmiş, nəticə olaraq da hər hansı inzibati akt qəbul edilməmişdir. Cəmiyyət tərəfindən borcun silinməsi məqsədi ilə daha əvvəl iddia tələbi ilə məhkəmələrə müraciət edilsə də, iddialara yalnız bir səbəbdən – borcun hüquqi qüvvəyə malik inzibati akta əsaslanmaması səbəbilə mümkün sayılmamışdır. Məhkəmələrin ümumi mövqeyi belə olmuşdur ki, yalnız hüquqi nəticə yaradan inzibati akt olduğu halda mübahisələndirmə hüququ yaranır və belə bir akt olmadığı üçün iddia tələbi mümkün deyil. Hesab edilir ki, borcun hüquqi əsası yoxdur. Belə ki, təqdim edilmiş sənədlərdən və qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, cavabdeh orqan tərəfindən Cəmiyyətə münasibətdə inzibati akt qəbul edilməmişdir. Cavabdeh orqanın özünün təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubun beşinci bəndində də borcun hesablanmasına dair inzibati aktın qəbul edilmədiyi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərardadında 343088,22 manat borcun mövcudluğunun hər hansı sənədlə təsdiq edilmədiyini göstərmişdir. Lakin buna baxmayaraq gömrük orqanı tərəfindən Cəmiyyətin fəaliyyətinin həyata keçirilməsində məhdudiyyətlər yaradılır. Çünki borc məbləği Cəmiyyətin hesabından silinməmişdir. Bundan başqa cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində Cəmiyyət sahibkarlıq fəaliyyətini həyata keçirə bilməmiş və 20000 manat məbləğində maddi ziyana uğramışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Daha sonra iddiaçı "xxxx" MMC tərəfindən tələbin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim olunaraq xx.xx.2023-cü il tarixli bildirişin ləğv edilməsi və 343088,22 manat gömrük borcunun elektron baza məlumatlarından silinməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən iddia tələbinə qarşı məhkəməyə hər hansı etiraz ərizəsi göndərilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin direktoru X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh inzibati orqan məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən iddiaçı tərəfindən iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə araşdırmasının predmetini Cavabdeh tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli məktub, gömrük borcunun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli, 01 saylı bildiriş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı, Cavabdeh və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt təşkil etmişdir. Əsaslandırma hissəsi: İlk növbədə məhkəmə diqqətə çatdırır ki, hazırki iddia tələbinə mahiyyəti üzrə baxılıbbaxılmaması halı müəyyən edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı «bildirişin ləğvi və dəbbə pulunun silinməsi» tələbinə dair iddiası mümkün sayılmamışdır. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı «inzibati qərar qəbul edilmədən hesablanmış 343,088.22 (üç yüz qırx üç min səksən səkkiz manat iyirmi iki qəpik) manat gömrük borcunun silinməsi» tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbinə mahiyyəti üzrə baxılması yolveriləndir. Bununla bağlı məhkəmə diqqətin Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə nəzər salınmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 2-1(102)-710 nömrəli «4» ulduz indeksi ilə nişanlanmış qərarında ifadə edilmiş hüquqi mövqe: «Məhkəmə kollegiyası qeyd edir ki, ayrıca inzibati aktın- qərarın qəbul edilməməsi hələ inzibati orqan tərəfindən inzibati icraatın aparılmaması demək deyil. İşin mübahisə olunmayan hallarına görə cavabdeh əlavə gömrük ödənişləri ilə bağlı borcun yarandığına dair iddiaçıya bildiriş və məktub göndərmiş, iddiaçı cavabdeh tərəfindən ona göndərilmiş məktublara cavab vermişdir. Odur ki, iddiaçı ilə cavabdeh arasında olan yazışmalar tərəflər arasında mübahisəli məsələyə dair cavabdeh inzibati orqan tərəfindən müvafiq icraatın aparıldığını təsdiq edən hallar kimi qəbul edilməlidir. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş inzibati icraatın anlayışına görə, inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Bundan əlavə qanunun tələbinə görə inzibati orqan tərəfə bildiriş göndərməklə inzibati icraat haqqında məlumat verir (İnzibati icraat haqqında Qanunun 51-ci maddəsi) . Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat çərçivəsində cavabdehin hərəkətləri, yəni tərəflər arasında yazışmalar (borcun mövcudluğuna dair məktub, bildiriş) inzibati orqanın iradə ifadəsi ilə bağlı olduğundan məhz yoxlama ilə bağlı konkret qərarın qəbul edilməməsi əsası ilə iddianın təmin edilməsi və ya mümkün sayılmaması əsaslı nəticə kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 24 yanvar tarixli, 2-1(102)-267/2024 saylı qərarındakı mövqedən fərqli hüquqi mövqe sərgiləyərək qeyd edir ki, inzibati orqan apardığı icraat çərçivəsində yekunda mütləq olaraq “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında formal baxımdan ayrıca inzibati akt qəbul etməsə də, müəyyən məbləğdə gömrük borcunun yarandığı və onun ödənilməli olması barədə hər hansı rəsmi məlumatın verilməsi, o cümlədən belə məlumatın bildiriş və ya məktub vasitəsilə çatdırılması şəxs üçün hüquqi nəticə yaratmış olur və şəxs onun üçün əlavə öhdəlik yaradan cavabdehin bu hərəkəti barədə mübahisələndirmə haqqında iddia ilə məhkəmə mübahisəsi açmaq hüququna malik olmalıdır.» «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2, 57 və 59-cu maddələrinin tətbiqi zamanı inzibati aktın formasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli Qərardadında olan hüquqi mövqe: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2, 57 və 59cu maddələrinə uyğun olaraq, inzibati aktın rekvizitlərini özündə əks etdirən formal baxımdan ayrıca yazılı inzibati akt qəbul etməmiş olsa belə, hakimiyyət tədbiri ilə bağlı iradə ifadəsi kifayət qədər aydın və anlaşılan olan, ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilən inzibati orqanın maraqlı şəxslərə ünvanlanmış rəsmi məktubu və ya digər rəsmi sənədi inzibati akt kimi qiymətləndirilə bilər. Göründüyü kimi artıq formalaşmış yeni məhkəmə təcrübəsinə əsasən cavabdeh orqanın verdiyi borcun ödənilməsi barədə bildiriş inzibati akt kimi qiymətləndirilə və iddianın predmeti olaraq mübahisələndirilə bilər. Hansı ki, mövcud vəziyyətdə cavabdeh inzibati orqan bildirişdə göstərilən borc məbləğini iddiaçıdan tələb edir, onun sahibkarlıq fəaliyyətini məhdudlaşdırır. Bu isə iddiaçının məhkəmə müdafiəsi hüququna ehtiyacının yaranmasına gətirib çıxarır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında dəfələrlə qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququnun məzmunu, o cümlədən ədalətli məhkəmə qərarının qəbul edilməsini nəzərdə tutur (Viktor Ozerovun şikayəti üzrə 2011-ci il 15 aprel tarixli, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 2015-ci il 22 may tarixli və s. Qərarlar). Qərarın ədalətliliyi isə onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar. (X3rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67). Konstitusiyanın 125-ci maddəsinin İ və Vİİ hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Odur ki, məhkəmə iddiaya mahiyyəti üzrə baxılmasını məhkəmə müdafiəsi hüququnun qorunması baxımından yolverilən hesab edir və iddia tələbinin mümkünlük şərtləri ilə qeyd edir. Hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh inzibati orqan Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı tərəfindən bildirişdən şikayət verilməsi qanunla nəzərdə tutulan prosessual müddət buraxılmamışdır. Belə ki, iddiaçı vaxtında məhkəməyə müraciət etmiş, sadəcə olaraq həmin vaxt mövcud məhkəmə təcrübəsinə müvafiq olaraq iddia tələbi mümkün sayılmamışdır. Bir sözlə iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə etməkdə israrlı olmuş və bu hüququ vaxtında həyata keçirmişdir. Mövcud vəziyyətdə iddia tələbinin müddət baxımından mümkünsüz hesab edilməsi, məhkəmə müdafiəsi hüququnun əsassız olaraq pozulması ilə nəticələnər. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının olduğu yer (və ya olduğu yer) üzrə baxılır. İddiaçının qeydiyyatda olduğu hüquqi ünvan Qazax rayonu «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 249. Gömrük borclarının alınması və məsuliyyət tədbirləri 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. 249.4. Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlamış gömrük borcunun yaranması barədə məlumatdan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaranmış gömrük borcu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 10 oktyabr 2022-ci il tarixli 9/4162 nömrəli məktubu ilə daxil olmuş Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin 10 oktyabr 2022-ci il tarixli qərarının icrası olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlama nəticəsində müəyyən olunmuşdur. Həmin yoxlamaların nəticəsində 01 mart 2023-cü il tarixli akt tərtib olunmuşdur. Aktın «hazırki yoxlama ilə aşkar edilmiş nöqsanlar» hissəsində şəxslərin adları ayrılıqda göstərilməsə belə, 2018-2022 illər üzrə ayrı-ayrı kateqoriyalara uyğun olaraq yaranmış gömrük borclarının məbləği ümumi olaraq qeyd olunmuşdur. Həmçinin həmin akta əlavə edilmiş «Excell» faylda şəxslərin hər birinin adları və onların hər bəyannamə üzrə borcları qeyd olunmuşdur. Nəticədə, yoxlamalar yekunlaşdırıldıqdan sonra Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində aşkar olunmuş gömrük borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə bildirişlər tərtib olunaraq aidiyyəti üzrə həmin şəxslərin qeydiyyatda olduğu ünvanlara göndərilmişdir. Qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 2-1(104)-182 saylı qərardadda qeyd olunmuşdur: «Cavabdeh orqan tərəfindən yaranmış gömrük borcuna dair xx.xx.2023-cü il tarixli akt təqdim edilsə də, həmin aktda iddiaçı hüquqi şəxs barəsində hər hansı konkret məlumat əks olunmamışdır. Aktla birlikdə göndərilmiş excel formatlı sənəddə gömrük borcuna dair müəyyən hesablamalar aparılsa da, qeyd edilən excel sənədi ümumi xarakter daşıyır və konkret hüquqi şəxsə münasibətdə gömrük borcunun tətbiq edilməsi üçün yetərli sübut hesab edilə bilməz. Qeyd olunmalıdır ki, iş üzrə ümumilikdə üç dəfə məhkəmə iclası keçirilmiş, lakin cavabdeh orqanın nümayəndəsinin həmin iclaslarda iştirakı təmin olunmamışdır. Nəticədə, cavabdeh tərəfindən təqdim edilmiş akt və ona əlavə edilmiş sənədlərə dair hər hansı izahat verilməmiş, sənədlərin hüquqi məzmunu və tətbiqi mexanizmi barədə məhkəməyə aydınlıq gətirilməmişdir. Bu isə həmin sənədlərin hüquqi qüvvəyə malik sübut kimi qəbuluna ciddi şübhə yaradır və gömrük borcunun mövcudluğunun təsdiqlənməsinə imkan vermir. Nəticə etibarilə, gömrük borcunun hüquqi qüvvəyə malik sənədlərlə əsaslandırılmadığı, bu barədə qanunvericiliyin tələblərinə uyğun inzibati aktın qəbul olunmadığı və cavabdeh tərəfindən məhkəməyə iddiaçının borclu olduğunu təsdiq edən inandırıcı sübutlar təqdim edilmədiyi üçün iş üzrə mübahisə olunan məbləğin iddiaçıya aid gömrük borcu kimi qəbul olunması üçün hüquqi əsaslar mövcud deyil. Eyni zamanda, cavabdeh tərəfindən təqdim olunmuş sənədlərin hüquqi nəticə doğuracaq səviyyədə rəsmiləşdirilməməsi və əsaslandırılmaması səbəbindən hazırkı iddianın mümkün sayılması da hüquqi baxımdan əsassızdır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bildirir ki, göründüyü kimi iddiaçıya cavabdeh tərəfindən ünvanlanan məktubda qeyd olunan 343,088.22 manat borcun mövcudluğu hər hansı hüquqi nəticə yaradan sənədlə təsdiq olunmadığından mövcud olmayan borcun da silinməsinə dair iddia tələbinə baxılması mümkün sayıla bilməz.» Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə (hansı ki, cavabdeh gömrük orqanı bu qərardadı mübahisələndirməmiş və qərardadda göstərilən borcun mövcud olmaması barədə maddi hüquqi faktı qəbul edilmişdir) iddiaçı "xxxx" MMC-nin gömrük borcunun olmaması təsdiqin tapmışdır. Nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən qərardadı hazırki mübahisə üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin məhkəmə aktı qərardad olsa belə preyudisiallıq xassəsinə sahibdir. Bununla bağlı məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri sayır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur: Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. «Forma», yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. «Məzmun» yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Göründüyü kimi qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılıb, hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilib, baxış çəkişmə prinsipinə əməl edilməklə aparılıb, habelə, qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmuşdur. Bir sözlə qəbul edilmiş qərardad preyudisiyallıq kimi xassəyə sahib olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelunumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə iddiaçının cavabdeh gömrük orqanına qarşı hər hansı gömrük borcunun olmaması nəticəsinə gəlinir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçıya həmin borcun tutulması üzrə bildiriş göndərilir və mövcud olmadığı qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə təsdiqin tapdığı borc məbləği tələb edilir. Bu səbəbdən məhkəmə həmin bildirişi qanunsuz sayır və diqqətə çatdırır ki, qanunsuz inzibati akt ləğv edilməli və borc məbləği iddiaçının hesabından silinməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş ləğv edilsin və 343.088,22 (üç yüz qırx üç min səksən səkkiz manat iyirmi iki qəpik) manat gömrük borcunun "xxxx" MMC-nin elektron baza məlumatlarından silinməsi öhdəliyi Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-5223/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5223/2025
12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver