Məhkəmə qərarları › İş №2-1(114)-5236/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5236/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5236/2025 17.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Goranboy rayonu Xoylu bələdiyyəsi) qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilərək torpağın kateqoriyasına düzəliş edilməsi və yeni çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Goranboy rayonu Xoylu bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 08 saylı qərarı ilə 1,60 kv.m kənd təsərrüfatına yararsız torpaq sahəsinin sahibkarlıq məqsədi ilə X2 qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2007-ci il tarixində Goranboy rayon torpaq şöbəsində 262 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2007-ci il tarixli 017262 nömrəli qəbz ilə müəyyən edilir ki, X12 tərəfindən torpaq satışı ilə bağlı Goranboy rayonu Xoylu bələdiyyəsinin hesabına 988 manat məbləğində ödəniş edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən tərtib edilmiş rəyə əsasən Xoylu bələdiyyəsinin məktubuna əsasən naturada həmin torpaq sahəsinə aidiyyatı təşkilatların nümayəndələrinin iştirakı ilə baxış keçirilmiş və həmin torpaq sahəsinin satılması məqsədə müvafiq hesab olunmuşdur. Odur ki, Goranboy rayon şöbəsi Xoylu bələdiyyəsinin alqı- satqı predmeti olan “Bakı -Qazax şosse yolunun “sol tərəfindən,yolun təsir zonasından kənarda 1.6 ha yararsız torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Göynüyən kənd sakini X9 alqı-satqı qaydasında satılmasına etiraz etmir. Daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışa əsasən Goranboy rayonu Xoylu kəndində yerləşən 2,67 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X7 mülkiyyətindədir, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qrafasının qarşısında isə kənd təsərrüfatı təyinatlı torpaq olması qeyd edilmişdir. Goranboy rayonu Xoylu bələdiyyəsinin 17 aprel 2009-cu il tarixli, 04 saylı qərarından çıxarışa əsasən Xoylu bələdiyyəsinin alqı-satqı predmeti olan 10700 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2009-ci il tarixli A№159650 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şəhadətnaməsinə əsasən X4 rayonu ərazisində yerləşən Xoylu bələdiyyəsinin mülkiyyətində olan 10700 kv.m və ya 1,07 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 16 iyun 2009-cu il tarixdə keçirilmiş açıq torpaq hərracın qalibidir. Torpaq sahəsi açıq torpaq hərracında müsabiqədə 1712 manata mülkiyyətə verilmişdir. Şəhadətnamə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon Torpaq hərrac və müsabiqə komissiyasında 19 iyun 2009-cu il tarixdə 02 nömrə ilə qeydiyyata alınmaqla hərracın və ya müsabiqənin qalibinə verilir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş arayışda qeyd olunur ki, Xoylu bələdiyyəsinin 17 aprel 2009-cu il tarixli 04 saylı qərarı ilə hərrac qaydasında satılması nəzərdə tutulan torpaq sahəsi Gəncə-Qazax rayonuna aiddir.Həmin torpaq sahəsi 19 ballı V keyfiyyət qrupuna aid olmaqla 1,07 hektardır və normativ qiyməti 664,15 manatdır. Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır. xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 (satıcı) ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx/xx/2009 tarixdə X9 verilmiş **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus olan 2.67 ha torpaq sahəsi 4800 manata İddiaçı (alıcı) satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən Goranboy rayonu Xoylu kəndində yerləşən 2,67 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qrafasının qarşısında isə kənd təsərrüfatı təyinatlı torpaq olması qeyd edilmişdir. Bu barədə xx.xx.2015-ci il tarixində A№008429 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Quliyev X8 rayonu Xoylu kəndi ərazisində yerləşən torpaq sahəsinin təyinatının (kateqoriya) dəyişdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-Q-008-35-8/2025 nömrəli imtina məktubundan görünür ki, Goranboy rayonu Xoylu bələdiyyəsinin 30 oktyabr 2007-ci i tarixli 08 saylı qərarına əsasən Goranboy rayonu Xoylu kəndi ərazisində yerləşən kənd təsərrüfatına yararsız torpaq sahəsindən sahibkarlıq məqsədilə X3 va üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışda, həmçinin Gəncə ASAN Xidmət mərkəzinir dövlət notariusunun 4Ə-2299 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçıya satılmış sözügedən 1.60 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuşdur. İddiaçının müraciəti ilə əlaqədar aparılan əlavə araşdırma zamanı sözügedən torpaq sahəsini təyinatının (kateqoriya) “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” üzrə elektron kadastr bazasında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Torpaqların kateqoriyalara aid edilməs torpaq sahəsinin təyinatının dəyişdirilməsi, eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaqların qeyri kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırılması, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hublik hüqu şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2009-cu il tarixli və xx.xx.2015-ci il tarixli qeydlərdə düzəliş edilərək, Goranboy rayonu Xoylu kəndinin ərazisində yerləşən ona məxsus kənd təsərrüfatına yararsız 2,67 ha torpaq sahəsinin kateqoriyasının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olması barədə qeydiyyatın aparılması və ona yeni çıxarışın verilməsi xahiş etmişdir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.Goranboy rayonu Nizami adına təsərrüfatın Xoylu kəndi ərazisində aparlan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və TEKUİS ə əsasən1.07 ha hissəsinin kateqoriyyası kənd təsərrüfatı təyinatlı JN 206C dövlət aktı ilə mülkiyyətə verilmiş pay torpağıdır 1.60 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid örüş torpaq sahəsidir. 2.**********71 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. 3.İddiaçı tərəfindən naturada göstərdiyi torpaq sahəsi üzərində mühəndis komunikasiya xətləri mövcud olmadığından qaz kəmərinin mühafizə zolağına, elektirik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür.

4. Yuxarda qeyd edilən 2.76 ha torpaq sahəsi JN 205C, JN206C, JN207C, JN208C, JN210C və 181C nömrəli dövlət aktları ilə digər şəxslərin mülkiyyətlərinə verilmiş pay torpaqlarının bir hissəsi ilə üst-üstə düşür. 5.İddiaçının faktiki istifadə etdiyi 2.76 ha torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. 6-7. Təqdim edilən sənəd və göstərilən torpaq sahəsində hər hansı tikili mövcud deyil.

8. Goranboy rayonu Xoylu kəndində yerləşən 2.76 ha torpaq sahəsi Goranboy rayonu Nizami adına təsərrüfatın torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən ayrıldığı zaman 1.07 ha hissəsi kənd təsərrüfatı təyinatlı pay torpağına 1.60 ha hissəsi isə örüş sahəsidir. 9.X6 faktiki naturada istifadə etdiyi torpaq sahəsi Goranboy rayonu Xoylu bələdiyyəsinin Yerquruluşu Planında çıxarışda və A № 008429 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki qeyd edilmiş torpaq sahəsi ilə məkan göstəriciləri uyğun gəlsədə konfuqrasiyyası və ölçüləri uyğunluq təşkil etmir və hüdudları daxilindən qismən kənarlaşma var. 10.Faktiki naturada istifadə etdiyi torpaq sahəsi A № 008429 nömrəli planı və ölçüsü sənədindəki qeyd edilmiş torpaq sahəsi ilə məkan göstəriciləri uyğun gəlsədə konfuqrasiyyası və ölçüləri uyğunluq təşkil etmir və hüdudları daxilindən qismən kənarlaşma olduğundan 1:1000 miqyasına uyğun deyil. 11.İddiaçının faktiki istifadə etdiyi A № 008429 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki qeyd edilmiş torpaq sahəsi ilə məkan göstəriciləri uyğun gəlsədə konfuqrasiyyası və ölçüləri uyğunluq təşkil etmir və hüdudları daxilindən qismən kənarlaşma olduğundan koordinatların daxilində yerləşmir. 12.A № 008429 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi Goranboy rayonu Xoylu bələdiyyəsinin Yerquruluşu Planından çıxarış əsasında tərtib edilmişdir. 13.X6 faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) torpaq sahəsi Bərdə ərazi idarəsinin tərtib etdiyi kadast planından çıxarışdakı göstərilən torpaq sahəsi ilə məkan göstəriçiləri uyğun olsada konfiqurasiya və ölçüləri uyğunluq təşkil etmədiyyindən hüdudlarından kənarlaşma var. 14.X6 faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) torpaq sahəsi Bərdə ərazi idarəsinin tərtib etdiyi kadast planından çıxarışdakı göstərilən torpaq sahəsi ilə məkan göstəriçiləri uyğun olsada konfiqurasiya və ölçüləri uyğunluq təşkil etmədiyyindən 1:2000 miqyasa uyğun deyil. 15.Torpaq sahəsinə dair rəy, Goranboy rayonu Nizami adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə əsasən hazırlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məkubuna əsasən Gəncə inzibati məhkəməsinin 2-1(114)-5236/2025-ci il saylı qərardadda göstərilmiş Xoylu kəndi ərazisində yerləşən 2.67 ha torpaq sahəsi Goranboy rayonu Nizami adına təsərrüfatın Xoylu kəndi ərazisində aparlan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və TEKUİS məlumat bazasına əsasən 1.07 ha hissəsinin kateqoriyyası kənd təsərrüfatı təyinatlı JN 206C dövlət aktı ilə mülkiyyətə verilmiş pay torpağıdır 1.60 ha hissəsi isə kateqoriyyası kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aid örüş torpaq sahəsidir. Lakin Goranboy rayonu Xoylu bələdiyyəsinin 17 arpel 2009-cu il tarixli iclas protokolunun 04 nömrəli qərarından çıxarışa əsasən 1.07 ha torpaq sahəsi sahibkarlıq məqsədilə ayrılmışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda torpağın kateqoriya qrafasında düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasına gəlmiş, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat təqdim etməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). İşin hallarından görünür ki, Goranboy rayonu Xoylu bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 08 saylı qərarına əsasən X7 mülkiyyətinə 1.60 kv.m torpaq sahəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 16 iyun 2009-cu il tarixdə keçirilmiş açıq torpaq hərracın qalibi kimi X9 Xoylu bələdiyyəsinin mülkiyyətində olan 10700 kv.m və ya 1,07 ha olan torpaq sahəsi verilmişdir. Bundan başqa ilkin hüquqmüəyyənedici sənədlər verilən zaman Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş arayışda qeyd olunur ki, Xoylu bələdiyyəsinin 17 aprel 2009-cu il tarixli 04 saylı qərarı ilə hərrac qaydasında satılması nəzərdə tutulan torpaq sahəsi Gəncə-Qazax rayonuna aiddir.Həmin torpaq sahəsi 19 ballı V keyfiyyət qrupuna aid olmaqla 1,07 hektardır və normativ qiyməti 664,15 manatdır. Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır. Daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışa əsasən Goranboy rayonu Xoylu kəndində yerləşən 2,67 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X7 mülkiyyətindədir, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qrafasının qarşısında isə kənd təsərrüfatı təyinatlı torpaq olması qeyd edilmişdir. Daha sonra xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə Goranboy rayonu Xoylu kəndində yerləşən 2,67 hektar torpaq sahəsi X12 (satıcı) tərəfindən İddiaçı (alıcı) satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən Goranboy rayonu Xoylu kəndində yerləşən 2,67 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qrafasının qarşısında isə kənd təsərrüfatı təyinatlı torpaq olması qeyd edilmişdir. Bundan sonra iddiaçı torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etmiş, inzibati orqan tərəfindən qeydə alınmış hüquqa dair çıxarış verilən zaman həmin torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “kənd təsərrüfatı təyinatlı torpaq sahəsi” kimi qeyd edilmişdir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2007-cü il tarixli akta əsasən Xoylu Bələdiyyəsinin mülkiyyətində olan, Bakı-Qazax şosse yolunun sol tərəfindən, yolun təsir zonasından kənarda yararsız ərazisindəki yararsız torpaq sahəsindən 1.60 ha ayrılıb vətəndaş X1 fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə satılması məqsədəuyğun hesab edilmişdir. Goranboy rayonu Xoylu bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 08 saylı qərarı ilə kənd təsərrüfatına yararsız torpaq sahəsindən 1,60 kv.m hektar ayrılıb vətəndaş X1 məqsədi ilə satılması qərara alınmışdır. Belə olan halda əvvəldə səlahiyyətli orqan tərəfindən verilmiş bələdiyyə qərarına əsasən aparılan qeydiyyat üzrə iddiaçının ziyanına, onun mülkiyyət hüquqlarına toxunan düzəlişlərin edilməsi qəbuledilməzdir. Torpağın ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərin verilməsi zamanı toplanmış sənədlər qüvvədə olduğu halda, hüquqların ilkin hüquqmüəyyənedici sənədlərə əsasən düzgün qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-46/2-5338/2025 nömrəli məktubu ilə təqdim olunan mütəxəssis rəyində qeyd olunur ki, Goranboy rayonu Nizami adına təsərrüfatın Xoylu kəndi ərazisində aparlan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və TEKUİS ə əsasən1.07 ha hissəsinin kateqoriyyası kənd təsərrüfatı təyinatlı JN 206C dövlət aktı ilə mülkiyyətə verilmiş pay torpağıdır 1.60 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid örüş torpaq sahəsidir. **********71 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı tərəfindən naturada göstərdiyi torpaq sahəsi üzərində mühəndis komunikasiya xətləri mövcud olmadığından qaz kəmərinin mühafizə zolağına, elektirik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. Yuxarda qeyd edilən 2.76 ha torpaq sahəsi JN 205C, JN206C, JN207C, JN208C, JN210C və 181C nömrəli dövlət aktları ilə digər şəxslərin mülkiyyətlərinə verilmiş pay torpaqlarının bir hissəsi ilə üst-üstə düşür. Təqdim edilən sənəd və göstərilən torpaq sahəsində hər hansı tikili mövcud deyil.Goranboy rayonu Xoylu kəndində yerləşən 2.76 ha torpaq sahəsi Goranboy rayonu Nizami adına təsərrüfatın torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən ayrıldığı zaman 1.07 ha hissəsi kənd təsərrüfatı təyinatlı pay torpağına 1.60 ha hissəsi isə örüş sahəsidir. X6 faktiki naturada istifadə etdiyi torpaq sahəsi Goranboy rayonu Xoylu bələdiyyəsinin Yerquruluşu Planında çıxarışda və A № 008429 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki qeyd edilmiş torpaq sahəsi ilə məkan göstəriciləri uyğun gəlsədə konfuqrasiyyası və ölçüləri uyğunluq təşkil etmir və hüdudları daxilindən qismən kənarlaşma var. Faktiki naturada istifadə etdiyi torpaq sahəsi A № 008429 nömrəli planı və ölçüsü sənədindəki qeyd edilmiş torpaq sahəsi ilə məkan göstəriciləri uyğun gəlsədə konfuqrasiyyası və ölçüləri uyğunluq təşkil etmir və hüdudları daxilindən qismən kənarlaşma olduğundan 1:1000 miqyasına uyğun deyil. İddiaçının faktiki istifadə etdiyi A № 008429 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki qeyd edilmiş torpaq sahəsi ilə məkan göstəriciləri uyğun gəlsədə konfuqrasiyyası və ölçüləri uyğunluq təşkil etmir və hüdudları daxilindən qismən kənarlaşma olduğundan koordinatların daxilində yerləşmir.A № 008429 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi Goranboy rayonu Xoylu bələdiyyəsinin Yerquruluşu Planından çıxarış əsasında tərtib edilmişdir. X6 faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) torpaq sahəsi Bərdə ərazi idarəsinin tərtib etdiyi kadastr planından çıxarışdakı göstərilən torpaq sahəsi ilə məkan göstəriçiləri uyğun olsada konfiqurasiya və ölçüləri uyğunluq təşkil etmədiyyindən hüdudlarından kənarlaşma var. X6 faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) torpaq sahəsi Bərdə ərazi idarəsinin tərtib etdiyi kadast planından çıxarışdakı göstərilən torpaq sahəsi ilə məkan göstəriçiləri uyğun olsada konfiqurasiya və ölçüləri uyğunluq təşkil etmədiyyindən 1:2000 miqyasa uyğun deyil. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun 13.2-ci maddəsinin tələbinə görə mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda inzibati icraatın və bilavasitə inzibati orqanın fəaliyyətinin əsas prinsiplərindən biri kimi qeyd olunan etimad hüququnun qorunması prinsipinin tətbiqi əsası kimi müəyyən olunur: “inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur”. Sözügedən prinsipin inzibati orqanın fəaliyyətindəki əksi onu qeyd etməyə əsas verir ki, inzibati orqanın birbaşa səlahiyyətində olan istər hüquqi, istərsə də qadağan olunmamış faktiki fəaliyyəti və həmin fəaliyyətin dəfələrlə tətbiqi zamanı yaranan inzibati təcrübə zamanı digər tərəf olaraq hüququnu müdafiə və yaxud realizə edən fiziki və ya hüquqi şəxs inzibati orqanın praktikasına etimad edir və həmin praktikanın yaradacağı hüquqi nəticənin əvvəlcədən hər hansı əlverişsizliyinə şübhə ilə yanaşmır. Başqa sözlə bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Göründüyü kimi torpaq sahəsinə dair ilkin hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin məqsədli təyinatı qeyd edilmişdir. İddiaçının müraciəti əsasında hüquqların yenidən, təkrar qeydə alınması zamanı ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qrafasının qarşısında kənd təsərrüfatı təyinatlı qeyd edilməklə ilkin hüquqmüəyyənedici sənədlər nəzərə alınmamışdır. Halbuki iddiaçının təqdim etdiyi ilkin qeydiyyat və ilkin sənədlər qüvvədədir, həmin sənədlərin möhtəbərliyinə şübhə yaradacaq hər hansı hal müəyyən olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh orqanın hərəkəti hazırki tələb üzrə iddiaçının hüquqi marağının təmininə əsassız maneə kimi xarakterizə edilir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. Belə ki, məhkəmə hesab edir ki, torpaq sahəsinə dair bütün ilkin hüquqmüəyyənedici sənədlərdə - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən tərtib edilmiş rəydə,yerin seçilmə aktında, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş arayışda, xüsusilədə torpaq sahəsinin satılmasını nəzərdə tutan Goranboy rayonu Xoylu bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 08 saylı qərarı və Goranboy rayonu Xoylu bələdiyyəsinin 17 aprel 2009-cu il tarixli, 04 saylı qərarında torpaq sahəsinin kateqoriyasının sahibkarlıq məqsədli olması qeyd edildiyindən, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda torpağın kateqoriya qrafasında düzəliş edilməlidir. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehin üzərinə ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda torpağın kateqoriya qrafasında düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda torpağın kateqoriya qrafasında düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyi cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar