Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-524/2022 31.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı şəhidliklə bağlı arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı iddia ərizəsi ilə 28.08.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, mərhum oğlu X3 şəhidlik statusunun və bununla bağlı müvafiq arayışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın 16.08.2019-cu il tarixli, 730 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının övladı X3 şəhid statusunun verilməsi barədə heç bir əsasverici sənəd olmadığından ona şəhid olması barədə arayış verilməsi mümkün deyil. Səbəb kimi isə o göstərilmişdir ki, Füzuli Hərbi Prokurorluğundan daxil olan 07.11.2007-ci il tarixli, 17/3N nömrəli məktubda qeyd olunur ki, X4 02.07.1998-ci il tarixdə xidmət yoldaşının silahla davranış qaydalarını pozaraq atəş açması nəticəsində vəfat etmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtina məktubu tam əsassızdır. Məhkəmənin 03.03.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qarşı “X1 şəhid olması ilə bağlı arayışın verilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi iş üzrə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, ilk dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən 2007-ci ildə iddiaçının övladının şəhid olması barədə arayış verilmiş, bunun əsasında da iddiaçı müavinət almış, lakin onun şəhid statusunun ləğv edilməsi barədə hər hansı qərar verilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin 16.08.2019-cu il tarixli, 730 nömrəli məktubundan görünür ki, X4 02.07.1998-ci il tarixdə xidmət yoldaşının silahla davranış qaydalarını pozaraq atəş açması nəticəsində həlak olmuş və ona “Şəhid” statusunun verilməsi barədə bölmədə heç bir əsas verici sənəd olmadığından arayışın verilməsi mümkün olmamışdır. -surəti işə əlavə edilmiş 16.02.1999-cu il tarixli İV-ЖГ 481509 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X4 02.07.1998-ci il tarixdə hərbi hissə komandirinin döyüş əmrini yerinə yetirərkən həlak olması qeyd edilmişdir. -surəti işə əlavə edilmiş 11.05.1999-cu il tarixli ******* nömrəli vəsiqədən görünür ki, İddiaçı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ var. -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin 17.07.1998-ci il tarixli 186 nömrəli əmrindən çıxarışda X1 ölümünün döyüş növbəsinin yerinə yetirilməsi ilə bağlı olması qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Daşkəsən rayon hərbi komissarının 23.01.2002-ci il tarixli 4/41 nömrəli arayışında mərhum X1 28.06.1998-ci il tarixdə döyüş əmrini yerinə yetirərkən 02.07.1998-ci il tarixdə həlak olması, sözügedən arayışın verilməsinə əsas kimi N nömrəli hərbi hissənin 16/hh saylı, 03.07.1998-ci il tarixli arayışı göstərilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 09.02.2007-ci il tarixli 40 nömrəli qərarında X2 01.01.2007-ci ildən ömrlük 100 manat məbləğində Prezident təqaüdü təyin edilməsi qeyd edilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin 19.04.2021-ci il tarixli 403 nömrəli məktubundan görünür ki, İddiaçı şəhidlik statusunun ləğv edilməsi ilə bağlı Xidmətin Daşkəsən rayon bölməsində hər hansı bir qərar aşkar edilməmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu pyblik hüquqi şəxsin Gəncə-Daşkəsən rayon şöbəsinin 18.02.2022-ci il tarixli **********0 nömrəli məktubunda bildirilir ki, X1 anası X2 şəhid ailə üzvü kimi Daşkəsən rayon ƏSMM-i tərəfindən təyin edilmiş təqaüd 01.09.2008-ci ildə mərkəz tərəfindən dayandırılaraq “şəhid ailəsi” statusunu təsdiq edən Rayon Hərbi Komissarlığı tərəfindən arayış təqdim edilməsi tələb olunmuş, hərbi komissarlıq tərəfindən “şəhid ailəsi” statusunu təsdiq edən arayış verilmədiyi üçün həmin ailəyə təyin edilən Preziden təqaüdünün bərpa edilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçının mərhum övladı N saylı hərbi hissənin radiokəşfiyyat bölüyünün hərbi qulluqçusu kiçik çavuş X4 döyüş əmrini yerinə yetirərkən 02.07.1998-ci il tarixdə vəfat etmişdir. Bundan sonra onun ailə üzvlərinə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verilmiş, eyni zamanda şəhidlərin ailə üzvləri üçün nəzərdə tutulmuş Prezident təqaüdü təyin edilmişdir. X1 anası X2 şəhid ailə üzvü kimi Daşkəsən rayon ƏSMM-i tərəfindən təyin edilmiş təqaüd 01.09.2008-ci ildə mərkəz tərəfindən dayandırılaraq “şəhid ailəsi” statusunu təsdiq edən Rayon Hərbi Komissarlığı tərəfindən arayış təqdim edilməsi tələb olunmuş, hərbi komissarlıq tərəfindən “şəhid ailəsi” statusunu təsdiq edən arayış verilmədiyi üçün həmin ailəyə təyin edilən Preziden təqaüdünün bərpa edilməsi mümkün olmamışdır. İddiaçı hazırki iddia ilə övladının şəhid olması ilə bağlı arayışın verilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, mövcud qanunvericiliklə şəhid hesab edilən şəxslərin dəqiq kateqoriyası müəyyən edilmişdir.. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin 30.12.08 tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyrimüəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı şəhid ailəsi statusuna malik olmuş və bu statustan irəli gələn imtiyazlardan istifadə etmişdir. Lakin sonradan Füzuli Hərbi Prokurorluğundan daxil olan 07.11.2007-ci il tarixli, 17/3N nömrəli məktuba əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən X3 “Şəhid” statusunun verilməsi barədə bölmədə heç bir əsas verici sənəd olmadığından arayışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Qeyd edilməlidir ki, cavabdehin 19.04.2021-ci il tarixli 403 nömrəli məktubundan da görünür ki, İddiaçı şəhidlik statusunun ləğv edilməsi ilə bağlı qərar verilməmiş və mövcud deyil. Belə olan halda hesab edilməlidir ki, əgər həmin status müvafiq qərarla ləğv edilməmişdirsə, deməli hələ də qüvvədədir. Bu səbəbdən də hazırki halda iddiaçının “şəhid ailəsi” statusu olduğundan ona bu barədə arayışın verilməsindən imtina edilməsi ilə bağlı cavabdeh orqanın imtinası əsassız hesab edilməlidir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, X1 şəhid olması ilə bağlı arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 02.07.1998-ci il tarixdə vəfat etmiş X1 şəhid olması ilə bağlı arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-524/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-524/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver