Məhkəmə qərarları › İş №2-1(114)-525/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-525/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-525/2021 14.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinin nümayəndəsi (sədri) X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı örüş torpaq sahəsinin ayrılması, qanunsuz zəbt edilmiş ərzilərin boşaldılması və s. tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayon Qızılhacılı bələdiyyəsinə məxsus olan yaşadıqları əraziyə yaxın olan yerdən 150 baş qoyunun otarılması üçün yer ayrılması, qanunsuz zəbt olunmuş ərazilərin boşaldılması, kəsrlə verilmiş pay torpaqlarının bələdiyyənin ehtiyat fond torpağı hesabına konpensasiya edilməsi, torpaqların dövriyyəsi haqqında illik hesabatın və bələdiyyənin fəaliyyətini əks etdirən məlumat lövhəsinin müvafiq qanunvericiliyə uyğun olaraq bələdiyyə binansının önündə quraşdırılmasının təmin olunması, əhaliyə rüblük maliyyə hesabatının verilməsinin təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy rayon Qızılhacılı qəsəbə bələdiyyəsinin torpaqları aqrar islahat keçirilən zaman 3 kolxozun ərazisinin birləşdirilməsindən yaranmışdır, iddiaçıların yaşadıqları ərazi isə keçmiş Qara Məmməd adına kolxozun ərazisinə aiddir və həmin ərazinin aqrar islahatı ayrı keçirilmişdir. Aqrar islahat zamanı torpaqlar əhaliyə adambaşına düşən 52 sotla deyil, kəm-kəsirlə verilmişdir. Bundan əlavə gələcəkdə yerli əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş meydan, küçə, keçid, yol kənarı, park, meyvə bağı, meşə zolağı, zibillik, asudə örüş sahələri, ehtiyat fond torpaqları, idman meydançaları, eləcə də ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar xüsusi mülkiyyətə verilmişdir. İddiaçılar dəfələrlə bələdiyyəyə müraciət edərək yaşadıqları əraziyə yaxın yerdən (keçmiş Qara Məmməd adına kolxozun aqrar islahat komissiyasının ayırdığı ümumi istifadə üçün nəzərdə tutulmuş 800 ha örüş sahəsindən) 150 baş xırdabuynuzlu heyvanlarının otarılması üçün örüş sahəsinin ayrılmasını xahiş etsələr də, illərdir bələdiyyədən 1 ha torpaq sahəsi belə ala bilməmişlər, halbuki 100 ha torpaq sahəsi bir neçə nəfərin əlində cəmləşmişdir. Belə ki, 100 hektara yaxın torpaq sahəsi heç bir hərrac keçirilmədən X3 adına saxta protokollarla sənədləşdirilmişdir. Bələdiyyə isə həmin ərazilərin zəbt olunduğunu və ya əkildiyini bildirərək iddiaçıların müraciətini təmin etməmişdir. Qeyd olunanlara əsasən iddiaçılar hesab edirlər ki, bələdiyyənin qanundan kənar fəaliyyəti və fəaliyyətsizliyi nəticəsində yerli əhaliyə və onlara aid olmuş torpaq sahələrinin dövriyyəsinə aid illik hesabatın, rüblük maliyyə hesabatlarının verilməsi və qeyd olunan digər pozuntu hallarının aradan qaldırıması öhdəliyi bələdiyyənin üzərinə qoyulmalıdır. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, kənddə ümumiyyətlə örüş sahəsi yoxdur, hamısını əkib-becərirlər. Həmçinin islahat zamanı ona torpaq payı az verilmişdir, bunu isə bələdiyyə kompensasiya etməlidir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, tələblə bağlı bir çox məsələlər onun bələdiyyə sədrliyi dövründən əvvəl olmuşdur. Bundan başqa kənddə örüş yeri mövcuddur, onun bir hissəsi qanunsuz olaraq zəbt edilmişdir, bələdiyyə tərəfindən həmin şəxslərə müvafiq xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçıların tələbi bir neçə hissədən ibarətdir. Məhkəmə tələbin “örüş torpaq sahəsinin ayrılması” hissəsi ilə bağlı qeyd edir ki, örüş yerinin ayrılması bələdiyyənin səlahiyyətlərinə aid deyil. Başqa sözlə torpaqların kateqoriyasının və təyinatının müəyyən edilməsi və müvafiq bazaya işlənməsi ilə bağlı bələdiyyəyə səlahiyyət verilməmişdir. Tələbin “qanunsuz zəbt olunmuş ərazilərin boşaldılması” hissəsi də öz-özlüyündə qeyri-müəyyən və mücərrəd tələbdir. Belə ki, bununla bağlı əvvəlcə zəbt edən subyektlərin dairəsi müəyyən edilməli və aidiyyəti məhkəmədə iddia qaldırılmalıdır. Tələbin “kəsrlə verilmiş pay torpaqlarının bələdiyyənin ehtiyat fond torpağı hesabına konpensasiya edilməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, Aqrar İslahat Komissiyası tərəfindən torpaq sahələrinin müvafiq normalara uyğun verilməməsinə görə bələdiyyələr cavabdehlik daşıya bilməz və əskik verilmiş sahənin bələddiyənin hesabına kompensasiya edilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir göstəriş nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X6 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X1 hüquqi varisi müəyyən edilməmişdir. Hazırki iş üzrə cavabdeh qismində qeyd olunmuş Goranboy rayon Qızılhacılı bələdiyyəsi X1 hüquqi varisi olmadığından onun həmin orqanın müvafiq qərarı əsasında əksik verilmiş torpaq sahələrini öz hesabına konpensasiya etmək öhdəliyi də yoxdur. Həmçinin “torpaqların dövriyyəsi haqqında illik hesabatın və bələdiyyənin fəaliyyətini əks etdirən məlumat lövhəsinin müvafiq qanunvericiliyə uyğun olaraq bələdiyyə binansının önündə quraşdırılmasının, eləcə də əhaliyə rüblük maliyyə hesabatının verilməsinin təmin olunması” ilə bağlı qeyd edilməlidir ki, qanunvericiliklə müvafiq hərəkətlərin yerinə yetirilməsi bələdiyyələrin hüquq və vəzifələrinə aid edilmişdir. Ona görə də bələdiyyənin üzərinə məhkəmə qərarı ilə yenidən sözügedən vəzifələrin qoyulması məhkəmə icraatının predmeti deyil. Bundan başqa Qızılhacılı bələdiyyəsinin iddiaçılara ünvanladığı xx.xx.2021-ci il tarixli, 24 nömrəli məktubda qeyd olunan məsələlərin təmin ediləcəyi, qüsurların aradan qaldırılacağı bildirilmişdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı örüş torpaq sahəsinin ayrılması, qanunsuz zəbt edilmiş ərzilərin boşaldılması və s. tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar