Məhkəmə qərarları › İş №2-1(114)-527/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-527/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-527/2020 12.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X2 (üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti) qarşı ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsi üzərində olan ümumi sahəsi 82.6 kv.m, yaşayış sahəsi 75.2 kv.m olan yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınıb, çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonar mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X2 (bundan sonar mətndə cavabdeh) qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzərində tikilmiş iki mərtəbəli yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhərində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar olaraq şəhər İcra Hakimiyyətinin verdiyi layihə-sərəncam əsasında İcra başçısının göstərişi ilə ona məxsus qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində fərdi yaşayış evi tikmiş, 6 ildir ki, ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. Kommunal xidmətlərdən fərdi ev kimi istifadə edirlər. Evə dair çıxarışın onun adına verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh həmin evin əvvəl qeyri yaşayış sahəsi kimi qeydiyyata alınmalı olduğunu, sonra isə fərdi yaşayış evinə dair çıxarışın verilməsini ona izah etmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzərində olan ümumi sahəsi 82.6 kv.m, yaşayış sahəsi 75.2 kv.m olan yaşayış evinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.2 kv.m olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla xx.xx.2018-ci il tarixli, **********68-05101-083006 reyestr nömrəli çıxarış verilmiş, həmin qeyri-yaşayış sahəsi Dövlət əmlakı olmuş və Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən iddiaçıya verilmiş xx.xx.2005ci il tarixli şəhadətnamə əsasında özəlləşdirilmişdir. Həmin qeyri-yaşayış sahəsi M.A.Abbaszadə küçəsində yerləşən yaşayış binasının zirzəmi hissəsində yerləşir. Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti tərəfindən qanunvericiliyin tələbləri pozularaq ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yenidən qurulmuş, 82.6 kv.m, ümumi sahədən, 75.2 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin rəsmiləşdirilməsi və iddiaçının adına qeydiyyata alınması barədə sərəncam verilmişdir. Həmin tikilinin fərdi yaşayış evi kimi qeydiyyata alınması mümkün deyildir. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.2004-cü il tarixli 007820 nömrəli müəssisə və obyektin texniki posportu, xx.xx.2005-ci il tarixli 003379 nömrəli şəhadətnamə, xx.xx.2018-ci il tarixli **********68-05101-083006 reyestr nömrəli qeyri yaşayış sahəsinin texniki pasportu, Gəncə şəhər Kəpəz rayon İcra Hakmiyyəti başçısının xx.xx.2018-ci il tarixli 1358 nömrəli sərəncamı, RX seriyalı ******* nömrəli çıxarış, cavabdehin imtinası və etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Məhkəmə həmçinin tikiliyə yerində baxış keçirməklə mübahisəni araşdırmışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İşin faktiki hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 49.2 kv.m olan qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli **********68-05101-083006 reyestr nömrəli qeyri yaşayış sahəsinin texniki pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən 5 saylı xəngəlxana hüquq subyekti olaraq İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli 003379 nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, ünvan 2 ünvanında yerləşən 5 saylı xəngəlxana İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1358 nömrəli sərəncamdan görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin küçədə aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar yenidən qurumuş, 82.6 kv.m, ümumi sahədən; 75.2 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin rəsmiləşdirilməsi və İddiaçı adına qeydiyyata alınmasına sərəncam verilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli **********87 nömrəli məktubunda bildirmişdir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarili 439 nömrəli Fərmanına və «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən iddiaçının müraciətinin icrası mümkün olmamışdır. İş materiallarında olan sənədlər və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı qanuni əsaslarla sözügedən mənzilə istifadə və sahiblik etdiyindən onun həmin mənzilə dair çıxarış almaq hüququ yaranmışdır. Müvafiq mənzilə dair çıxarışın verilməsindən imtina olunması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- - 21.5-ci maddəsinə əsasən Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. - 21.8-ci maddəsinə əsasən Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. - 21.9-cu maddəsinə əsasən Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2-ci bəndinə görə həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1358 nömrəli sərəncamdan görünür ki, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin küçədə aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar yenidən qurumuş, 82.6 kv.m, ümumi sahədən; 75.2 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin rəsmiləşdirilməsi və İddiaçı adına qeydiyyata alınmasına sərəncam verilmişdir. Həmin sərəncama əlavə olunmuş Şəhərsalma və memarlıq idarəsinin 2016-cı il tarixli plan və ölçüsünə əsasən tikintinin plana uyğun tikilməsi məhkəmə tərəfindən yerində baxış keçirilməklə araşdırılmış, sözügedən plandan kənara çıxma müəyyən olunmamış, habelə sözügedən tikilidən yaşayış evi kimi istifadə olunduğu müəyyən olunmuşdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzərində olan ümumi sahəsi 82.6 kv.m, yaşayış sahəsi 75.2 kv.m olan yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınıb, çıxarışın verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə tələbində haqlıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzərində olan ümumi sahəsi 82.6 kv.m, yaşayış sahəsi 75.2 kv.m olan yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınıb, çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X1 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar