Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-528/2025 26.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Bərdə rayonu Bərdə bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Bərdə rayonu Bərdə bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli, 04 saylı qərarına əsasən həyətyanı məqsədilə 800 kv.m torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2023-ci il tarixli 3-21-3-46/2-S-0059-8/2023 nömrəli imtina məktubundan görünür ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün təqdim etdiyi sənədlərdə bir sıra çatışmazlıqlar vardır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən 0.08 ha torpaq sahəsinin ayrılması barədə Bərdə rayon Bərdə Bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli 04 nömrəli qərarı, torpaq sahəsinin sxemi, Bərdə rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin rəyi təqdim edilmiş, lakin torpaq sahəsinin sahəseçmə aktı, torpac sahəsinin təsdiq olunmuş yerquruluşu planı, torpaq sahəsinin alqı-satqısına dair akt. Dövlə Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsi yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi təqdim olunmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə şəhərində, Bahadur Hacıyev küçəsinin şimal tərəfində Nizami Gəncəvi adına park ilə, cənubdan üzbə-üz, şərqdən və şimaldan həyətyanı sahələrə həmsərhəd olmaqla, 32x25 m, cəmi 800 kv.m ölçüdə həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.TEKUİS məlumat bazasına əsasən, İddiaçı faktiki istifadəsində olan və iddia etdiyi torpaq sahəsinin kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, uqodiyası-tikinti altında olan torpaqlar olmaqla bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir. 2.TEKUİS məlumat bazasına əsasən həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqları, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır.
3. Torpaq sahəsi üzərində mühəndis kommunikasiya xətləri mövcud olmadığından, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür. 4.Mübahisəli torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən və naturada hər hansı digər şəxslərin hüquqlarına toxunmur və hər hansı digər şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. 5.İddiaçı iddia etdiyi torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. 6.Torpaq sahəsinə dair rəy, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə əsasən hazırlanmışdır. İddiaçı məhkəmə iclasına gəlmiş,cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Bərdə rayonu Bərdə bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli, 04 saylı qərar ilə 800 kv.m həyətyanı torpaq sahəsindən iddiaçıya satılmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan 0.08 ha torpaq sahəsinin ayrılması barədə Bərdə rayon Bərdə Bələdiyyəsinin 30 aprel 2007-ci il tarixli 04 nömrəli qərarı, torpaq sahəsinin sxemi, Bərdə rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin rəyi təqdim edilmiş, lakin torpaq sahəsinin sahəseçmə aktı, torpac sahəsinin təsdiq olunmuş yerquruluşu planı, torpaq sahəsinin alqı-satqısına dair akt. Dövlə Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsi yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi təqdim olunmamasına istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən kateqoriyası-yaşayış məntəqələrinin torpaqları olmaqla,mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsini müəyyən edilmişdir. Həmçinin məhkəmənin sorğusuna Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş cavab məktubunda İddiaçı Bərdə bələdiyyəsi tərəfindəm verilmiş həyətyanı torpaq sahəsinə dair 30 aprel 2007-ci il tarixli 04 saylı iclasının protokulundan çıxarış təsdiq olunaraq məhkəməyə təqdim edilmişdir. Bərdə rayon Bərdə bələdiyyəsinin məktubunda Bərdə şəhər Bahadur Hacıyev küçəsində Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarili 04 saylı iclas protokolunun çıxarışı ilə ayrılmış 800 kv.m ölçüdə həyətyanı torpaq sahəsini İddiaçı adına rəsmiləşdirilməsinə etirazlarının olmadığını bildirmişdir. Həmçinin Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarını və ona aid olan sənədləri Bərdə rayon Dövlət Arxivinə təhvil verilmişdir. Bərdə rayon Bərdə bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışındada İddiaçı Bərdə şəhər,B.Hacıyev küçəsində Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixdə 04 saylı qərarı ilə ayrılmış 800 kv.mplçüdə həyətyanı torpaq sahəsinə dair bələdiyyə büdcəsinə 160 manay vəsait ödəmişdir və həmin tarixdən istifadəsindədir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Bərdə şəhəri, Bahadur Hacıyev küçəsinin şimal tərəfində Nizami Gəncəvi adına park ilə, cənubdan üzbə-üz, şərqdən və şimaldan həyətyanı sahələrə həmsərhəd olmaqla, 32x25 m, cəmi 800 kv.m ölçüdə həyətyanı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva