Məhkəmə qərarları › İş №2-1(114)-529/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-529/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-529/2024 12.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİİ əlillik dərəcəsinin verilməsi (bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İİİ qrup əlillik dərəcəsinin verilməsi (bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən zaman “sağdan dirsək oynaq nahiyyəsini dəlib keçən qəlpə yaralanmasından sonra sağ orta sinirin travmatik nervit ” xəsarətlərini almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 349 nömrəli Qərarı ilə müəyyən edilmişdir ki, qeyd edilən xəsarətər “Hərbi Travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alınmışdır”. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliv yanında Dövlət Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2016-cı il tarixli rəyi ilə ona Qarabağ müharibəsi iştirakçısı kimi 3-cü dərəcə əlillik verilmişdir. Dəfələrlə növbəti tibbi komissiya zamanı Tibbi Sosial Ekspert Komisiyasının rəyləri ilə əlilliyi təsdiq edilərək müvafiq müddətlərə uzadılmışdır. Sonuncu dəfə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsı Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2022-ci il tarixli rəyi ilə ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi “Diaqnozun əlillik əlamətləri təyin etməməsi” göstərilmişdir. İddaaçı cavabdehin bu imtinasını tamamilə əsassız hesab etmişdir. Belə ki, 7 ildir ki, o “sağdan dirsək oynağı nahiyyəsinin dəlib keçən qəlpə yaralanmasından sonra sağ orta sinirin travmatik nervit ” diaqnozu ilə xəstədir. Bu səbbdən ona əlillik dərəcəsinin verilməsindən imtinası tamamilə formal xarakter daşıyır. İş üzrə şifahi məhkəmə baxışı iclası 12 mart 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, Ağdam rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (FİN: 42SNZZY) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 349 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ dirsək oynağı nahiyyəsini dəlib keçən qəlpə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı mədə ağrısından, baş ağrısından şikayətlənmişdir. Baxış zamanı sağ dirsəyin iç tərəfində və saidin proksimal bayır səthində dəri çapığı izlənmişdir. Sağ yuxarı ətrafda əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmiş, parez, atrofiya müşahidə olunmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « MTE və PAB » PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 918/2023 nömrəli ekspert rəyi, AR ƏƏSMN DTSERA tərəfindən məhkəməyə təqdim edilmiş etiraz, TSEK müayinələrin nəticələri, AR ƏƏSMN DTSERA Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlər və cavablar əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş TSEK müayinələrin nəticələrindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə keçirilən müayinənin nəticəsində “Sağ dirsək oynağının dəlib keçən qəlpə yaralanmasından sonrakı sağ orta sinirin travmatik nevriti. Yuxarı ətrafların monoplegiyası. Sağ yuxarı ətrafın parezi, sağ əlin funksiyasının pozulması. Oniki barmaq bağırsağın xorası. Kəskin və ya xroniki olduğu dəqiqləşdirilmədən, qanaxma və ya deşilmə olmadan, 12 b/b xora xəstəliyi residivlərlə”” diaqnozu ilə 5 il müddətinə İİİ dərəcə əlillik təyin edilmiş, lakin xx.xx.2021-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağ dirsək oynağını dəlib keçən qəlpə yaralanmasının davamlı qalıq əlamətləri” diaqnozu ilə, xx.xx.2021-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağ dirsək oynağını dəlib keçən qəlpə yaralanmasının davamlı qalıq əlamətləri, bazu səviyyəsində orta sinirin travması, sağ orta sinirin postravmatik nevriti, sağ əlin tutma funksiyasının əhəmiyyətli dərəcədə pozulması, oynaqların kontrakturası, sağ dirsək oynağının kontrakturası, hərəkət məhdudluğu, Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Yanaşı xəstəliklər: Dəmir defisitli anemiya, onikibarmaq bağırsağın xorası, onikibarmaq bağırsağın xroniki xora xəstəliyi, dispeptik xə ağrı sindromu ilə, diafraqmanın yırtığı pilerostenoz, nevrasteniya, ifadəli astenonevrotik sindrom, presbiopiya, xroniki xolesistit” diaqnozu ilə, xx.xx.2022-ci il tarixdə isə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağ dirsək oynağını dəlib keçən qəlpə yaralanmasının davamlı qalıq əlamətləri” diaqnozu ilə əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir . Məhkəmə qeyd edir ki, İddiaçı barəsində keçirilmiş bütün müayinələrin nəticəsi olaraq onun barəsində qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin olunması cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞnin xx.xx.2023-cü il tarixli, T 918/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, V.Y. Süleymanovun tibbi sənədlərinə əsasən sonuncu müayinədə qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə m ol törənmiş zədələnmələr, sağ dirsək oynağını dəlib keçən qəlpə yaralanmasının davamlı qalıq əlamətləri” diaqnoz hazırda əlillik təyinatı səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır. V.Y.X1 kəşfiyyatçıları xəstəxanasında 03xx.xx.1994-cü il tarixlərdə müalicədə olarkən onun sağ saidin yuxarı 1/3-nin ön səthində və sağ bazunun aşağı 1/3-nin içəri səthində yaralar olmuşdur. Həmin yaralar partlamış mərminin qəlpəsinin təsirindən müxtəlif şəraitlərdə, o cümlədən də hərbi xidmət zamanı törənə bilərdi. V.Y. Süleymanovun tibbi sənədlərinə əsasən, sonuncu müayinədə qeyd edilən dioqnozla əlaqədar hazırda onun əlavə bərpa müalicəsini davam etdirməyə zərurət yoxdur. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçının müayinəsi zamanı qoyulmuş diaqnozlar əlillik əlaməti təyin etmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə təyin edilmiş göndərişlərdə qeyd olunan diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlillik təyin edilən xəstəliklərin siyahısında mövcud olmadığından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində əlilliyin bərpa edilməməsi mövqeyi haqlıdır və bu səbəbdən iddia təmin edilməməlidir. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.7-ci maddəsinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar