Məhkəmə qərarları › İş №2-1(114)-53/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-53/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-53/2023 01.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə-iddiaçı) xx.xx.1974-cü il tarixdə Goranboy rayonun Qaramusalı kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İddiaçıya məxsus hərbi biletdəki qeydlərə əsasən iddiaçı xx.xx.N-cü ildən xx.xx.1994cü ilədək N nömrəli hərbi hissənin tərkibində olmuş, xx.xx.1994-cü il tarixli 110 nömrəli əmri ilə N nömrəli hərbi hissənin siyahısına daxil olmuş, xx.xx.1997-ci il tarixli, 302 nömrəli əmri ilə siyahıdan çıxarılmışdır. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli, 9/2-8346 nömrəli arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 63 nömrəli əmrilə (əsas: səh-29, §-2, sıra-103) sıravi hərbi rütbəsində baş atıcı vəzifəsinə təyin olunmuş və Tərtər rayonu Ağdərə istiqamətində gedən döyüşlər zamanı yaralanmış efreytor-döyüş maşını komandiri İddiaçı komandirinin xx.xx.1994-cü il tarixli 106 nömrəli əmrilə (əsas: səh-40, §-7, sıra-23) qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin fevral N və N nömrəli hərbi hissə komandirinin iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və aprel 1997-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə-cavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-2880 nömrəli məktubunla müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü ildə Goranboy royonunun Qaramusalı kəndində anadan olmuş, hal-hazırda Goranboy rayonunun Qaramusalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayıram. O, xx.xx.N-cü il tarixdə Goranboy rayon hərbi komissarlığından toplanışla bağlı həqiqi hərbi xidmətə çağırılaraq bildirişə imza etdirilib, xx.xx.N-cü ildə N saylı hərbi hissəyə hərbi xidmətə yollanmışdır. İ Vətən Müraribəsində iştirak edərək Murovdağ uğrunda,Tər-tər, Goranboy, Kəlbəcər, Ağdərə, Suqovuşan, Gödəkburun, Karyer, Talış, Tərtərin Çaylı kəndi uğrunda gedən qanlı döyüşlərindsə fəal iştirak etmişdir. 12 aprel 1994-cü ildə Suqovuşan-Madagiz uğrunda döyüşlərdə sol qolumdan qəlpə yarası alaraq xx.xx.1994-cü ildən, 10 may 1994cü il tarixə kimi 251 nömrəli hərbi hospitalda müalicə olunmuş, müalicə olunduqdan sonra hərbi xidmətini davam etdirib xx.xx.1997-ci ildə ordudan tərxis olunmuşdur. Göstərdikləri hərbi bileti, arxiv arayışı, xəstələlik vərəqələri və arayışlardan tam təsdiq olunur. Onunla döyüşlərdə iştirak edən şəxslərin hamısı bu gün vetaran olsalar da, iddiaçıya veteranlıq verilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilmir. Bu da onun konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur. Bildirir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edib Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyini nəzərə alıb müharibə veteranı adının və vəsiqəsinin verilməsinə köməklik edilməsini xahiş etsə də, həmin inzibati orqan xx.xx.2022-ci il tarixli, 4/3 2880 saylı məktubla bundan imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2022-ci il tarixli, 11/1812 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında iddianın təmin edilməsini istisna edən hüquqi və faktiki əsasları sadalamışdır. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən "1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2) Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İnzibati iş materiallarında olan Mərkəzi Arxivin 17 avqust 2016-ci il tarixli 9/2-8346 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və aprel 1997-ci il tarıxli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 10 mart 2017-ci il tarixli qərarına əsasən iddiaçıya "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına cavabdehin xx.xx.2023-cü il tarixli, 4/3-2880 nömrəli imtinası, iddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surəti, cavabdehin xx.xx.2022-ci il tarixli, 11/1812 etirazı, əmrlərdən çıxarışlar əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. İddiaçının hərbi biletində onun hərbi xidməti ilə bağlı qeydlər olsa da, həmin qeydlər müvafiq arxiv arayışları, müvafiq əmrlərlə öz təsdiqini tapmamışdır. Belə ki, hərbi biletdəki qeydlərə əsasən xx.xx.N-cü ildən xx.xx.1994-cü ilədək N nömrəli hərbi hissənin tərkibində olmuş, xx.xx.1994-cü il tarixli 110 nömrəli əmri ilə N nömrəli hərbi hissənin siyahısına daxil olmuş, xx.xx.1997-ci il tarixli, 302 nömrəli əmri ilə siyahıdan çıxarılmış olsa da, müvafiq əmrlərin çıxarışlarından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli əmri ilə hərbi hissəyə gəlmiş hesab edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 9 nömrəli əmri ilə ərzaq təminatı ilə təmin edilmiş, xx.xx.1994-cü il tarixli, 63 nömrəli əmrlə baş atıcı vəzifəsinə təyin edilmiş, 16 aprel 1994-cü il tarixli, 106 nömrəl əmrlə Tərtər rayonu Ağdərə istiqamətində gedən döyüşlərdə yaralandığı üçün qazan təminatından çıxarılmış, 24 iyul 1994-cü il tarixli 205 nömrəli əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaralanmış və üç aydan çox stasionar müalicə olunan hərbi qulluqçular – o cümlədən, xx.xx.1994-cü ildə yaralamış iddiaçı tutduqları vəzifədən azad edilmişdir. Lakin N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında isə iddiaçının Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli, 09 nömrəli əmrinə (hansı ki, həmin əmr hərbi hissəni özbaşına tərk etmiş şəxslərin siyahıdan çıxarılması və hərbi biletlərin alınması barədədir) əsasən N nömrəli hərbi hissənin xx.xx.1996-cı il tarixli, 46 nömrəli əmri ilə tərxis edilməsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar