Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-530/2023 14.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı Oktay oğlunun vəkili X4 iştirakı ilə, İddiaçı Oktay oğlunun cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X3 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, özünün və mərhum bibiləri X1 və X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlakının sökülməsi nəticəsində dəymiş 150.000 manat ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mülk xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* saylı çıxarış ilə iddiaçının və mərhum bibiləri X1, X2 adına verilmiş və onların paylı ümumi birgə mülkiyyəti tanınmışdır. Həmin mənzilə dair xx.xx.2016-cı il tarixli texniki pasport verilmişdir. Mülkün yerləşdiyi torpaq sahəsinin həcmi cəmi 736.5 kv.m-dir. Gəncə Şəhər İH-nin keçmiş başçısı Elmar Vəliyev qeyd olunan ünvanda yerləşən mənzili və bağı 2018-ci ildə tamamilə məhv edərək dağıtmışdır. Hal-hazırda yeri boş olaraq qalmaqdadır. İddiaçının vəkili X7 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, sözügedən mənzil 2018-ci ildə sökülmüşdür, Nəzakət Səfərova və Mülayim Səfərova isə iddiaçının bibiləridir, onlar vəfat etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 03/88 nömrəli məktubda bildirilmişdir ki, iddiaçı öz iddia ərizəsində də qeyd etdiyi kimi, ona və mərhum bibilərinə məxsus olmuş əmlak Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı tərəfindən sökülmüşdür. Göründüyü kimi Gəncə Şəhər İcra Hakimiyyətinin hər hansı qanunsuz hərəkətindən söhbət getmir, bir şəxsin öz maraqları üçün həyata keçirdiyi qanunsuz əməllərə görə dövlət qurumu cavab verməli deyildir. Əlavə olaraq bildirilir ki, iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş və üzərinə öhdəlik götürülməmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı Oktay oğlunun iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli, ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı Oktay oğlunun, X1 və X2 adına qeydiyyata alınmışdır. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-4990/2023 nömrəli məktubuna əlavə edilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzilin 2018-ci il üzrə bazar dəyəri 140 000 (bir yüz qırx min) manat müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə həmçinin tələbin mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş və qanunla müəyyən edilmiş müddət çərçivəsində (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən 35 gün keçdikdən sonra) iddia qaldırmışdır. Belə ki, işə əlavə edilmiş “məxaric qəbzi”ndən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamış, lakin cavabdeh tərəfindən müraciətə cavab verilmədiyindən iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsini məhkəməyə təqdim edilməsi üçün poçt xidmətinə vermişdir. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı Oktay oğlunun, X1 və X2 adına qeydiyyata alınmışdır. Qeyd olunan mənzil Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərinin göstərişinə əsasən sökülmüş, lakin mənzilin sahiblərinə müvafiq kompensassiya ödənilməmişdir. Bu səbəbdən də iddiaçı onlara məxsus əmlakın sökülməsi nəticəsində 150.000 manat zərər dəydiyini iddia edərək həmin məbləğin cavabdeh tərəfindən ona ödənilməsini tələb etmiş, lakin cavabdeh onun müraciətinə cavab verməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Cavabdeh orqanın məktubundan göründüyü kimi, sonuncu iddiaçıya və qeyrilərinə məxsus mənzilinin sökülməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı qərar və ya sərəncamın verilmədiyini bildirilmişdir. Məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentini aşağıda qeyd olunanlara əsasən əsassız hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin:- -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. -1.3-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, müvafiq ərazidə tikinti-söküntü işləri birbaşa həmin ərazidəki yerli icra hakimiyyəti orqanının icazəsi və nəzarəti əsasında həyata keçirilə bilərdi. Deməli iddiaçıya vurulmuş ziyanın yaranmasının əsasında cavabdeh hüquqi şəxsin təqsirli hərəkəti dayanır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçının və digər payçıların mülkiyyətində olmuş əmlak cavabdeh tərəfindən sökülmüşdür, lakin onlara müvafiq kompensasiya ödənilməmişdir. Sözügedən mübahisə ilə bağlı məhkəmə bir sıra qanunvericilik aktlarını vurğulamağı məqsədəmüvafıq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşmmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dəymiş maddi ziyanın hesablanması üçün məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edilmiş, həmin orqan tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydə həmin mənzilin 2018-ci il üzrə bazar dəyəri 140 000 (bir yüz qırx min) manat müəyyən edilmişdir. Qeyd edilməlidir ki, sözügedən əmlak iddiaçı ilə yanaşı X1 və X2 ümumi birgə mülkiyyətində olmuşdur, onların isə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı tələbləri olmadığından hüquq varisliyi baxımından vərəsələrinin məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yoxdur. Məhkəmə tələbin qismən təmin edilməsi ilə bağlı qeyd edir ki, sökülmüş mənzilin 2018-ci il üzrə bazar dəyəri 140 000 (bir yüz qırx min) manat müəyyən edildiyindən yuxarıda qeyd olunanlara əsasən iddiaçı qeyd olunan məbləğin 3/1-nə iddia etmək hüququ var. Bu baxımdan da tələb vurulmuş ziyana görə 140 000 (bir yüz qırx min) manat məbləğin 3/1 hissəsində, yəni 46 667 (qırx altı min altı yüz altmış yeddi) manat hissədə qismən təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Gəncə Şəhər İcra Hakimiyyətindən dövlət büdcəsi hesabına 46 667 (qırx altı min altı yüz altmış yeddi) manat pul tutularaq İddiaçı Oktay oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-530/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-530/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver