Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5309/2025 19.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Saləm qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, İddiaçı Saləm qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı JN-827A nömrəli şəhadətnamədə göstərilən koordinatların dəyişdirilərək X1 faktiki istifadəsində və sahibliyində olan torpağa köçürülməsi və Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının verdiyi xx.xx.2024-cü il tarixli 3-48-13F/1-469 nömrəli arxiv arayışında göstərilən Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən mərhum X3 verilmiş 0.24 ha torpaq sahəsinin üzərində mərhum X2 hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Saləm qızı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, JN-827A nömrəli şəhadətnamədə göstərilən koordinatların dəyişdirilərək X1 faktiki istifadəsində və sahibliyində olan torpağa köçürülməsi və Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının verdiyi xx.xx.2024-cü il tarixli 3-48-13F/1-469 nömrəli arxiv arayışında göstərilən Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən mərhum X3 verilmiş 0.24 ha torpaq sahəsinin üzərində mərhum X2 hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər.
3. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə hüquqi yardım barədə sərəncam göndərilərək, cavabdehə eyni məzmunlu tələblə müraciət etməli olduğu bildirilmiş və sadalanan xətanın aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir III.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
7. İddia ərizəsindən göründüyü kimi, iddiaçı tələb olaraq koordinatların dəyişdirilməsi və mülkiyyət hüququnun qeydə alınması barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. Hazırkı iddia tələbi müvafiq olaraq İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növlərinə aiddir və həmin növ iddialar üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə isə iddiaçının cavabdeh orqana müraciəti və onun imtinası mövcud deyildir.
9. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 4-cü bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
10. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır. Hazırkı işdəki imtina məktubu isə yerquruluşu planından çıxarış hazırlanmasına dair ərizənin təminindən imtina ilə bağlıdır.
11. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
12. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva