Məhkəmə qərarları › İş №2-1(114)-531/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-531/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-531/2022 27.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 21.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən 07.08.N-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmış və adına 07.12.N-ci il tarixli H3 ******* nömrəli hərbi bilet verilmişdir. 24.09.N-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan 861 hissəsində əsgər olaraq, hərbi and içmişdir. 04.12.N-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 001 X1 252 nömrəli əmrinə əsasən 04.12.N-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün 001 X1 sərəncamına göndərilmiş və Azərbaycan Respublikası Müdafiə nazrinin 30.09.1996-cı il tarixli 194 saylı əmri ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən 17.11.1996-cı il tarixdə hərbi xidmətdən təxris olunmuşdur. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, o, əvvəlcə N nömrəli hərbi hissədə xidmət etməyə başlamış, sonra xidmətini N nömrəli hərbi hissədə davam etdirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 29.01.2022-ci il tarixli, 11/333 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissəyə daxil olmağı və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə hərbi biletində olan qeydlər arxiv sənədləri ilə təsdiqini tapmadığından “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 07.08.N-ci il tarixli H3 ******* nömrəli hərbi biletdə İddiaçı 03.12.N-ci il tarixdən 17.11.1996-cı il tarixədək N və N nömrəli hərbi hissələrdə hərbi xidmətdə olması və 17.12.N-ci il tarixdən 10.05.1994-cü il tarixədək döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Şəmkir Rayon Hərbi Komissarlığının 1997-ci il avqust tarixli 4/1720 nömrəli arayışında bildirilir ki, İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 01.04.2019-cu il tarixli 9/2-3870 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin 04.12.N-ci il tarixli 324 nömrəli əmrində sürücü sıravi İddiaçı fövqəladə vəziyyət rayonunda olduğu üçün noyabr ayı üçün günlərin üçqat hesablanması, onun N nömrəli hərbi hissə komandirinin 04.12.N-ci il tarixli 324 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə məlumat vardır, bundan əlavə N nömrəli hərbi hissə komandirinin avqust N-ci il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar edilməmiş, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 11.03.2022-ci il tarixli 4/2-1550 nömrəli məktubunda bildirilir ki, N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin 05.12.N-ci il tarixli əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək kəşfiyyatmı baş operator vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissə komandirinin 10.01.1993-13.07.1993-cü il tarixli şəxsi heyət üzrə əmrlərinə əlavələr kitabında onun adı qeyd edilmiş, N nömrəli hərbi hissə komandirinin 07.02.1993-cü il tarixli 38 nömrəli əmrində onun PZM bölük növbətçisi təyin edilməsi barədə məlumat qeyd edilmiş, N nömrəli hərbi hissə komandirinin 03.03.1993-cü il tarixli 62 nömrəli əmri ilə PZM bölük növbətçisi təyin edilmişdir, bundan əlavə N nömrəli hərbi hissənin Mərkəzi Arxivdə olan 04.03.1993-iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin 1993-1994-cü il tarixli əmrlərində onun xidməti barədə məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin 24.11.2021-ci il tarixli 4/3- 1568 nömrəli məktubuinda bildirilir ki, İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazriliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 17.04.2020-ci il tarixli iclasında baxılmış və 681 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının 03.12.Nci il tarixdən 17.11.1996-cı il tarixədək N və N nömrəli hərbi hissələrdə hərbi xidmətdə olması, 17.12.N-ci il tarixdən 10.05.1994-cü il tarixədək döyüşlərdə iştirak etməsi ona məxsus hərbi biletdə qeyd olunsa da onun sonrakı xidməti, eləcə də qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat (hərbi hissə komandirinin müvafiq əmri) yoxdur. Göründüyü kimi iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə qanunvericiliklə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi istisna olunur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar