Məhkəmə qərarları › İş №2-1(114)-531/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-531/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-531/2025 16.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X13 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil, üçüncü şəxslər X1 və X2 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər X6, X7 və Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi) qarşı «qeydiyyata alınma» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə (üçüncü şəxslər X6, X7 və Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi) qarşı «qeydiyyata alınma» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək onun Gəncə şəhəri, Aydınbəyov küçəsi, 53 nömrəli binanın, 49 saylı mənzilinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Aydınbəyov küçəsi, 53 nömrəli binanın, 49 saylı mənzili Kirovabad şəhər XDS İK-nin xx.xx.1973-cü il tarixli, 551 nömrəli orderi əsasında atası X3 və ailəsinin istifadəsinə verilmişdir. Orderdə nənəsi Gülsura Quliyeva, anası Zibeydə Quliyeva, qardaşı Elçin və onun adı qeyd olunmuşdur. Həmin mənzildə böyüyüb başa çatmış və oradan hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət Bakı şəhərində işləməsi ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən 24 saylı yataqxanaya qeydiyyata düşmüşdür. Sonradan ailə qurmuş, arvadı və uşaqları ilə birlikdə qayıdaraq həmin mənzildə yaşamağa davam etmişlər. Özü mübahisəli mənzildə yaşasa da, qeydiyyatı formal olaraq yuxarıda göstərilən yataqxana olmuşdur. Hazırda yaşadığı ünvana qeydiyyata düşmək üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla onun ərizəsinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Çünki, mənzilə dair orderin surətini və arxiv arayışını təqdim etmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə dair məhkəməyə etiraz ünvanlamamışdır. Üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli məktub ünvanlanaraq qeyd olunmuşdur ki, ünvan 2nsındadır. Həmin binanın 49 saylı mənzilinə İddiaçı və onun ailə üzvülərinin qeydiyyata düşmələrinə etiraz etmir. Üçüncü şəxslər X6 və X7 iddia tələbi ilə bağlı məhkəməyə göndərdikləri etiraz ərizəsində qeyd etmişlər ki, cavabdeh inzibati orqanın verdiyi imtina məktubunda onların razılıq ərizələrinin də olması göstərilmişdir. Həmçinin mənzilə dair keçmiş order atalarının adına olsa belə hazırda mənzil onların adına sənədləşdirilmişdir. İddiaçı daimi olaraq Rusiya Federasiyasında yaşamışdır. Onun ikili vətəndaşlığı vardır və bu barədə sübutları təqdim etmişlər. Belə olan halda isə iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməlidir. Bundan başqa iddiaçı tərəfindən Gəncə şəhəri, Aydınbəyov küçəsi, 53 nömrəli binanın, 49 saylı mənzilinə dair istifadə hüququnun olub-olmaması barədə heç bir normativ sənədi və yaxud məhkəmə qərarı yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq onu da göstərdi ki, iddiaçının qeydiyyata düşməsini istədiyi mənzil üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin balansındadır. Həmin orqan iddiaçının qeydiyyata alınmasına razıdır. Məhkəmə iclasında üçüncü şəxs X7 verdikləri etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, özü hazırda Bakı şəhərində yaşayır. Mübahisəli mənzildə isə iddiaçının ailə üzvüləri qalır. İddiaçı uzun illərdir Rusiya Federasiyasında yaşayır və oranın vətəndaşıdır. Aralarında mübahisənin yaranmasına səbəb isə iddiaçının evi adına özəlləşdirib təkbaşına satmaq niyyəti olmuşdur. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X6 verdikləri etiraz ərizəsinin məzmununa uyğun izahat verib, digər üçüncü şəxs X2 göstərdiyi xüsusatları bir daha təsdiq edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh tərəf məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı və üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli mətkubu, Gəncə şəhəri, Aydınbəyov küçəsi, 53 nömrəli binanın, 49 saylı mənzilə dair şəxsi hesab vərəqəsindən çıxarış, Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktubları, Suraxanı rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktubları təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. İddia üzrə Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyata alınması məsələsi onun səlahiyyətlərinə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2 mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Aydınbəyov küçəsi, 53 nömrəli binanın, 49 nömrəli mənzili Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin balansındadır. Mənzilin şəxsi hesab vərəsəqəsi üçüncü şəxslər X6 və X2 adına olsa da, mənzildə iddiaçının arvadı X5 və övladı X4 yaşayır. Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi İddiaçı mənzilə qeydiyyata düşməsinə etiraz etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə»də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə 8. Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Məhkəmə sorğusu əsasında Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən göndərilmiş sənədlərdən müəyyən olmuşdur ki, İddiaçı qeydiyyata düşməsini istədiyi Gəncə şəhəri, Aydınbəyov küçəsi, 53 nömrəli binanın, 49 saylı mənzil Birliyin balansındadır. Hazırda həmin mənzilə dair şəxsi hesab vərəqəsi üçüncü şəxslər X6 və X2 adına olsa da, mənzildə faktik iddiaçının ailə üzvüləri yaşayır. Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi balans sahibi olaraq İddiaçı mübahisəli mənzilə qeydiyyata düşməsinə razıdır. Məhkəmə diqqətə çatdırır ki, işin bu halı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilən şərtlərin mövcudluğuna dəlalət edir. Yəni qeydiyyata alınma üçün lazım olan vətəndaşa məxsus şəxsiyyət vəsiqəsi və vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Odur ki, iddiaçının Gəncə şəhəri, Aydınbəyov küçəsi, 53 nömrəli binanın, 49 saylı mənzil üzrə qeydiyyata alınmasına hər hansı məhdudiyyət yoxdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Gəncə şəhəri, Aydınbəyov küçəsi, 53 nömrəli binanın, 49 saylı mənzilinə qeydiyyata alınması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar