Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-532/2021 07.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi) qarşı adının məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Kəlbəcər Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, C-11-073 nömrəli məktubu ilə iddiaçı məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olduğuna görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.4-cü maddəsinə uyğun olaraq ona verilən vahid aylıq müavinətin ödənişinin dayandırıldığı bildirilmişdir. Müavinətin dayandırılmasını qanunsuz hesab edən İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, dövlət tərəfindən məcburi köçkünlərə verilən imtiyazlardan onun istifadə hüququnun bərpası, 2019-cu ilin yanvar ayından qeyri-qanuni kəsilmiş müavinətin cavabdeh tərəfindən tam ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məlum hadisələr səbəbindən 1993cü ilin aprel ayından Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. 1993-cü ilin oktyabr ayında ailə həyatı qurmuş, iki övladı var. 2011-ci ildə isə həyat yoldaşından boşanmışdır. 2019-cu ilin yanvar ayına qədər dövlət tərəfindən məcburi köçkünlərə verilən imtiyazlardan istifadə etmişdir, 2019-cu ilin yanvar ayından isə məcburi köçkün kimi aldığı müavinət kəsilmişdir. İddiaçı dəfələrlə ona ödənilən müavinətin nə üçün kəsildiyini, eləcə də kəsilmiş müavinətin nə üçün bərpa edilmədiyi barədə Kəlbəcər Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə şifahi və yazılı müraciətlər etsə də, müraciətləri cavabsız qalmışdır. İddiaçı hesab edir ki, hal-hazırda məcburi köçkün statusu ləğv olunmadığı, Kəlbəcər rayonunda qeydiyyatda olduğu və adına hər hansı daşınmaz əmlak olmadığı halda məcburi köçkün kimi aldığı müavinətin kəsilməsi anlaşılan deyil. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 4327/2019 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi əsl cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyəti ilə əvəz edilmiş, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin məhkəmənin eyni tarixli qərardadı ilə iş baxılması üçün Gəncə İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-520/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı adının vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması və qeyd olunan müavinətin 2019-cu ilin yanvar ayından hesablanaraq ödənilməsi öhdəliyinin aidiyyəti hissədə Kəlbəcər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(104)- 768/2020 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-520/2020 saylı qərarı ləğv edilərək iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan məlumata əsasən iddiaçı Cəmilova X1 rayonu, Aşağı Ayrım kənd sakini olmaqla 1993-cü ilin oktyabr ayında işğaldan sonra məcburi köçkün statusu olmayan şəxslə - X3 ilə nikaha daxil olmuş və AZ-İ 138561 nömrəli 2012-ci il 26 yanvar tarixli Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən nikahı ləğv edilmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.4-cü bəndinin tələbinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət verilmir. Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq dayandırılması tam qanuna uyğundur. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı, cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsinə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İPM-in 62.3-cü maddəsi). İş materiallarında olan: - Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, VM-ı/2002 nömrəli arayışından görünür ki, Kəlbəcər rayonu, Y.Ayrım kənd sakini İddiaçı 1993-cü il aprel ayının əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində öz doğma el-obasından məcburi köçkün düşmüşdür. -AA 425383 nömrəli vəsiqənin surətindən görünür ki, Cəmilova X1 rayonundan məcburi köçkün düşmüşdür. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)- 4489/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, X3 ilə İddiaçı arasında xx.xx.1993cü il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri Xətai rayonu VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1185 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. - “Nikahın pozulması haqqında” xx.xx.2012-ci il tarixli, AZ-İ 138561 nömrəli şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmişdir. - Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, C-11-073 nömrəli məktubundan görünür ki, İddiaçı həyat yoldaşının məcburi köçkün statusu olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş « Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.4-cü maddəsinə uyğun olaraq ona verilən vahid aylıq müavinətin ödənişinin dayandırılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, iddiaçı məcburi köçkün statusuna malikdir və məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş, nikahda olduğu dövrdə iki övladı doğulmuş, xx.xx.2011-ci il tarixdə iddiaçının nikahı pozulmuşdur. İddiaçıya ödənilən müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4 və 2.6-cı bəndlərinə əsasən dayandırılmış, iddiaçı məcburi köçkün statusu olduğundan ona məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin verilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı həqiqətən məcburi köçkün statusuna malikdir və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı qəbul edilənədək almışdır. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4 və 2.6-cı bəndlərinə əsasən, yəni məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmaqla ailə qurduğundan və boşandığından ona verilən müavinət dayandırılmışdır. Göründüyü kimi, inzibati orqan tərəfindən müavinətin dayandırılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarına istinad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4 və 2.6-cı bəndlərinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara və valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara məcburi köçkün statusu olan şəxslər üçün nəzərdə tutulan aylıq müavinət verilmir. Məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair» Qaydaların əsas anlayışlar adlanan hissəsindən görünür ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonu (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. «Məcburi köçkün» statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. Həmin qaydaların 4.2-ci bəndinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə; 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatdan çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. «Məcburi köçkün» statusu olmayıb, «məcburi köçkün» şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra «məcburi köçkün» statusu olan şəxs tərəfindən himayə və qəyyumluğa götürülmüş «məcburi köçkün» statusuna malik şəxslərə; 4.2.6. «Məcburi köçkün» statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki və hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Adıçəkilən Qaydaların 4.1.1-ci bəndi ilə iddiaçının məcburi köçkün statusuna malik olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Kabineti tərəfindən xx xxxxxx 2017-ci il tarixli 11 nömrəli Qərarı təsdiq edilmiş köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın tələblərinə uyğun olaraq, ona köçkünlər üçün ödənilən aylıq müavinət təyin edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair etirazda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə istinad olunmuş və iddiaçıya aylıq müavinətin verilməsinin dayandırılmasının qanunauyğun olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 5-bəndinə əsasən yemək xərci üçün aylıq müavinət mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla), məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; müddətli hərbi xidmətdə olan məcburi köçkünlərə; həbsdə olan məcburi köçkünlərə; "məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; "məcburi köçkün" statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən "məcburi köçkün" statusu olan şəxslərə; səfərbərlikdən boyun qaçıran və fərarilik edən şəxslərə verilmir. Göründüyü kimi; "məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə yemək xərci üçün aylıq müavinət verilməməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının məcburi köçkün statusu var və yemək xərci üçün aylıq müavinət ödənilən zaman sözügedən Təlimat qüvvədə olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından həmin qaydanın sonuncuya tətbiqi qanunauyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: 1. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; 2. hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair xx xxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia tələbi təmin edilməli, İddiaçı adının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi öhdəliyi Kəlbəcər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinin tələblərinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı adının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi öhdəliyi Kəlbəcər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-532/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-532/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver