Məhkəmə qərarları › İş №2-1(114)-5327/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-5327/2023

28.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-5327/2023 28.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ASAN Gəncə-2 Mərkəzinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında məhkəmədən kənar qaydada baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ASAN Gəncə-2 Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilat tərəfindən onun adına yazılmış MN ******* nömrəli protokolun və MN ******* nömrəli qərarın ləğv edilməsi və bununla bağlı cavabdeh təşkilatın qarşısında öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, cərimələrin silinməsi tələbi üzrə inzibati mübahisə mövcud olmadığından iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və buna görə iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsipləri və qaydaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dəqiq siyahısı müəyyən edilmişdir. İddiaçının hazırki işdə verdiyi “cərimənin silinməsi” tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları təşkil edir. Nəzərə alınmalıdır ki, inzibati xətalar ilə əlaqədar münasibətlər repressiv xarakterli olduğundan “İnzibati icraat haqqında” Qanunla tənzimlənən münasibətlərdən fərqlidir. “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “Məhkəmələr və hakimlər haqqında” Qanuna görə inzibati xətalara dair işlərə birinci instansiya qismində baxmaq səlahiyyəti rayon (şəhər) məhkəməsinə verilmişdir. Göründüyü kimi “cərimələrin silinməsi” inzibati məhkəmə icraatı qaydasında deyil, inzibati xətalara dair işlər üzrə icraatda həyata keçirilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbit edilmişdir ki, işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 15.3-cü bəndində, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 №-li qərarın 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddia mümkün sayılmasın. İddiaçıya izah olunsun ki, hazırkı tələblə məhkəmə aidiyyəti üzrə cavabdehlərdən birinin olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar