Məhkəmə qərarları › İş №2-1(114)-533/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-533/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-533/2021 31.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı 2009-cu ilin noyabr ayından 2019-cu ilin mart ayınadək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2009-cu ilin noyabr ayından 2019-cu ilin mart ayınadək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 05.11.2019-cu il tarixli 2-1(083)-1730/2019 nömrəli qərarı ilə İddiaçı iddia tələbi qismən təmin edilərək 2016-cı ilin mart ayından 2019cu ilin mart ayınadək müharibə veteranları üçün qanunla müəyyən edilmiş sosial müavinətin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin üzərinə qoyulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş üzrə məhkəmənin qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən Gəncə Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 07.02.2020-ci il tarixli 2-1(104)-192/2020 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2020-ci il tarixli 2-1(102)-1657/2020 nömrəli qərarı ilə qismən təmin edilərək, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 07.02.2020-ci il tarixli 2-1(104)-192/2020 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 26.11.2020-ci il tarixli 2- 1(104)-745/2020 nömrəli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 05.11.2019-cu il tarixli 2-1(083)-1730/2019 nömrəli qərarı ləğv edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. İnzibati iş 08.02.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə daxil olmuşdur. Gəncə İnzibati Məhkəməsinin 08.04.2021-ci il tarixli 2-1(114)-533/2021 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adı verilmiş və müharibə veteranlarına verilən müavinəti almışdır. O, Bərdə rayon Polis şöbəsində işləmiş, 2009-cu il tarixdə təqaüdə çıxmışdır. 2009-cu ildə təqaüdə çıxdıqdan sonra 2019-cu ilin mart ayına qədər olan dövrdə veteranlar üçün nəzərdə tutulmuş sosial müavinəti almamışdır. Bununla bağlı cavabdehə (keçmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ərdə rayon şöbəsi) müraciət etmiş, lakin cavabdeh ona imtina cavabı vermişdir. Bu səbəbdən də cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı müavinətin təyin edilməsi ilə bağlı zəruri sənəd olan veteran vəsiqəsini 20.10.1998-ci ildə almış, iddiaçıya 18.12.2009-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçı 2019-cu ilin mart ayında DSMF-nun Bərdə rayon şöbəsinə müavinətin təyin edilməsi ilə əlaqədar müraciət etmiş, cavabdeh orqan 2019-cu ilin avqust ayında vətəndaşa əsaslı olaraq imtina vermişdir. Belə ki, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində müharibə veteranları üçün əvvəlki üç il üzrə sosial müavinətin təyin edilməsi, bu Qanunun qüvvəyə mindiyi gündən sonra müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödəniş nəzərdə tutulmuşdur. Həmçinin həmin Qanunun 7-ci maddəsi müavinətin təyin olunması şərtlərini tənzimləyir. İddiaçı 2019-cu ilin mart ayında cavabdehə müraciət edərək 2009-2019-cu illərin ödənilməmiş müavinətini tələb etmiş, iddiaçıya 18.12.2009-cu il tarixdə əmək pensiyası təyin edildiyi və həmin qərar hazırda qüvvədə olduğu üçün tələbindən əsaslı olaraq imtina edilmişdir. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini 20.10.1998-ci il tarixli 011846 nömrəli müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin 28.08.2019-cu il tarixli **********2 nömrəli məktubu, iddiaçıya məxsus 022008 nömrəli pensiya işi və cavabdehin 30.04.2021-ci il tarixli **********8 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri» haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiəsi, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyalarının rəyinə əsasən verilir. «Sosial müavinətlər haqqında» Qanunun 1.01.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədi ilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Adı çəkilən qanunun 4.0.1-ci maddəsində bu qanunla müəyyən edilmiş müavinətlərin siyahısı sadalanır. Həmin Qanunun 9.1 və 9.1.5-ci maddələrinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Hazırkı iş üzrə iddiaçıya 21.04.1998-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı adı və vəsiqəsi (bundan sonra mətində vəsiqə) verilmişdir. İddiaçı müavinət təyin edilməsi üçün vəsiqəni 20.10.1998-ci il tarixində əldə etdiyinə görə həmin tarixdən əvvəlki dövrdə iddiaçı «müharibə veteranı» statusuna malik olmadığından və müvafiq müavinətin təyin edilməsi və məbləği barədə hər hansı hüquqi akt olmadığından, ona əvvəlki illər üzrə müavinətin verilməsi mümkün deyil. Ona görə də iddiaçının həqiqətən 2009-cu ilə qədər müavinət alıb-almaması, iddiaçıya 2009-cu ildən pensiya təyin olunub-olunmaması barədə məlumatlar mübahisənin həlli üçün həlledici rol oynamır. Bununla bərabər məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin «Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında» 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən, aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək məqsədi ilə bəzi kateqoriya vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlər müvafiq müavinətlərlə əvəz edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2005-ci il 11 iyul tarixli 257 nömrəli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilsin və bu məqsədlə «Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanının 1-ci bəndinin doqquzuncu abzasının əvvəlində «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə» sözləri əvəz edilsin. 2007-ci il 22 yanvar tarixli 514 nömrəli «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanın 3-cü bəndində 2001-ci il 26 dekabr tarixli Fərmanın 1-ci bəndinin 6-cı abzası qüvvədən düşmüş hesab edilmişdir. 2006-cı ilin yanvar ayının 1-dən qüvvəyə minmiş «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 7.0.6-cı maddəsinə əsasən, kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası almaq hüququ olmadıqda təyin olunur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 022008 nömrəli pensiya işindən görünür ki, iddiaçıya 18.12.2009-cu il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilərək hər ay 270.03 manat ödənilir. Hazırda isə «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanının 2.1.1-ci bəndinə əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (X2 iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü verilir. Həmin Fərmanın 5-ci bəndinə əsasən bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının əlaqəli təhlilindən göründüyü kimi cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı 2009-cu ilin noyabr ayından 2019-cu ilin mart ayınadək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar