Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-534/2025 24.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Göygöl rayonu Göygöl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 122 nömrəli qərarı ilə iddiaçıya satılmış Göygöl şəhərində yerləşən 577 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 259 nömrəli rəyə əsasən iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi 0,06 hektar olmaqla, Xanlar bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi yararsız olmaqla satılması qanunamüvafiqdir. Həmin torpaq sahəsi Xanlar rayonunun (şəhərinin) zona bölgüsündə İ zonaya aiddir. İddiaçıya ayrılacaq 0,06 hektar (20x30) torpaq sahəsinin yerquruluşu planından çıxarış DTXK-nin Xanlar rayon şöbəsinin mütəxəssisi E.Ş.Əliyev tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə torpaq alqı-satqısı məqsədilə bələdiyyənin hesabına 260 manat ödəniş edilmişdir. DT və XK rayon şöbəsinin mütəxəssisi E.Əliyev, X3 Yanğın Nəzarət İdarəsinin Böyük İnspektoru daxili xidmət baş leytenantı Ü.Abbasov, Rayon Baş Sanitar həkimi H.Kərimov, Xanlar Bələdiyyəsinin üzvü M.Ocaqverdiyev və iddiaçının iştirakı ilə yerində baxış keçirilərək Xanlar Bələdiyyəsinin şəhər daxili ərazisindəki yararsız torpaq sahəsindən Bakı-Hacıkənd yolunun sağ tərəfindən 0,06 hektar ayrılıb iddiaçıya maşınların təmiri sexinin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmiş, bu barədə tərtib edilmiş akt Xanlar Bələdiyyəsinin sədri tərəfindən xx.xx.2007-ci il tarixdə təsdiq edilmişdir. Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 122 saylı qərarına əsasən iddiaçıya bələdiyyənin şəhər daxili ərazisindəki yararsız torpaq sahəsindən Bakı-Hacıkənd yolunun sağ tərəfindən 0,06 hektar ayrılıb maşınların təmiri sexinin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır (2-ci bəndi). Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş tarixsiz 580 nömrəli arayışa əsasən iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi Gəncə-Qazax rayonuna aiddir. Həmin torpaq sahəsi yararsız olmaqla, cəmi 0,06 hektardır və normativ qiyməti 204 manatdır. xx.xx.2007-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2007-ci il tarixdə 1253 nömrə ilə Xanlar rayon torpaq şöbəsində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı xx.xx.2013-cü il tarixdə X2 kitabında 738 nömrə ilə uçota alınmış A408357 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həyətyanı torpaq sahəsinin planı və ölçüsü sənədi 15 saylı Tovuz Ərazi idarəsinin arxivində mövcuddur. Göygöl rayonu Göygöl Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 551 nömrəli məktubuna əsasən Göygöl (Xanlar) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 122 saylı qərarı hazırda qüvvədədir. İddiaçı Göygöl şəhərində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş müayinə aktına əsasən sənəd üzrə 0,06 ha torpaq sahəsi olsa da, faktiki 0,0948 ha torpaq sahəsi istifadə olunur. Torpaq sahəsinin sərhədləri daş hasarla bərkidilmişdir. Qonşu torpaq sahələri ilə həmsərhəddir. İcazəsiz tikililər yoxdur. Torpaq sahəsi ilə sənəd məlumatları arasında ölçü və konfiqurasiya fərqi mövcuddur. Torpaq sahəsi DWG məlumatlarına əsasən kənd təsərrüfatlı torpaqlarda örüş ərazisinə düşür. Elektron baza məlumatlarına əsasən isə torpaq sahəsi yerləşən ərazinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası sənaye və istehsalat, mülkiyyət növü isə dövlət kimi qeyd edilmişdir. Torpaq sahəsinin cənub-şərq istiqaməti boyunca 4,04 metr məsafədən 6-10 kVt-luq hava elektrik xəttinin keçir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-0875/2024 nömrəli məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu, belə ki, faktiki torpaq sahəsinin Yeni uçot xəritəsinə əsasən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) ərazisinə düşdüyü müəyyən edilmişdir. Həmçinin, faktiki torpaq sahəsinin üzərindən yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan) elektrik xəttinin keçdiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl şəhərində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Göygöl rayonu Göygöl bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 122 nömrəli qərarı ilə iddiaçıya satılmış Göygöl şəhərində yerləşən 577 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizədə qeyd olunanlarla eyni məzmunda izahat vermişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-2426/2024 nömrəli etirazında imtina əsaslarını təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, faktiki torpaq sahəsinin üzərindən, torpaq sahəsini cənub-şərq istiqaməti boyunca 4,04 metr məsafədən 6-10 kVt-luq yüksək gərginlikli elektrik xəttinin keçdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na (EQQ-1985 bənd 2.5.115) riayət edilməmişdir. Bu qaydalara əsasən 6 kV-luq elektrik xəttindən ara məsafəsi 10 metr və 110 KV-luq elektrik xəttindən isə 20 metr məsafəsi olmalıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 4239/2024 nömrəli məktubuna əsasən A seriyalı 408357 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki 0,06 ha torpaq sahəsi üzərinə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Əlaqə olaraq, faktiki torpaq sahəsi Kompleks Yerquruluşu planına (DWG) əsasən kənd təsərrüfatı təmiz örüş torpağına, Yeni uçot xəritəsinə (TEKUİS və AZCAD) əsasən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (İslahat uqodiyası-təmiz örüş, alt uqodiyası və uqodiyası-karxana) torpağa düşdüyü müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinin cənub-şərq istiqaməti boyunca 4,04 metr məsafədən 6-10 kVt-luq hava elektrik xəttinin keçdiyi aşkar olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2045/2024 nömrəli qərardadı ilə Göygöl rayonu Göygöl bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs Göygöl rayonu Göygöl bələdiyyəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Cavabdehin və üçüncü şəxsin nümayəndələrinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-534/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iştirakı zəruri olan üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmədən qanunauyğun qərar qəbul olunmasını xahiş etmişdir. Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş və xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: 1) Xanlar (indiki Göygöl) bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 122 saylı qərarı, xx.xx.2013-cü il tarixli 738 nömrə ilə İddiaçı adına uçota alınmış A- 408357 nömrəli (**********1205) plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsi və iddiaçının oğlu Nümayəndə naturada təqdim etdiyi faktiki istifadəsində olan 940.0 kv.m tospaq sahəsi, Xanlar (indiki Göygöl) rayonu Heyvandarlıq təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Göygöl bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2009-cu il tarixli yerquruluşu planına istinadən mülkiyyəti - bələdiyyə mülkiyyəti, kateqoriyası - kənd təsərrüfatı təyinatlı torpaqları, təyinatı - təmiz örüş sahəsidir. A- 408357 nömrəli (**********1205) plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsi və iddiaçının oğlu Nümayəndə naturada təqdim etdiyi faktiki istifadəsində olan 940,0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AzCAD məlumatlarına istinadən, mülkiyyəti – dövlət mülkiyyəti, kateqoriyası – kənd təsərrüfatı təyinatlı torpaqları, təyinatı – (AZCAD-da) sənaye və istehsalat, (TEKUİS-də) isə karxana kimi göstərilmişdir. 2) Xanlar (indiki Göygöl) bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 122 saylı qərarı, xx.xx.2013-cü il tarixli 738 nömrə ilə İddiaçıandına uçota alınmış A-408357 nömrəli (**********1205) plan va ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 ky.m torpaq sahəsinin 577.0 kv.m hissəsi iddiaçının oğlu Nümayəndə naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. 3) İddiaçının oğlu Nümayəndə naturada təqdim etdiyi faktiki istifadəsində olan 940.0 kv.m torpaq sahəsi üzərində inşa edilmiş (daş hasar) tikili aşkarlandı. A-408357 nömrəli **********1205) plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsinin müəyyən hissəsində inşa edilmiş (daş hasar) tikili aşkarlandı. 4) A-408357 nömrəli (**********1205) plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsinin şərq istiqamətindən 8.0 - 13.0 metr yaxınlığından və İddiaçının oğlu Nümayəndə naturada təqdim etdiyi faktiki istifadəsində olan 940.0 kv.m torpaq sahəsinin cənub-şərq istiqamətindən 4.0 metr yaxınlığından hava clektrik ötürücü xəttinin keçdiyi müşahidə olundu. Lakin, həmin elektrik ötürüçü xəttinin gərginliyi barədə məlumat olmadığına görə, mühafizə zonasına düşməsini müəyyən etmək tərafimizdən mümkün olmamışdır. Həmin 600.0 kv.m və 940.0 kv.m torpaq sahəsinin elektron baza materiallarına istinadən, qaz kəmərinin qorunma zolağına, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatl obyektlərin mühafizə zonasına düşməsi halı aşkarlanmadı. Xanlar (indiki Göygöl) bələdiyyəsinin 26 oktyabr 2007-ci il tarixli 122 saylı qəran, xx.xx.2013-cü il tarixli 738 nömrə ilə İddiaçı adına uçota alınmış A- 408357 nömrəli (**********1205) plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsi və iddiaçının oğlu Nümayəndə naturada təqdim etdiyi faktiki istifadəsində olan 940.0 kv.m torpaq sahəsi üzərində, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış, hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədi ilə üst-üstə düşmə halı aşkarlanmadı. Tətbiq edilən hüquq: Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər.. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:
1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Xanlar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya 0.06 ha torpaq sahəsinin alğı-satqı yolu ilə satılması məqsədəuyğun hesab edilmişdir. xx.xx.2007-ci il tarixli “Torpaqların alğı-satqısına dair” aktı ilə 0.06 ha torpaq sahəsi iddiaçıya ayrılmış, iddiaçı tərəfindən əvvəlcədən Xanlar Bələdiyyəsinin hesabına 260 manat haqq ödənilmişdir. Hazırda torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə iddiaçıya bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. İddiaçı torpaq sahəsinin adına qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan torpaq sahəsinin Kompleks Yerquruluşu planına (DWG) əsasən kənd təsərrüfatı təmiz örüş torpağına, Yeni uçot xəritəsinə (TEKUİS və AZCAD) əsasən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (İslahat uqodiyası-təmiz örüş, alt uqodiyası və uqodiyası-karxana) torpağa aid olmasına istinad edir. İş üzrə keçirilmiş mütəxəssis rəyi ilə də, mübahisəli torpaq sahəsinin 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Göygöl bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2009-cu il tarixli yerquruluşu planına istinadən mülkiyyəti bələdiyyə mülkiyyəti, kateqoriyası - kənd təsərrüfatı təyinatlı torpaqları, təyinatı - təmiz örüş sahəsi olması, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AzCAD məlumatlarına istinadən, mülkiyyəti – dövlət mülkiyyəti, kateqoriyası – kənd təsərrüfatı təyinatlı torpaqları, təyinatı – (AZCAD-da) sənaye və istehsalat, (TEKUİS-də) isə karxana kimi göstərilmişdir. Həmin imtina əsası ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 259 saylı rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla satılması nəzərdə tutulan yararsız torpaq sahəsi olduğu qeyd edilmişdir. Vurğulamaq lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Göründüyü kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir. Eyni zamanda torpaq sahəsinə dair Xanlar rayon Bələdiyyəsinin yerquruluşu planından çıxarış da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Həmçinin, Xanlar Rayonu Bələdiyyəsinin ərazisindəki torpaq sahəsindən ayrılıb iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2007-ci ildə tərtib edilmiş akt da DT və XT-nin Xanlar rayon şöbəsi tərəfindən də təsdiq edilmişdir. Həmçinin, iddiaçıya bələdiyyənin xx.xx.2007-ci il tarixli, 122 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin bank hesabına ödənilmişdir. Odur ki, 2007 və 2008-ci illərdə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur (Azərbaycan Respublikasının Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-716/2024 nömrəli qərarı ). Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək torpaq sahəsinin dəyərini ödəmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 20 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Digər tərəfdən, cavabdehin digər imtina əsası torpaq sahəsinin üzərindən yüksək gərginlikli (mühafizə zolağı 10 metr olan) elektrik xəttinin keçməsidir. Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Məhkəmə mübahisəsi başlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7). Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”ə əsasən Bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər (1.4). Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir. Başqa sözlə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması - bunun üçün əsaslar yarandığı halda, istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır. Bununla belə, məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, A-408357 nömrəli (**********1205) plan va ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 ky.m torpaq sahəsinin 577.0 kv.m hissəsi iddiaçının oğlu Nümayəndə naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı tərəf də məhz üst-üstə düşən 577,0 kv.m hissədə hüquqların qeydə alınmasını xahiş edir. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən hallar mövcud olmadığından, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Göygöl (Xanlar) Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 122 saylı qərarı ilə verilmiş 577 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zəfər Quliyev