Məhkəmə qərarları › İş №2-1(114)-5343/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5343/2025

23.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5343/2025 23.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Naftalan şəhəri, X1 küçəsi, 9B ünvanında yerləşən 0.094040 ha torpaq sahəsi üzərində İddiaçı oğlunun mülkiyyət hüququ ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, habelə həmin torpaq sahəsinə dair A№994380 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçı oğlu (bundan sonra mətndə - iddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək Naftalan şəhəri, X1 küçəsi, 9B ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-21-3-46/2-2349/2025 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərmişdir ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən fərdi yaşayış evinin çoxmənziili yaşayış binası kimi inşa edildiyi aşkar olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında yeləşən 0.094040 ha xüsusi mülkiyyət növündə torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Tərtər rayonu, Səhləbad kəndində yerləşən 0,11 ha torpaq sahəsi onun mülkiyyətindədir. O, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tələb olunan sənədləri müvafiq dövlət orqanına müraciət edərək tikinti üçün icazə almış, bundan sonra evi inşa edib başa çatdırmışdır. İnşa etdiyi fərdi yaşayış evi üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması məqsədi ilə cavabdehə müraciət etmiş,lakin cavabdeh xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 2651/2025 nömrəli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərək ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. O, hesab edirəm ki, cavabdehin inşa etdiyi fərdi yaşayış evi üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtinası tamamilə əsassız və qeyri-qanuni olduğu üçün onun hüquqlarını pozur. Məhkəmənin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. TEKUİS- məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla xüsusi mülkiyyətə aid tikili altı torpaq sahəsidir.

2. Yuxarda qeyd edilən torpaq sahəsi üzərində başqa şəxsin, və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmayıb.

3. İddiaçı tərəfindən naturada göstərdiyi torpaq sahəsi üzərində mühəndis komunikasiya xətləri mövcud olmadığından qaz kəmərinin mühafizə zolağına, elektirik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür.

4. Yuxarda qeyd edilən 0.094040 ha torpaq sahəsi hər hansı digər şəxslərin hüquqlarına toxunmur. 5.Cavab: İddiaçının faktiki istifadə etdiyi 0.0990 ha torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. 6.İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin üzərində tikilmiş tikilinin en və uzunluq ölçüləri 12.5 x 31 metrdi tikili altı torpaq sahəsi isə 0.038 ha təşkil edir, tikilinin hansı tarixdə tikilməsi və tikilinin vəziyyəti haqda qoyulan sualın cavablandırılması səlahiyətlərimiz daxilində deyil. 7.Təqdim edilən sənəd və göstərilən torpaq sahəsi üzərindəki mövcud tikili A № 994380 nömrəli planı və ölçüsü sənədinin hüdudları daxilində yerləşir. 8.Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanda yerləşən 0.094040 ha torpaq sahəsi ayrıldığı zaman kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aid olmuşdur. 9.Faktiki istifadə etdiyi 0.0990 ha torpaq sahəsinin 0.094040 ha hissəsi üst -üstə düşür .

10. İddiaçının faktiki istifadə etdiyi (naturada təqdim edilən) torpaq sahəsi A №994380 nömrəli planı və ölçüsü sənədində qeyd edilmiş 1:1000 miqyas ilə uyğunluq təşkil edir

11. Torpaq sahəsinə dair rəy “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə əsasən hazırlanmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2026-cı il tarixli 3-16-16/2-10/7214/2025 nömrəli rəyində qeyd edilmişdir ki, Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) 0.094040 ha torpaq sahəsinin ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın ikinci, beşinci və altıncı sualları üzrə - baxış zamanı aparılmış ölçü işləri nəticəsində müəyyən olunmuşdur ki, tədqiq olunan fərdi yaşayış evinin tərkibində olan tikililər, tikililərin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə sənədinin texniki göstəricilərinə uyğundur. Tədqiq olunan fərdi yaşayış evinin tərkibində olan tikililər, fərdi yaşayış evinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri layihə sənədinin göstəricilərinə uyğun olduğundan və layihədən kənara çıxma halı olmadığından həmin tikililər tikinti-norma və qaydalarına uyğun inşa edilmişdir. Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında inşa edilmiş tikilinin iki yaşayış mərtəbəsindən ibarət olduğunu, binanın hündürlüyünün 0.00 səviyyəsindən 6.40 metr, aşırımların uzunluğunun isə 4.0- 6.0 metr təşkil etdiyini nəzərə alaraq, sözügedən fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin 80.1 və 80.2 bəndlərinin tələblərinə uyğun inşa edildiyi müəyyən edilmişdir. Qərardadın üçüncü və dördüncü sualları üzrə Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında inşa edilmiş tikilinin iki yaşayış mərtəbəsindən ibarət olduğunu, binanın hündürlüyünün 0.00 səviyyəsindən 6.40 metr, aşırımların uzunluğunun isə 4.0- 6.0 metr təşkil etdiyini nəzərə alaraq, çoxmənzili yaşayış binası olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında inşa edilmiş tikilinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.1.1 və 13.2 -ci bəndlərinə əsasən yaşayış evi olduğu müəyyən edilmişdir. Qərardadın yeddinci sualı üzrə- Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətini,təmirli olduğunu, kommunikasiya (su,işıq, və .s.) xətləri ilə təchiz olunduğunu nəzərə alaraq,sözügedən fərdi yaşayış evinin istismara yararlı olduğu müəyyən edilmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh qismində iştirak edən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, ona mülkiyyət hüququ ilə məxsus olan Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında yeləşən torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçının hüquqi marağı onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki, cavabdeh orqan fərdi yaşayış evinin çoxmənziili yaşayış binası kimi inşa edilməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları: 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.5-1. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəyin verilməsi ilə bağlı tələblər bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində inşa ediləcək elektrik stansiyasının tikinti layihəsinə şamil edilmir və tikintiyə icazə icraatı məqsədləri üçün həmin tikinti layihəsi şəhərsalma sənədlərinə uyğun hesab edilir 75.6. Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir 75.14. Tikintiyə icazə verildiyi andan dərhal icazədə nəzərdə tutulmuş məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Məhkəmə ilk növbədə qeyd edir ki, zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qeyd edilənlərə əsasən hazırki halda Bərdə Rayon İcra Hakimiyyətinin, Naftalan Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi zəruri hesab edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizanın rəyinin məzmunundan müəyyən edilir ki, tədqiq olunan fərdi yaşayış evinin tərkibində olan tikililər, tikililərin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə sənədinin texniki göstəricilərinə uyğundur, fərdi yaşayış evinin tərkibində olan tikililər, fərdi yaşayış evinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri layihə sənədinin göstəricilərinə uyğun olduğundan və layihədən kənara çıxma halı olmadığından həmin tikililər tikinti-norma və qaydalarına uyğun inşa edilmişdir, Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında inşa edilmiş tikilinin iki yaşayış mərtəbəsindən ibarət olduğunu, binanın hündürlüyünün 0.00 səviyyəsindən 6.40 metr, aşırımların uzunluğunun isə 4.0- 6.0 metr təşkil etdiyini nəzərə alaraq, sözügedən fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin 80.1 və 80.2 bəndlərinin tələblərinə uyğun inşa edilmişdir, Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında inşa edilmiş tikilinin iki yaşayış mərtəbəsindən ibarət olduğunu, binanın hündürlüyünün 0.00 səviyyəsindən 6.40 metr, aşırımların uzunluğunun isə 4.0- 6.0 metr təşkil etdiyini nəzərə alaraq, çoxmənzili yaşayış binası olmadığı müəyyən edilmişdir, Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında inşa edilmiş tikilinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.1.1 və 13.2 -ci bəndlərinə əsasən yaşayış evidir, Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətini,təmirli olduğunu, kommunikasiya (su,işıq, və .s.) xətləri ilə təchiz olunduğunu nəzərə alaraq,sözügedən fərdi yaşayış evinin istismara yararlıdır. Cavabdeh orqan imtinasında fərdi yaşayış evinin çoxmənziili yaşayış binası kimi inşa edilməsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməli olmasına istinad etsə də, ekpert rəyi ilə cavabdehin imtinasında qeyd olunan halların özəksini tapmadığı müəyyən olunmuşdur. Belə ki, ekspert rəyindəndə aydın olur ki, Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında inşa edilmiş tikilinin iki yaşayış mərtəbəsindən ibarət olduğunu, binanın hündürlüyünün 0.00 səviyyəsindən 6.40 metr, aşırımların uzunluğunun isə 4.0- 6.0 metr təşkil etdiyini nəzərə alaraq, sözügedən fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin 80.1 və 80.2 bəndlərinin tələblərinə uyğun inşa edilmişdir. Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında inşa edilmiş tikilinin iki yaşayış mərtəbəsindən ibarət olduğunu, binanın hündürlüyünün 0.00 səviyyəsindən 6.40 metr, aşırımların uzunluğunun isə 4.0- 6.0 metr təşkil etdiyini nəzərə alaraq, çoxmənzili yaşayış binası olmadığı müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh orqanın imtinası əsassız olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Naftalan şəhəri, X1 küçəsi 9 B ünvanında yeləşən torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar