Məhkəmə qərarları › İş №2-1(114)-5353/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-5353/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5353/2025 13.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X4 xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyytində olan Göygöl rayon Mollacəlilli kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair izibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli ********** nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025ci il tarixli 3-21-3-33/2-9757/2025 nömrəli cavab məktubuna və ona əlavə olunmuş sənədlərə əsasən Göygöl rayon Mollacəlilli kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışına və Elektron Məhkəmə informasiya sistemindən çıxarışa əsasən xx.xx.1990-cı il təvəllüdlü X2 rayon Mollacəlilli kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır.

3. İddiaçı üçüncü şəxs xx.xx.1990-cı il təvəllüdlü X4 ona məxsus olan Göygöl rayon Mollacəlilli kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2025-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin Göygöl rayon Mollacəlilli kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

4. Məhkəmə sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 77/2-16594/25 nömrəli cavab məktubundan müəyyən olunur ki, xx.xx.1990-cı il təvəllüdlü X6 xx.xx.2003-cü ildən Göygöl rayon Mollacəlilli kəndində daimi pasport qeydiyyatındadır.

5. Məhkəmənin sorğusuna Göygöl RİHB Mollacəlilli kənd İƏD üzrə nümayəndəliyinin cavab məktubunda bildirilmişdir ki, Əliyeva (Qarayeva) X7 rayonu Mollacəlilli kəndində yaşamır və yaşadığı ünvan məlum deyil.

6. Elektron Məhkəmə informasiya sistemindən çıxarışa əsasən İddiaçı qohumluq məlumatlarından müəyyən olunur ki, X6 onun qızıdır. II. Məhkəmədə icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X4 onun mülkiyyətində olan Göygöl rayon Mollacəlilli kəndində yerləşən mülkdən qeydiyyatdan çıxarılmasının öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X6 onun doğma qızıdır. Qızı Şəfəq 2011-ci ildə ailə həyatı quraraq Gəncə şəhərinə köçüb və həmin vaxtdan ona məxsus mənzildə yaşamır. 2022-ci ildə isə 2-ci dəfə Türkiyə Respublikasının vətəndaşı ilə ailə həyatı quraraq oraya köçüb və daimi olaraq orada yaşayır. Ona görə də onun qeydiyyatı formal olaraq qalır. Bildirir ki, qızının onun evində qeydiyyatda olması onun üçün əlavə kommunal xərcdir. Ona görə o, əlavə kommunal ödəyir. Beləliklə də hesab edir ki, üçüncü şəxs ona məxsus xüsusi mülkiyyətdə olan evdə qeydiyyatda qalmaqda davam etməsi bir mülkiyyətçi olaraq onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu məsələ ilə bağlı, yəni iş üzrə X4 ona məxsus Gəncə şəhəri, Tağı Arani küç, ev 23, 9 saylı Göygöl rayon Mollacəlilli kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin Cavabdehndən məktubla qanunvericiliyin müvafiq maddələrinə əsaslanaraq onun ərizəsinə rəsmi qaydada cavab olaraq bildirilmişdir ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. III. İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

10. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

11. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh yerləşdiyi Göygöl şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-5353/2025 nömrəli qərardadı ilə X8 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2026-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onun iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdeh orqanın və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

20. İddiaçının nümayəndəsi X5 şifahi baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

22. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqlarn Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli ********** nömrəli çıxarışa əsasən Göygöl rayon Mollacəlilli kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Üçüncü şəxs xx.xx.1990-cı il təvəllüdlü X6 iddiaçının qızı olmaqla xx.xx.2003-cü il tarixdən sözügedən evdə qeydiyyatdadır, lakin faktiki olaraq həmin ünvanda yaşamır. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.

23. İddiaçı üçüncü şəxsin ona məxsus evdə qeydiyyatının formal olduğunu və bunun onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

25. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxs in yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir.

26. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

27. İş materialları ilə müəyyən edilir ki, X1 evin mülkiyyətçisi İddiaçı qızı olmaqla, xx.xx.2003-cü il tarixdən həmin evə qeydiyyata alınmışdır.

28. Ona görə də, X4 mübahisəli evdən istifadə hüququnun mövcud olubolmaması mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Həmin icraat zamanı X4 mübahisəli mənzilə istifadə hüququnun olmadığı müəyyən ediləcəyi halda, həmin qərar onun qeydiyyatdan çıxarılması üçün əsas ola bilər.

29. Göründüyü kimi, hazırkı halda iddiaçı cavabdeh orqana “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı birini təqdim etmədiyinə görə cavabdeh orqanın üçüncü şəxsin qeydiyyatdan çıxarmadan imtinası əsaslı olmuşdur.

30. Ona görə də, iddia təmin edilməməlidir.

31. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar